Məhkəmə qərarları › İş №8(017)-89/2025

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №8(017)-89/2025

16.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 8(017)-89/2025 16.09.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, Paşayev Şamxal Yəhya oğlunun katibliyi, Borclu və Tələbkar iştirakı ilə Borclu Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(017)-1266/2024 nömrəli qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Borclu Quliyev X2 Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(017)-1266/2024 nömrəli qətnaməsinin hissə-hissə icra olunmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Borclu ərizəsini dəqiqləşdirərək verdiyi izahatında göstərdi ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(017)-1266/2024 nömrəli qətnaməsi ilə ondan (Borclu) dövlət rüsumu ilə birlikdə 9688 manat məbləğində pulun alınaraq Tələbkar verilməsi qət edilmişdir. Qətnamə ilə müəyyən edilmiş borcu bir dəfəyə ödəmək üçün heç cür maddi imkanı yoxdur. Qətnamə ilə razılaşmış, keçən müddət ərzində çətinliklə də olsa poçt vasitəsilə borcundan 200 manat ödəniş etmişdir. Qətnamənin icrasından boyun qaçırmır. Əvvəl hər ay hissə-hissə 70 manat ödəməyə imkanı olduğunu demişdir. Lakin sonra həmin pulu da ödəyə bilməyəcəyini bildi. Ona görə də tələbkara olan borcundan hər ay hissə-hissə 20 manat ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Tələbkar izahat verərək göstərdi ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(017)-1266/2024 nömrəli qətnaməsinə əsasən Borclu ümumilikdə 9688 manat məbləğində pulun alınaraq ona verilməsi qət edilmişdir. Bu gün üçün həmin puldan borclu ona heç bir ödəniş etməmişdir. Borclu istəsə həmin pulu ödəyə bilər. Arpa əkib, satıb pulunu götürüb, amma ona heç bir ödəniş etməmişdir. Onun pulunun borcludan bir dəfəyə alınıb verilməsini və ərizənin rədd edilməsini xahiş etdi. Məhkəmə borclunun və tələbkarın izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Borclu Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(017)-1266/2024 nömrəli qətnaməsinin hissə-hissə icra olunması barədə ərizəsi təmin olunmamalıdır. Belə ki, iş materiallarından görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(017)-1266/2024 nömrəli qətnaməsi icraya yönəldilmiş, icra olunması üçün Ağcabədi rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində göstərilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə görə tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi “Mirzəyev Azərbaycana qarşı” 03 dekabr 2009-cu il tarixli iş üzrə qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin hüquq və vəzifələrinə aid iddiasının məhkəmə və ya tribunal qarşısına çıxarılması hüququnu təmin edir; bu mənada, o, “məhkəmə hüququnu” ehtiva edir ki, mülki məsələlərdə icraatı başlamaq hüququ olan məhkəməyə müraciət etmək hüququ onun bir aspektidir. Lakin Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemləri yekun məhkəmə qərarının bir tərəfin zərərinə hərəkətsiz qalmasını mümkün edərsə, bu hüquq xəyali olar. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tərəflərə verilən prosessual təminatları ədalətli, açıq və sürətli məhkəmə araşdırmaları - təfsilatı ilə izah etməsi müqabilində, məhkəmə qərarlarının icrasının qorunmaması ağlasığmaz olar; Konvensiyanın 6-cı maddəsini yalnız məhkəməyə müraciət etmək və araşdırılmaların nəticələnməsi hüququnu verən kimi şərh etmək, Razılığa gələn X1 ratifikasiya edərkən üzərilərinə götürdükləri qanunun aliliyi prinsipi ilə zidd olan vəziyyətlərə gətirib çıxara bilər. Buna görə, Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması “araşdırmanın” ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, məhkəmə qərarının təxirə salınması elə tərzdə olmamalıdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə müdafiə olunan hüququn mahiyyətinə zərər vursun. Hakimiyyət orqanları məhkəmə qərarını icra etmək üçün hərəkət etmək öhdəliyi altında olduqda və bunu etmədikdə, onların hərəkətsizliyi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi üzrə Dövlətin məsuliyyətinə səbəb ola bilər. Hazırkı iş üzrə məhkəmənin mövqeyi ondan ibarətdir ki, iş üzrə iddiaçı tərəf qətnamənin hissə-hissə icra olunmasını qəti şəkildə etiraz edir, qətnamənin çıxarıldığı vaxtdan hazırkı dövrə kimi borclu tərəfindən borc tələbkar tərəfə ödənilməmişdir. Ona görə də məhkəmə ərizənin təmin edilməməsi nəticəsinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Borclu Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(017)-1266/2024 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar