Məhkəmə qərarları › İş №8(020)-24/2025

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №8(020)-24/2025

11.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 8(020)-24/2025 11.03.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclasının katibi Abbasov Zaur Alı oğlunun katibliyi, X1, Beyləqan rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X8 iştirakları ilə, Beyləqan rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X8 11 fevral 2025-ci il tarixli “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana geri qaytarılması barədə” qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X3 şikayətlə məhkəməyə müraciət edərək, Beyləqan rayob icra və probasiya şöbəsinin rəisi əvəzi, icra məmuru Azər Quliyevin “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana geri qaytarılması barədə” 11 fevral 2025-ci il tarixli qərarının ləğv edilməsi və icra məmuru Azər Quliyev barəsində xüsusi qərar çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru Azər Quliyev qanunsuz olaraq, onunla şəxsi ədavət apararaq 11 fevral 2025-ci il tarixdə tez tələsik, heç bir qanuni əsası olmadan Beyləqan Rayon Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsinin icrası mümkün olmayan icra sənədi adı verərək, məhkəməyə geri qaytarmışdır. İcra məmuru Azər Quliyev həmin qərarda onun işə bərpa olunmamasını tibbi kolleclərindən birinin diplomunu və sertifikasiyadan keçdiyi haqqında sənədi təqdim etdikdən sonra mümkün olacağını qeyd etmiş, icra məmuru borclunun icra şöbəsinə göndərmiş olduğu ərizəyə əsasən bu qərara gəlmişdir. Halbuki icra məmuru Azər Quliyev onun sövdələşməsi baş tutmadığından əvvəlcə Beyləqan Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli icra sənədinə izah verilməsi barədə ərizə ilə müraciət etmiş və məhkəmə tərəfindən ərizəsi təmin edilmədiyi üçün sonda bu yola əl atmışdır. Belə ki, Beyləqan Rayon Məhkəməsi icra məmuru Azər Quliyevin icra sənədinə izah verilməsi üçün təqdim etdiyi ərizəsinə məhkəmə iclasında baxmış, icra sənədində hər hansı qeyridəqiqlik mövcud olmadığı, icra vərəqəsində icra olunmalı tələb dəqiq və aydın göstərildiyi, hər hansı ziddiyətli məqam müəyyən edilmədiyi qərarına gəlmiş və bu səbəbdən icra məmurunun ərizəsini təmin etməmişdir. Bundan sonra icra məmuru Azər Quliyev məhkəmə qətnaməsini icra etmək əvəzinə icra sənədini ondan intiqam almaq niyyəti ilə məhkəməyə geri qaytarmışdır. Halbuki, İcra haqqında Qanunda bu əsasla icra sənədini məhkəməyə geri qaytarılması nəzərdə tutulmamışdır. O, icra məmuru Azər Quliyevin onunla apardığı ədavət nəticəsində işsiz qalmış, işinə uzun müddətdir ki, bərpa olunmur. Beyləqan Rayon Məhkəməsinin onun xeyrinə çıxarmış olduğu qətnamə yuxarı məhkəmədə mübahisələndirilmiş və öz qüvvəsində saxlanılmışdır. Lakin icra məmuru Azər Quliyev məhkəmə qətnaməsini icra etməmək üçün bütün vasitələrdən istifadə edir. Bu məsələyə həm Beyləqan Rayon Məhkəməsi, həm də İmişli regional ədliyyə idarəsi göz yumulmuşdur. Borclu Beyləqan Rayon Mərkəzi Xəstəxanası xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək bildirmişdir ki, şikayətçi X4 işə bərpa olunmaması səbəbi hal-hazırda iddiaçı X4 Azərbaycan Respublikası Səhiyyə Nazirliyində qeydiyyatda olan X10 məxsus təhsil diplomunun olmamasıdır. Məhkəmə iclasında iştirak edən tələbkar şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən icra məmuru Beyləqan rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X11 şikayətlə razı olmadığını, onun tərəfindən icra sənədinin icra edilməsi üçün bütün tədbirlərin həyata keçirilməsinə baxmayaraq, borclu olan xəstəxana tərəfindən icra sənədinin icra edilməsi üçün tibbi kolleclərindən birinin diplomunun və sertifikasiyadan keçdiyi haqqında sənədi təqdim etdikdən sonra mümkün olacağını qeyd etməsi ilə əlaqədar həmin sənədləri tələbkardan tələb etmiş olsa da, tələbkar tərəfindən həmin sənədlər təqdim edilmədiyi üçün icra sənədinin icrası mümkün olmadığına görə 11 fevral 2025-ci il tarixdə icra sənədini məhkəməyə geri qaytarılması barədə qərar qəbul etdiyini bildirərək, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq borclu məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə şikayətə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın və icra məmurunun izahatlarını dinləyib, şikayəti və ona əlavə edilmiş sənədləri, habelə icra işini araşdırıb hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında və icra işində olan məhkəmə iclasında tədqiq edilmiş: Beyləqan Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(020)-1154/2023 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Beyləqan rayon Mərkəzi Xəstəxanasının keçmiş müdirinin iddiaçı X7 barəsində olan 20 fevral 2023-cü il tarixli 307 saylı əmrin ləğv edilməsi, X2 rayon Mərkəzi Xəstəxanasının laboratoriya şöbəsinə laborant vəzifəsinə işə bərpa edilməsi, 20 fevral 2023-cü il tarixdən məhkəmə qətnaməsinə əsasən işə bərpa olunan tarixədək məcburi iş buraxmaya görə əmək haqqı Beyləqan rayon Mərkəzi Xəstəxanası tərəfindən hesablanıb X5 ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-970/2024 saylı qətnaməsindən görünür ki, cavabdeh Beyləqan rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Beyləqan Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(020)-1154/2023 saylı qətnaməsi dəyişdirilmədə saxlanılmışdır. Beyləqan rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Azər Quliyev tərəfindən 08 dekabr 2023-cü il tarixdə qəbul edilmiş “icraata başlamaq haqqında” qərardan və bildirişdən görünür ki, Beyləqan Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(020)-1154/2023 saylı icra sənədi üzrə icraata başlanmış və tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Beyləqan Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(020)-1154/2023 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin icra edilməsi ilə bağlı borcluya müraciət edilmiş və BRMX-nın kadrlar şöbəsinin müdiri bildirmişdir ki, hazırki vəziyyətdə iş üzrə tələbkarın işlə təmin olunması mümkün deyil. Belə ki, X4 diplomu uyğun olmayan peşə ixtisası olduğuna görə onunla işlə təmin olunması mümkün deyildir. Beyləqan rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Azər Quliyev tərəfindən 11 fevral 2025-ci il tarixdə qəbul edilmiş “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” barədə qərardan görünür ki, Beyləqan rayon İcra və Probasiya şöbəsinin icraatında olan Beyləqan Rayon Məhkəməsinin 2(020)- 1154/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icrası mümkün olmadığı üçün Beyləqan Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Həmin qərar onunla əsaslandırılmışdır ki, “icra sənədi üzrə borclu Beyləqan rayon Mərkəzi Xəstəxanası xx.xx.2025-ci il tarixdə icra şöbəsinə ərizə göndərərək bildirmişdir ki, X1 “Beyləqan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Laboratoriya şöbəsində laborant vəzifəsinə təyin edilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən tibb kolleclərinin diplomu və eyni zamanda Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 48-ci maddəsinə əsasən tibbi peşə, bilik bacaraqlarının təkmilləşdirilməsi maddəsinə uyğun olaraq sertifikasiyadan keçməsi vacibdir. Bu səbəbdən vətəndaş X4 “Beyləqan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində laborant vəzifəsinə işə bərpa olunması qeyri-mümkündür. İşə bərpa o halda mümkündür ki, X7 qeyd edilən tibb kolleclərindən birinin diplomunu və sertifikasiyadan keçdiyi haqqında sənədi təqdim etməsi qeyd edilmişdir. Belə olan halda icra sənədinin icrası mümkün deyildir”. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir; 23.1.3-cü maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır; 23.2.-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir; 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur; 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. 70.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. 70.2-ci maddəsinə əsasən, işə bərpa etmək haqqında icra sənədi dərhal icra edilir. Qanunsuz olaraq işdən çıxarma və ya başqa işə keçirmə haqqında sərəncamın ləğv olunması barədə müdiriyyətin müvafiq əmrindən sonra işçinin əvvəlki vəzifələrini yerinə yetirməyə başladığı andan icra sənədi icra olunmuş hesab edilir. 70.3-cü maddəsinə əsasən, bu Qanunun 70.1-ci və 70.2-ci maddələri ilə nəzərdə tutulmuş tələblər borclu tərəfindən üzrsüz səbəblərdən yerinə yetirilmədikdə, icra məmuru borclu barəsində bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür. 70.4-cü maddəsinə əsasən, icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinə əsasən, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Beləliklə, müəyyən edilmişdir ki, Beyləqan Rayon Məhkəməsinin 23 oktyabr 2023cü il tarixli, 2(020)-1154/2023 saylı icra sənədi üzrə Beyləqan rayon İcra və Probasiya şöbəsində 08 dekabr 2023-cü il tarixli qərarla icraata başlanmış olsa da, icra məmuru Azər Quliyev tərəfindən qəbul edilmiş 11 fevral 2025-ci il tarixli qərarı ilə borclunun ərizəsində qeyd edilənlərə, yəni tələbkarın tibb kolleclərindən birinin diplomunu və sertifikasiyadan keçdiyi haqqında sənədi təqdim etməməsi ilə əlaqədar icra sənədinin icrasının mümkünsüz olması əsası ilə icra sənədi icra edilmədən geri qaytarılmışdır. Məhkəmə qeyd edir ki, borclunun ərizəsində qeyd edilən əsaslar ilə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilmədən geri qaytarılması əsaslı deyildir. Belə ki, işə məhkəmədə baxılan zaman da həmin ərizədə qeyd edilən hallar mövcud olmuş və istinad etdikləri qanunvericiliyin tələbləri də qüvvədə olmuş və məhkəmə tərəfindən bütün hallar araşdırıldıqdan sonra yekun qətnamə qəbul edilmişdir. Ona görə də həmin əsaslarla icra vərəqəsinin icra prosesindən çıxarılaraq geri qaytarılması – tələbkarın qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilən haqlı mənafe və hüquqlarının pozulması ilə nəticələnə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir və məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Həmçinin məhkəmə qeyd edir ki, tələbkar “Beyləqan rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X8 barəsində xüsusi qərardad qəbul edilməsi”ni xahiş etmiş olsa da, məhkəmə tərəfindən icra məmurunun hərəkət və hərəkətsizliyində cinayətin əlamətləri aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Beyləqan rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X8 “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və digər orqana qaytarılması haqqında” 11 fevral 2025-ci il tarixli qərarı ləğv edilməli və Beyləqan Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(020)-1154/2023 saylı icra sənədi üzrə icra hərəkətlərinin həyata keçirilməsi davam etdirilməlidir. Göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 23-cü maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Beyləqan rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X8 “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və digər orqana qaytarılması haqqında” 11 fevral 2025-ci il tarixli qərarı ləğv edilsin və Beyləqan Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(020)-1154/2023 saylı icra sənədi üzrə icra hərəkətlərinin həyata keçirilməsi davam etdirilsin. = Şikayət qalan hissədə təmin edilməsin Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar