Məhkəmə qərarları › İş №8(020)-182/2025

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №8(020)-182/2025

25.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 8(020)-182/2025 25.11.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclas katibi Abbasov Zaur Alı oğlunun katibliyi ilə, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(020)-941/2021 saylı qətnaməsi ilə tutulan alimentin indeksləşdirilməsinə dair Tələbkar ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Beyləqan Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(020)-941/2021 saylı qətnaməsinə əsasən 20 aprel 2016-cı il təvəllüdlü X3 və 08 fevral 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,76 misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbuı edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onunla Borclu arasında 26 yanvar 2015-ci il tarixdə nikah bağlanmış, birgə nikahlarından 20 aprel 2016-cı il təvəllüdlü X3 və 08 fevral 2020-ci il təvəllüdlü X4 adlı övladları dünyaya gəlmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(020)-941/2021 saylı qətnaməsi ilə aralarında bağlanmış nikahlarının pozulması, birgə nikahdan dünyaya gələn 20 aprel 2016-cı il təvəllüdlü X3 və 08 fevral 2020-ci il təvəllüdlü X2 ananın himayəsinə verilməsi, nikah pozulduqdan sonra birgə nikahdan dünyaya gələn 20 aprel 2016-cı il təvəllüdlü X3 və 08 fevral 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment Borclu tutularaq, ona ödənilməsi qət edilmişdir. Bildirir ki, qətnamə ilə alimentin miqdarı müəyyənləşərkən “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün müvafiq olaraq 175 manat məbləğində müəyyən edilməsinə istinad etmiş və o əsasla aliment məbləği təyin etmişdir. Hamıya məlum olan haldır ki, 2021-ci il üzrə yaşayış minimumu ilə hazırki yaşayış minimumu arasında kifayət qədər ciddi fərqlər mövcuddur. Belə ki, əvvəlki bazar qiymətləri, dolanışıq xərcləri hazırki vəziyyətdən qat-qat aşağı olmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, 2021-ci ildə təyin olunmuş 150 manat aliment məbləği, hal-hazırda uşaqlarının aylıq maddi tələbatlarını ödəməyə kifayət etmir. Bütün ərzaq və geyim əşyalarının qiymətləri artmışdır.Özü çox ağır vəziyyətdə yaşayır. Valideynlərinin köməyi ilə övladlarını böyüdür. Çox ağır maddi sıxıntılarla üzləşir.Həmçinin 2021-ci ilə müqayisədə 2025-ci ildə minimum əmək haqqı məbləği də artmışdır. Ona görə də hesab edir ki, qətnamənin icrası qaydası müəyyən olunmaqla alimentin indeksasiyası aparılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmiş tələbkar, borclu və icra məmuru məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən ərizəyə proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş: Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(020)-941/2021 saylı qətnaməsindən görünür ki, Borclu 11 oktyabr 2021-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 150 (yüz əlli) manat tutularaq 20 aprel 2016-cı ildə anadan olan Milay və 08 fevral 2020-ci ildə anadan olan Alisa adlı uşağın yetkinlik yaşına çatana kimi alınıb Tələbkar verilməsi qət edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına 8.4-1 və 8.4-2-ci yarımbəndləri əlavə edilmişdir. 8.4-1-ci yarımbəndə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2-ci yarımbəndə əsasən, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikasında 2021-ci il üçün minimum əmək haqqının məbləği 250 manat, 2025-ci il üçün minimum əmək haqqının məbləği 400 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Beyləqan Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(020)-941/2021 saylı qətnaməsi ilə tutulan aliment indeksasiya olunmalıdır. Belə ki, həmin qətnamə ilə alimentin tutulmasının 2021-ci il tarixdən hesablanması və tutulan 150 manat məbləğində alimentin 2021-ci il üzrə minimum əmək haqqının (250 manat) 0,6 mislini təşkil etdiyini nəzərə alınaraq, ərizə qismən təmin edilməli, 20 aprel 2016-cı il təvəllüdlü X5 və 08 fevral 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində sabit pul məbləğində aliment tutularaq, Tələbkar ödənilməli və ərizə qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264 və 269-cu maddəsini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizə qismən təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(020)-941/2021 saylı qətnaməsi ilə tutulan aliment indeksasiya olunsun və 20 aprel 2016-cı il təvəllüdlü X5 və 08 fevral 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində sabit pul məbləğində aliment tutularaq, Tələbkar ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar