Məhkəmə qərarları › İş №8(017)-96/2025

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №8(017)-96/2025

11.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 8(017)-96/2025 11.07.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə Ağcabədi Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli, 2(017)-42/2022 nömrəli qətnaməsi əsasında müəyyən edilmiş alimentin məbləğinin indeksasiya edilməsi barədə ərizəçi Tələbkar ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Ərizəçi Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək, Ağcabədi Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli, 2(017)-42/2022 nömrəli qətnaməsi əsasında 26 iyul 2019-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən edilmiş aliment miqdarının minimum əmək haqqı miqdarına indeksasiya edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, Ağcabədi Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli, 2(017)-42/2022 nömrəli qətnaməsi əsasında əsasında 26 iyul 2019-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Lakin həmin məbləğ uşağın saxlanması üçün bəs etmir. Belə ki, həmin alimnet uşağın təlabatını ödəmir. Ona görə də, Ağcabədi Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli, 2(017)- 42/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının minimum əmək haqqı miqdarına indeksasiya edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş ərizəçi Tələbkar və Borclu heç bir üzürlü səbəb olmadan məhkəmə iclasında iştirak etmirlər və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsaslanaraq ərizəyə ərizəçinin və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış sənədləri araşdıraraq, hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Ağcabədi Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli, 2(017)-42/2022 nömrəli icra vərəqəsindən görünür ki, 26 iyul 2019-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin Tələbkar xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə görə alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Qanununa görə Azərbaycan Respublikasında 2025-ci ildə ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 400 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanılmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini «xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir). Həmin qərarın 8.4-2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-nin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericiliklə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 misli təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Məhkəmə hazırda indeksasiya edilməli olan alimentin Ağcabədi Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli, 2(017)-42/2022 nömrəli qətnaməsi ilə təyin olunmasını, Azərbaycan Respublikasında 2022-ci ildə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 300 manat məbləğində müəyyən edilməsini və minimum aylıq əmək haqqının məbləğinin xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilməsini nəzərə alaraq, hesab edir ki, ərizə təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli, 2(017)-42/2022 nömrəli qətnaməsinə əsasən tutulan aliment məbləği indeksasiya edilməli, 26 iyul 2019-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,33 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 232, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Ərizə təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli, 2(017)-42/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunsun. 26 iyul 2019-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,33 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar