Məhkəmə qərarları › İş №8(020)-1/2025

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №8(020)-1/2025

06.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 8(020)-1/2025 06.01.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X6, Ərizəçi (icra sənədi üzrə borclu) X4 iştirakları ilə X1 Rayon Məhkəməsinin 2(064)-146/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədinin icrasına möhlət verilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Füzuli Rayon Məhkəməsinin 2(064)-146/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə X3 Tələbkar xeyrinə 17.000 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb verilməsi qət edilmişdir. X1 Rayon Məhkəməsinin 2(064)-146/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə razılaşmamış və həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(106)- 2208/2021 saylı qərarı ilə X4 apellyasiya şikayəti təmin edilməmişdir. X2 Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(106)- 2208/2021 saylı qərarından narazı qaldığına görə həmin qərardan kassasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(106)-2208/2021 saylı qərarı kassasiya qaydasında baxılaraq dəyişdirilmədən saxlanılmışdır. X7 ərizə ilə məhkəməyə müraciət edərək, X1 Rayon Məhkəməsinin 2(064)-146/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədinin icrasına 6 ay müddətinə möhlət verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Tələbkar Füzuli rayon Məhkəməsində ona qarşı 17.000 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun alınıb onun xeyirinə verilməsini barədə iddia qaldırmışdır. Füzuli Rayon Məhkəməsinin 2(064)- 146/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə Tələbkar iddiası təmin edilmişdir. Lakin o, həmin qərar ilə razılaşmamış və apellyasiya şikayəti vermişdir. Həmin qərardan verdiyi apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(106)-2208/2021 saylı qərarı ilə təmin edilməmişdir. O, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(106)-2208/2021 saylı qərarından da kassasiya şikayəti vermişdir. Ancaq şikayəti təmin olunmamış, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(106)-2208/2021 saylı qərarı dəyirişdirilmədən saxlanılmışdır. Füzuli rayon Məhkəməsinin qətnaməsi icra edilməsi üçün aidiyyəti üzrə onun yaşadığı rayon üzrə Beyləqan rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar icra məmuru tərəfindən şöbəyə çağırılmış, ona hüquq və vəzifələri izah olunmuş və izahatı alınmışdır. İzahatında icra sənədi üzrə borcunu tam olaraq ödəmək üçün maddi imkanının olmadığını, borcundan ilk olaraq 3000 manat daha sonra isə hər ay 500 manat olmaqla hissə-hissə ödəniş edə biləcəyini bildirmişdir. O, icra sənədi üzrə borcundan Tələbkar xx.xx.2024-cü il tarixdə 3.000 (üç min) manat, xx.xx.2024-cü il tarixdə 500 (beş yüz) manat, xx.xx.2024-cü il tarixdə isə 500 (beş yüz) manat olmaqla ümumilikdə 4000 manat ödəniş etmişdir. Lakin hal-hazırda maddi imkanı yaxşı deyil. Belə ki, onun 68 yaşı var. Mülkiyyətində hər hansı bir daşınar və daşınmaz əmlakı yoxdur. 4 nəfərlik ailə üzvü ilə birlikdə yaşayır və onların heç biri işləmir. Aldığı məvaciblə həm dolanışacağını təmin etməyə, həm də kredit borclarını ödəməyə çalışır. Eyni zamanda Füzuli rayonundan məcburi köçkündür. Bu səbəbdən Tələbkar olan borcunu ödəməkdə çətinlik çəkir. Onun dövlətə və məhkəmə qərarına hörmətsizlik etmək kimi bir niyyəti yoxdur. Lakin qeyd etdiyi səbəblərdən dolayı borcunu qaytara bilmir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmədən Tələbkar ödəməli olduğu 13.000 manat pulu ödəyə bilmədiyi üçün ona 6(altı) ay müddətinə möhlət verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə icra sənədi üzrə tələbkar X5 lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə iclasında iştirak edən borclu ərizəsinə uyğun izahat verərək izahatında göstərmişdir ki, icra sənədi üzrə borcundan hazıradək 4000 manat ödəniş etmişdir. Onun aldığı məvazibdən başqa heç bir gəliri yoxdur. Həmçinin icra sənədi üzrə borcundan başqa banklara kredit borcu vardır. Aldığı məvacibi kredit borcuna və ailəsinin dolanışacağına sərf edir. Ona möhlət verilərsə kredit borclarını ödəyib qurtardıqdan sonra icra sənədi üzə borcunu hissə-hissə ödəyəcəkdir. Göstərilənlərə əsasən ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Beyləqan rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X11 izahatında bildirmişdir ki, X1 Rayon Məhkəməsinin 2(064)-146/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi icra şöbəsinin icraatına daxil olmuş, xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra sənədinin könüllü icrası barədə X13a bildiriş göndərilmişdir. X13 icra sənədi üzrə borcunu ödəmədiyi və icra məmurunun çağırışlarına gəlmədiyi üçün borclunun məcburi gətirilməsi haqqında məhkəməyə vəsatət verilmiş, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(020)-26/2023 saylı qərardadı ilə icra məmurunun vəsatəti təmin olunaraq borcıunun icra şöbəsinə məcburigətirilməsi haqqında qərar qəbul edilmişdir. Borclu xx.xx.2024-cü il tarixdə icra şöbəsində gəlmiş və şöbədə verdiyi izahatında həmin gün üçün, yəni xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə borcundan 3000 manat ödəniş etmiş, qalan borcunu isə hər ay 500 manat olmaqla hissə-hissə ödəyəcəyi barədə icra şöbəsində söz vermişdir. xx.xx.2024-cü il tarixdə 500 (beş yüz) manat, xx.xx.2024-cü il tarixdə isə 500 (beş yüz) manat olmaqla ümumilikdə 4000 manat ödəniş etmişdir. Dekbar ayının ödənişini tələb edən zaman isə məhkəməyə icra sənədinin icrasına dair möhlət verdiyini bildirərək ödəniş etməmişdir. Tələbkar müxtəlif instansiyalara şikayətlər ünvanlayaraq borcun ödənilməsini tələb edir. Göstərilənlərə əsasən ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib ərizəni araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 231.1- ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2- ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissəhissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. «İcra haqqında» AR Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Məhkəmə qeyd edir ki, qətnamənin icrasına möhlət verilməsinə zərurət bir qayda olaraq, o halda yaranır ki, tərəflərin mövcud əmlak vəziyyəti və digər hallar qətnaməni qanunla müəyyən edilmiş müddətdə icra etməyə imkan verməsin. Qətnamənin icrasına möhlət verilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qətnamənin icra qaydasının dəyişdirilməsi işdə iştirak edən şəxslərin məhkəmə müdafiəsi hüququnun səmərəliliyini təmin edən vasitə kimi qiymətləndirilir və belə yanaşma Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verir. Burada bir daha nəzərə almaq lazımdır ki, möhlət verilməsi nəticəsində qanuni qüvvəyə minmiş qətnamə üzrə icra hərəkətlərinin uzun müddət ərzində başlaya bilməməsi məhkəməyə müraciət etmək hüququnun, habelə məhkəmə müdafiəsi təminatının ağlabatan müddətdə həyata keçirilməsi tələbinin pozulmasına gətirib çıxara bilər. Belə ki, artıq qeyd edildiyi kimi, məhkəməyə müraciət etmək hüququ, həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Yuxarıda göstərilən səbəbdən icra üzrə icraatın uzun müddət ərzində başlanmaması məhkəməyə müraciət etmək hüququnu əhəmiyyətsiz edə bilər. Qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Bunun üçün, ilk növbədə, qətnamənin icrasına möhlət bu aktın özü ilə əvəzlənməməli, onun məzmununu dəyişdirməməli, möhlətin müddəti isə məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu da «Məhkəmə qətnaməsi haqqında» xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndində göstərmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Ali Məhkəmənin Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli 5 nömrəli Qərarının 6-cı bəndində isə qeyd olunmuşdur ki, Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Qətnamənin icrasına möhlət verilməsi institutunun xarakterik xüsusiyyət ondan ibarətdir ki, möhlət verilən müddət bitdikdən sonra icra sənədi birdəfəyə və tam icra olunur. Möhlətin müddəti də konkret şərtin gələcəkdə baş verməsi ilə əsaslandırılır. Yəni borclu möhlətin verilməsini onunla əsaslandırmalı və təqdim etdiyi sübutlarla məhkəməni inandırmalıdır ki, qətnamənin icrasını təxirə salan həmin müddət ərzində qətnamənin icrası onun və tələbkarın mənafeyinə toxunmadan mümkün olacaqdır. Hazırki ərizənin dəlillərindən və borclunun izahatından müəyyən edilir ki, borclu ümumiyyətlə məhkəmə qətnaməsindən narazıdır və icra sənədi üzrə qalan borcunu kredit borclarını ödəyib qurtardıqdan sonra hissə-hissə ödəyəcəyini bildirir. Bundan başqa məhkəmə qətnaməsinə əsasən ödənilməli olan borc 13.000 (on üç min) manat təşkil edir. Həmin məbləğin hissə-hissə ödənilməsi üçün xeyli müddət lazımdır. Bu cür ödəmə üsulu da tələbkarın qanuni mənafelərinə ziddir. Həmçinin məhkəmə qətnaməsinin uzun müddət icra olunmamasına səbəb olacaqdır. Ona görə Tahir Həsənovun ərizəsinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Beləliklə borclunun dəlilləri qətnamənin icrasına möhlət verilməsinə əsas təşkil etmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X4 Füzuli Rayon Məhkəməsinin 2(064)-146/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsinin icra edilməsinə möhlət verilməsi barədə ərizəsi təmin edilməməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231 -ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı X4 Füzuli Rayon Məhkəməsinin 2(064)-146/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron Məhkəmə İnformasiya Sitemi”ndə yaradılmış elektron kabinet vasitəsi ilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar