Məhkəmə qərarları › İş №8(018)-20/2024

Astara Rayon Məhkəməsi Qərardad — İş №8(018)-20/2024

27.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 8(018)-20/2024 27.02.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclas katibi Hacızadə Hacı Yusif oğlunun katibliyi, ərizəçi Tələbkar vəkili Vəkil, nümayəndəsi Nümayəndə3, Astara şəhəri, Ş.Qasımov adına 4 saylı tam orta məktəbin nümayəndəsi Nümayəndə1 və Lənkəran-Astara Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə Astara Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(018)-770/2021 saylı icra sənədi üzrə Maraqlı şəxs böyük icra məmuru X1 “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” 10 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsi və Astara Rayon Məhkəməsinin 2(018)-770/2021 saylı, 30 iyun 2021-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə Tələbkar tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar şikayət ərizəsində göstərmişdir ki, Astara Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(018)-770/2021 saylı qətnaməsinə əsasən onun iddiası qismən təmin edilərək, Astara şəhər 4 saylı tam orta məktəbində psixoloq vəzifəsindən azad edilməsi barədə 31 mart 2021-ci il tarixli, 29 saylı əmrin ləğv edilməsi, onun Astara şəhər 4 saylı tam orta məktəbində psixoloq vəzifəsinə bərpa olunması və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. Astara Rayon Məhkəməsinin 2(018)- 770/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsi icra edilməsi üçün Astara rayon İcra və Probasiya şöbəsinə, həmin icra şöbəsindən isə icra olunması üçün Maraqlı şəxsnə göndərilmişdir. Həmin icra sənədi 03 iyul 2023-cü il tarixdə Maraqlı şəxs icra məmuru G.Mehdiyevin icraatına daxil olmuşdur. Bundan sonra həmin icra sənədi icra edilməsi üçün Lənkəran-Astara Regional Təhsil İdarəsinə göndərilmiş, 06 iyul 2023-cü il tarixdə idarəyə daxil olmuşdur. Maraqlı şəxs icra məmuru Gündüz Mehdiyev icra sənədi üzrə müəyyən edilmiş yuxarıda sadalan üç tələbin heç biri tam və icra sənədində müəyyən edilmiş icra üsuluna və qaydasına riayət olunmaqla icra olunmamışdır. Buna baxmayaraq icra məmuru tərəfindən əsassız olaraq 10 yanvar 2024-cü il tarixli ‘İcra sənədi üzrə icraata xitam verilməsi barədə” qərar qəbul edilmişdir. Aşağıdakılara əsasən hesab etmişdir ki, Maraqlı şəxs böyük icra məmuru G.Mehdiyevin “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” 10 yanvar 2024-cü il tarixli Qərarı ləğv edilməli və Astara Rayon Məhkəməsinin 2(018)-770/2021 saylı, 30 iyun 2021ci il tarixli icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir: 1) Qeyd olunduğu kimi icra sənədi üzrə tələblərdən biri iddiaçı Tələbkar məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsindən ibarət olmuşdur. İcra sənədində tələbkara bütün məcburi işburaxma dövrü üzrə əmək haqqının ödənilməsi qət edilsə də, borclu tərəfindən məcburi işburaxma dövrünün yalnız ilk 3 aylıq hissəsinin ödənişi aparılmış, həmin ödənişin özü belə natamam qaydada həyata keçirilmiş, tələbkarın əvvəlki iş stajı və sair nəzərə alınmamışdır. Təsadüfi deyildir ki, şikayətə əlavə edilmiş KM7 saylı, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından da görünür ki, tələbkara məcburi iş buraxma müddəti üzrə əmək haqqı qismində həmin məbləğin cüzi bir hissəsi, yəni 1427 (bir min dörd yüz iyirmi yeddi) manat ödənilmişdir. Həmçinin, Astara şəhər Ş.Qasımov adına 4 nömrəli tam orta məktəbin direktoru Nümayəndə1 79 nömrəli, 19 oktyabr 2023-cü il tarixli əmrinin 4-cü bəndində Tələbkar məcburi iş buraxma müddəti üçün 3 (üç) aylıq əmək haqqının ödənilməsi qərara alınmışdır. Göründüyü kimi, icra sənədində tələbkara bütün məcburi iş buraxma dövrü üzrə əmək haqqının ödənilməsi qət edilsə də, icra sənədini icra edən borclu müəssisənin rəhbəri icra sənədinin konkret tələbinə zidd olaraq tələbkara bütün məcburi iş buraxma dövrü üzrə deyil, həmin dövrün yalnız 3 aylıq hissəsinin əmək haqlarının ödənilməsi barədə göstəriş vermiş, qalan hissəsinin ödənilməsi ilə bağlı heç bir tədbir görülməmiş, lakin buna baxmayaraq icra məmuru qanunsuz və əsassız olaraq icra sənədi üzrə icraata xitam vermişdir. Qeyd edilmişdir ki, Astara Rayon Məhkəməsinin icraatında olmuş 2(018)-770/2021 saylı mülki işin materiallarından da göründüyü kimi iddiaçı Tələbkar tələbi heç də yalnız “müəyyən dövr üzrə əmək haqqlarının ödənilməsi”, “işəgötürənlə müəyyən dövr əmək haqqlarının ödənilməsi üzrə haqq-hesabın aparılması”, yaxud “müəyyən dövr üzrə ödənilməmiş əmək haqqlarının işəgötürəndən tutularaq işçiyə ödənilməsi” kimi tələblər olmamış, iddiaçının tələbi konkret olaraq məcburi işburaxma dövrü üzrə - yəni işçinin qanunsuz olaraq işdən çıxarıldığı gündən işə bərpa olunacağı günə kimi əmək haqqlarının ödənilməsindən ibarət olmuşdur. Borclu isə qanunsuz, əsassız olaraq və özbaşınalıqla icra sənədi üzrə tələbi öz mülahizəsi əsasında müəyyən dövrlə məhdudlaşdırmış, bununla da icra sənədi üzrə tələbin mahiyyətini dəyişərək onu məcburi iş buraxma müddəti üzrə əmək haqqının ödənilməsi tələbindən müəyyən dövr üzrə ödənilməmiş əmək haqqlarının ödənilməsi tələbinə çevirmiş, icra məmuru da bu qanunsuzluqla razılaşmışdır. Həmçinin, məhkəmənin nəzərinə çatdırılmışdır ki, həm borclu, həm də icra məmuru daha öncə Astara rayon Məhkəməsinə məcburi iş buraxma müddəti üzrə əmək haqqının ödənilməsi müddətinin gətirdikləri mülahizələr əsasında konkret vaxt intervalı ilə məhdudlaşdırılması istiqamətində icra sənədinə izah verilməsi ilə bağlı müraciət etmiş, Astara rayon məhkəməsinin 8(018)-137/2023 saylı xx.xx.2023-cü il tarixli Qərardadına və Astara rayon məhkəməsinin 8(018)-130/2023 saylı 29.08,2023-cü il tarixli Qərardadına əsasən həm icra məmurunun, həm də Astara Rayon Məhkəməsinin 2(018)-770/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsinin izah edilməsinə dair borclu Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini müvvəqəti icra edən Rəhim Rəhimov tərəfindən verilmiş ərizə əsassız olduğu üçün təmin edilməməsi qərara alınmışdır. Eyni zamanda qeyd edilmişdir ki, Astara rayon Məhkəməsi borclunun ərizəsini rədd edərək onun istinad etdiyi mülahizələr əsasında qətnaməyə məcburi iş buraxma müddətini məhdudlaşdırıcı izah verməkdən imtina etməklə yanaşı, əslində həmin qətnaməyə Astara rayon Məhkəməsinin 8(018)-137/2023 saylı xx.xx.2023-cü il tarixli Qərardadının əsaslandırım hissəsində aşağıdakı hüquqi mövqeyi ilə dolayısı ilə konkret izah vermişdir: Məhkəməyə daxil olmuş ərizədən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs böyük icra məmuru Gündüz Mehdiyev ərizəsində Tələbkar hansı dövr üçün əmək haqqının ödənilməsini xahiş etmişdir. Ancaq Astara Rayon Məhkəməsinin 2(018)-770/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsindən görünür ki, Tələbkar hər hansı haldan asılı olmaya məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi qət edilmişdir. Bu hal qətnamədə aydın surətdə ifadə edilmişdir. Ona görə də qətnamənin izah edilməsinə lüzum yoxdur. ”Göründüyü kimi istinad olunan qərardadın əsaslandırıcı hissəsindəki “hər hansı haldan asılı olmayaraq” ifadəsi həm də icra məmurunun və Lənkəran-Astara Regional Təhsil İdarəsinin müvafiq ərizələrində məcburi iş buraxma dövrünün məhdudlaşdırılması tələbini əsaslandırmaq üçün istinad etdikləri mülahizələri və halları da ehtiva edir. Bununla yanaşı, “İcra haqqında” Qanunun 71-ci maddəsinə əsasən işçini işə bərpa etmək haqqında icra sənədi borclu tərəfindən icra edilmədikdə, icra məmuru bu Qanunla nəzərdə tutulmuş tədbirləri görməklə yanaşı, işə bərpa etmək haqqında qərar çıxarıldığı gündən icra sənədinin icra olunduğu günə qədər bütün müddət üçün orta əmək haqqının və ya əmək haqqı fərqinin işçiyə ödənilməsi haqqında qərardad çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət edir. Həmin ərizə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunur. Yuxarıda qeyd olunduğu kimi, Astara Rayon Məhkəməsinin 2(018)-770/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsi icra edilməsi üçün Astara rayon İcra və Probasiya şöbəsinə, həmin icra şöbəsindən isə icra olunması üçün Maraqlı şəxsnə göndərilmiş, 03 iyul 2023-cü il tarixdə şöbəyə icra məmuru G.Mehdiyevin icraatına daxil olmuş, icra edilməsi üçün Lənkəran-Astara Regional Təhsil İdarəsinə göndərilmiş, 06 iyul 2023-cü il tarixdə idarəyə daxil olmuşdur. Tələbkar isə məhz bundan bir- neçə ay sonra işə bərpa olunmuşdur. İcra məmuru G.Mehdiyev “İcra haqqında” Qanunun 71-ci maddəsinin tələbini icra etməmiş, işə bərpa etmək haqqında qərar çıxarıldığı gündən icra sənədinin icra olunduğu günə qədər bütün müddət üçün orta əmək haqqının və ya əmək haqqı fərqinin işçiyə ödənilməsi haqqında qərardad çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Göründüyü kimi icra məmuru “İcra haqqında” Qanunun 71-ci maddəsində müəyyən edilmiş konkret vəzifəsini icra etmədən icra sənədi üzrə icraata tələsik, kortəbii və heç bir tələb icra olunmadan xitam vermişdir. “İcra haqqında” Qanunun 1-1-ci maddəsinə əsasən icra qanunvericiliyi qanunun əliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. “İcra haqqında” Qanunun 40.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi zamanı xüsusi biliklər tələb edən məsələləri izah etmək üçün icra məmuru öz təşəbbüsünə və ya tərəflərin ərizəsinə əsasən mütəxəssis (bir neçə mütəxəssis) dəvət edir və bu barədə icra məmuru tərəfindən müvafiq qərar qəbul olunur. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti haqqında Əsasnamə”nin 3.1.1-ci bəndinə əsasən Xidmətin vəzifələrindən biri də öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlilliyi olan şəxslərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirməkdən ibarətdir. Göründüyü kimi icra məmuru əmək haqqı ödənişlərinin hesablanması və təmin edilməsi və işçinin əmək hüquqlarının bərpası ilə bağlı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X3 Xidmətindən də ekspert dəvət etməmiş, xüsusi bilik tələb olunduğu halda əmək haqqı hesablamalarını da öz mülahizələri əsasında aparmışdır. Ərizəçi Tələbkar şikayətin təmin edilməsini, Maraqlı şəxs böyük icra məmuru X1 “icra sənədi üzrə icraata xitam verilməsi barədə” 10 yanvar 2024-cü il tarixli, 217226-23 saylı qərarının ləğv edilməsi və Astara Rayon Məhkəməsinin 2(018)-770/2021 saylı, 30 iyun 2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Tələbkar vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Astara Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qətnaməsində 31 mart 2021-ci il tarixli, 29 saylı əmrin ləğv edilməsi göstərilsə də, qətnamə qismən icra edilmişdir. Qeyd olunan əmrin ləğv edilməsi ilə bağlı Tələbkar əmək kitabçasında hər hansı qeyd aparılmamış, həmçinin Əmək Müqaviləsi bildirişləri Alt Sisteminə də bununla bağlı hər hansı bildiriş daxil edilməmişdir. Borclu müəssisə tərəfindən işçinin qanunsuz olaraq işdən çıxarılması ilə bağlı müvafiq əmrin qüvvədən düşməsi formal olaraq bəyan edilmiş, həmin əmrin ləğvi və hüquqi nəticələrinin aradan qaldırılması istiqamətində heç bir praktiki və real tədbir görülməmişdir. 15 sentyabr 2023-cü il tarixli əmrə əsasən psixoloq vəzifəsinə bərpa olunmasına dair 3 (üç) ay sınaq müddətli əmək müqaviləsi bağlanmış və 15 dekabr 2023-cü il tarixdə müqaviləyə xitam verilmişdir. Lakin, bu tələb icra sənədində müəyyən edilmiş icra üsuluna zidd formada icra olunmuşdur. Borclu təşkilat tərəfindən 3 aylıq ödəniş olmuşdur. Əlavə olaraq vəkil bildirmişdir ki, icra sənədinin icrası dövründə icra məmuru ilə müəyyən vaxtlarda əlaqə saxlanıldığı zaman borclu təşkilata xəbərdarlıq olunduğu və könüllü icra edilmədiyi halda inzibati protokol tərtib edilərək məhkəməyə müraciət ediləcəyini göstərsə də, sonradan işin xitam olunduğu bizə məlum olmuşdur. Həmin yazışmalardan çıxarış məhkəməyə təqdim edilir. Qeyd olunan məsələ ilə bağlı X3 Xidmətinə tərəflərindən müraciət olunduğu, və müraciətin cavabındada lakin qətnamə üzrə qismən 3 aylıq ödəniş edildiyi göstərilmişdir. Buda qətnamənin tam şəkildə icra edilməməsinin sübutudur. Odur ki, vəkili olduğu Tələbkar ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi Tələbkar etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, nümayəndəsi olduğu Tələbkar onun oğludur. Astara Rayon Məhkəməsinin 2(018)-770/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsi üzrə ödənilməli olan pul məbləği ödənilməmişdir. Pul məbləği tam şəkildə ödənilməlidir. Onlara pul məbləğinin ödənildiyini bildirirlər, lakin ödəniş olunmamışdır. Odur ki, nümayəndəsi olduğu Tələbkar ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Lənkəran-Astara Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, işə bərpa və borcun ödənilməsi ilə bağlı 2021ci ildə məhkəmə işi başa çatmışdır. Məhkəmə qərarının icrası ilə bağlı icra vərəqəsi idarəyə daxil olduğunda məlum olmuşdur ki, işə bərpa bir mənalı aydındır. Tələbkar müqavilə əsasında müddətli fəaliyyət göstərmişdir. Müddətli işi müdətsiz tələb etmişdir. Məhkəmə qətnaməsində qeyri müəyyənlik var. Tələbkar müddətli işdən çıxmış, sonra işə bərpa edilmişdir. Həmin vaxt Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə məsləhətləşmişdik. Tələbkar əlavə ödəniş edilməsi üçün nazirlik tərəfindən ciddi araşdırma aparılır. Tələbkar ona düşən məbləği 3 illik hesablanmalı olduğunu bildirir. Ödəniş edilib-edilməməsi barədə X6 Qanun var. Vəkil qeyd edir ki, qətnamədə əmək müqaviləsi müddətsiz yazılıb, lakin qətnamədə müqavilə müddətli qeyd edilib və tərəflərindən Tələbkar işə bərpa edilmiş və ödəniş ödənilmişdir. Ona görə də hesab edir ki, icra işinə düzgün olaraq xitam verilmişdir. Tələbkarın şikayəti əsaslı deyil, məhkəmədən ərizənin təmin olunmamasını xahiş edir. Borclu Astara şəhəri, Ş. Qasımov adına 4 saylı tam orta məktəbin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin məsləhətçisinin fikirləri ilə tam razıdır. Tələbkar işə test imtahanı ilə qəbul olunmamışdır. Müqaviləsi pandemiya dövrünə düşdüyündən sınaq müddəti 3 ay uzadılmış və mart ayında müqaviləyə xitam verilmişdir. Psixoloqların işə qəbulu həmin dövrdə müddətsiz olmadığından karantin dövründə müddətsiz müqavilə bağlanılmadı. Ona görə də hesab edir ki, ərizəçinin şikayəti təmin olunmamalıdır. Məhkəmə hesab edir ki, Tələbkar şikayəti təmin edilməli, Maraqlı şəxs böyük icra məmuru X2 tərəfindən qəbul edilmiş “icra sənədi üzrə icraata xitam verilməsi barədə” 10 yanvar 2024-cü il tarixli, 217226-23 saylı qərar ləğv edilməli və Astara Rayon Məhkəməsinin 2(018)-770/2021 saylı, 30 iyun 2021-ci il tarixli icra sənədi yenidən icraya yönəldilməlidir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Maraqlı şəxs böyük icra məmuru X2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Astara Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(018)-770/2021 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Tələbkar Astara şəhər 4 saylı tam orta məktəbində psixoloq vəzifəsindən azad edilməsi barədə 31 mart 2021-ci il tarixli, 29 saylı əmri ləğv edilmiş, Əliyev X4 şəhər 4 saylı tam orta məktəbində psixoloq vəzifəsinə bərpa olunmuş və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. Astara Rayon Məhkəməsinin 2(018)-770/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsi icra edilməsi üçün Astara rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, 06 sentyabr 2021-ci il tarixdə şöbənin icraatına götürülmüşdür. Astara Rayon İcra və Probasiya Şöbəsinin 05 iyun 2023-cü il tarixli qərarı ilə Astara Rayon Məhkəməsinin 2(018)-770/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsi “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən ərazi aidiyyatı üzrə Maraqlı şəxsnə göndərilmişdir. Astara Rayon Məhkəməsinin 2(018)-770/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsi 03 iyul 2023-cü il tarixdə Maraqlı şəxs böyük icra məmuru Gündüz Mehdiyevin icraatına daxil olmuşdur. İcra sənədi icra edilməsi üçün 03 iyul 2023-cü il tarixdə Maraqlı şəxs tərəfindən Lənkəran-Astara Regional Təhsil İdarəsinə göndərilmişdir. İşə əlavə olunan ərizənin surətindən görünür ki, Astara Rayon Məhkəməsinin 2(018)-770/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnamənin izah edilməsi ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən ərizə ilə Astara Rayon Məhkəməsinə müraciət olunmuş və Astara Rayon Məhkəməsinin 8(018)-137/2023 saylı, 29 avqust 2023cü il tarixli qərardadına əsasən ərizə təmin edilməmişdir. İşə əlavə olunan Astara şəhər 4 saylı tam orta məktəbin 15 sentyabr 2023-cü il tarixli, 54 saylı əmrinin surətindən məlum olur ki, Əliyev X4 şəhər 4 saylı tam orta məktəbində 15 sentyabr 2023-cü il tarixdən psixoloq vəzifəsinə bərpa olunmuş və onunla 3 (üç) aylıq sınaq müddətli əmək müqaviləsi bağlanmışdır. İşə əlavə olunan "xxxx" ASC-nin KM7 saylı, 06 dekabr 2023-cü il tarixli ödəniş tapşırığına əsasən Tələbkar hesabına 3 (üç) aylıq əmək haqqı olaraq 1427,77 (bir min dörd yüz iyirmi yeddi manat, yetmiş yeddi qəpik) manat ödəniş edilmişdir. İşə əlavə olunan Maraqlı şəxs 10 yanvar 2024-cü il tarixli qərarına əsasən Astara Rayon Məhkəməsinin 2(018)-770/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsi tam icra olunduğundan “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədinə xitam verilmişdir. Maraqlı şəxs böyük icra məmuru Gündüz Mehdiyev 217068/23-22 saylı, 13 fevral 2024-cü il tarixli məktubla Astara Rayon Məhkəməsinə müraciət edərək 10 yanvar 2024cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində göstərilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsi icra sənədi üzrə icraata xitam verilməsi və 23-cü maddəsi isə icra sənədinin qaytarılması ilə bağlı məsələləri tənzimləyir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; icra sənədi tam icra olunduqda. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikasının Konstitusiyasında, mülki prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində deyilir ki, mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. “Hörnosbi Yunanıstana qarşı” 19 mart 1997-ci il tarixli işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq” qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir. Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət №59498/000.ECHR.2002). Daha sonra, həmin işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçilərin xeyrinə çıxarılmış məhkəmə qətnaməsinin uzun müddət icra olunmaması, onların Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təminat verilən mülkiyyət hüququnu pozmuşdur. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 176-cı maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 20 iyul 2023-cü il tarixli Qərarında şərh olunmuşdur ki, əmək haqqının hüquqi təyinatı işçinin maddi və mənəvi ehtiyaclarının qarşılanmasını təmin etməklə yanaşı, həm də, məhz dövlətin Əsas Qanun ilə müəyyən edilmiş ali məqsədinə, hər bir vətəndaşın rifahı, layiqli həyat səviyyəsi ilə bağlı öz üzərinə götürdüyü öhdəliklərin icrasına nail olmaqdan ibarətdir. Çünki hər bir insan faydalı əməklə (fəaliyyətlə) məşğul olduğu təqdirdə bunun müqabilində əmək haqqı almalıdır ki, bununla da özünün və ailəsinin maddi və mənəvi tələbatlarını (ehtiyaclarını) ödəmiş, dövlətin isə xalqın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaqla bağlı öhdəliyinin icrası təmin edilmiş olsun. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” 11 aprel 2023-cü il tarixli Qərarında şərh olunmuşdur ki, işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Əmək müqaviləsinin şərtlərindən biri vaxtında işçiyə əmək haqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər. Şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.). Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxılarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ aktla müəyyən edilməli və işəgötürənin müvafiq öhdəlikləri yaranmış olmalıdır. Əmək haqqının hüquqi mühafizəsinin formalarından biri əmək haqqının toxunulmazlığıdır. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında şərh olunmuşdur ki, işçi əmək münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürənin işçiyə münasibətdə tam maddi məsuliyyəti müəyyən edilmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Astara Rayon Məhkəməsinin 2(018)- 770/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsi iki ildən artıq bir müddətdə icra edilməmiş qalmış, yalnız Astara şəhər 4 saylı tam orta məktəbinin direktorunun 15 sentyabr 2023-cü il tarixli, 54 saylı əmri ilə Əliyev X4 şəhər 4 saylı tam orta məktəbində 15 sentyabr 2023-cü il tarixdən psixoloq vəzifəsinə bərpa olunmuş və onunla 3 (üç) aylıq sınaq müddətli əmək müqaviləsi bağlanmışdır. Bundan başqa "xxxx" ASC-nin KM7 saylı, 06 dekabr 2023-cü il tarixli ödəniş tapşırığına əsasən Tələbkar hesabına 3 (üç) aylıq əmək haqqı olaraq 1427,77 (bir min dörd yüz iyirmi yeddi manat, yetmiş yeddi qəpik) manat ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, belə olan halda hazırki icra sənədi üzrə icraata xitam verilməməli idi. Belə ki, məhkəmə qətnaməsində və icra sənədində tələbkara bütün məcburi iş buraxma dövrü üzrə əmək haqqının ödənilməsi qət edilsə də, icra sənədini icra edən borclu müəssisənin rəhbəri icra sənədinin konkret tələbinə zidd olaraq, tələbkara bütün məcburi iş buraxma dövrü üzrə deyil, həmin dövrün yalnız 3 aylıq hissəsinin əmək haqlarının ödənilməsi barədə göstəriş vermişdir. Məhkəmə hesab edir ki, məcburi iş buraxma dövrü dedikdə, işçinin qanunsuz olaraq işdən azad olunduğu vaxtdan onun işə bərpa olunduğu vaxtadək olan müddət nəzərədə tutulur və həmin dövr üçün olan əmək haqqları mübahisəsiz olaraq işəgötürən tərəfindən işçiyə tam həcmdə ödənilməlidir. Sadalanan qanunvericilik aktı normalarını və işin halların əsas götürən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Maraqlı şəxs böyük icra məmuru Gündüz Mehdiyevin 10 yanvar 2024-cü il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarı ləğv edilməli və Astara Rayon Məhkəməsinin 2(018)-770/2021 saylı, 30 iyun 2021-ci il tarixli icra sənədi yenidən icraya yönəldilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 266-269, 395-396-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Tələbkar tərəfindən verilmiş şikayət ərizəsi təmin edilsin. Astara Rayon Məhkəməsinin 2(018)-770/2021 saylı, 30 iyun 2021-ci tarixli icra sənədi barədə Maraqlı şəxs böyük icra məmuru Gündüz Mehdiyev tərəfindən qəbul edilmiş 10 yanvar 2024-cü il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərar ləğv edilsin. Astara Rayon Məhkəməsinin 2(018)-770/2021 saylı, 30 iyun 2021-ci tarixli icra sənədi yenidən icraya yönəldilsin. Qərardaddan 10 (on) gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar