Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 8(019)-122/2025 12.09.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, X9 qızının katibliyi, cavabdeh X4 iştirakı ilə, İddiaçı X2 cavabdeh X6 qarşı “pul” tələbinə dair iş üzrə Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(019)-646/2022 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1nın ərizəsinə məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X5 cavabdeh X6 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, X3 33.000 (otuz üç min) manat əsas borcun, borc məbləğini gecikdirdiyinə görə 3.300 (üç min üç yüz) manat faizin və ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumu məbləğinin, ümumilikdə cəmi 36.500 (otuz altı min beş yüz) manat məbləğlərinin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli e-2(019)-646/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh X3 əsas borca görə 33000 (otuz üç min) manat, borc məbləğinin gecikdirilməsinə görə 2750(iki min yeddi yüz əlli ) manat və ödənilmiş 200 manat dövlət rüsumu xərcinin 196(bir yüz doxsan altı) manatı, cəmi 35946 (otuz beş min doqquz yüz qırx altı) manatın alınıb X2 xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. X1 qətnamənin hissə-hissə icra edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin e-2(019)-646/2022 nömrəli iş üzrə xx.xx.2022 nömrəli qətnaməsi qəbul edildikdən sonra hər ay əmək haqqının yarısı mislində (200 manat) məbləğində ödənişləri həyata keçirmişdir. Bu məbləğ qətnamənin qəbul edildiyi tarixdən bugünə qədər 2575 manat təşkil etmişdir. Lakin iddiaçı bununla razılaşmayıb mövcud məbləğin tam ödənilməsini istəyir. İddiaçı ilə məhkəmədən kənar danışıqlar ilə iddia tələbində göstərilən məbləğin ödənilməsini hissə-hissə həyata keçirə biləcəyini və ailə vəziyyətinin o qədər də qənaətbəxş olmadığını bildirmişdir. Ona aylıq 400 manat əmək haqqı ilə çalışdığını, ailə vəziyyətinin ağır olduğunu bildirmişdir. Ailədə yeganə işləyən şəxsdir və aldığı əmək haqqına yalnız gündəlik tələbatlarının minimum təminatına kifayət edir. Bundan əlavə himayəsində 18 yaşlı qız övladı var. Onun təhsilinə, tərbiyəsinə və həyat keyfiyyətinə xüsusi diqqət yetirir və buda müəyyən əlavə xərclərə səbəb olur. Keçmiş həyat yoldaşı ilə nikahları pozulmuşdur. Qızının 18 yaşı tamam olmasına baxmayaraq keçmiş həyat yoldaşı qızının saxlanılmasına müəyyən qədər maddi kömək edir. Bundan əlavə hazırki proseslə əlaqədar olaraq ailəsi və yaxın qohumları tərəfindən də fərqli aylarda maddi kömək göstərilir. Qətnamə üzrə borc məbləğini ödəmək niyyətindədir, lakin bu yalnız müəyyən müddət ərzində hissə-hissə ödəməklə mümkündür. Hazırda iddiaçının borc məbləğini tezliklə ödəməyini bildirməsi real görsənmir. Amma iddiaçıya hissə-hissə ödənilməsi şərti ilə hər ay 400 manat məbləğində əməkhaqqı məbləğinin yarısını ödəmək şərti ilə mövcud borc məbləğini ödəyə bilər. Bu qaydada borcun tam ödənilməsi təmin olunacaq və əlavə hüquqi problemlərin də qarşısı alınacaqdır. Məhkəmə iclasında X1 ərizəsini müdafiə edərək ərizəsinin məzmununa uyğun izahat verərək ərizəsinin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tələbkar məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 231.2-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə sözügedən məsələyə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 dekabr 2015-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələni həll etdikdə, təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi”nin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). MPM-in 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə işin hallarını, X1 tərəfindən tələbkar X2 xeyrinə ödənilməli olan məbləğin 35946 manat olmasını (ərizədə 2575 manat ödəndiyi göstərilsə də bu barədə heç bir sübut ərizəyə əlavə olunmamışdır), icra sənədinin xx.xx.2023-cü il tarixində icraya yönəldilməsini, hər ay 200 manat ödəniləcəyi halda borcun ödənməsi üçün 15 ilə yaxın vaxt lazım olacağını, bunun isə tələbkarın mənafeyinə ciddi zərər vuracağını, qətnamənin hissə-hissə icra edilməsi üçün heç bir müstəsna hal olmamasını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməməlidir. Yuxarıda qeyd olunanları və MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı X2 cavabdeh X6 qarşı “pul” tələbinə dair iş üzrə Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1nın ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: H.Q.Səlimov
Məhkəmə qərarları › İş №8(019)-122/2025
Balakən Rayon Məhkəməsi Qərardad — İş №8(019)-122/2025
12.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver