Məhkəmə qərarları › İş №8(021)-15/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-15/2025

10.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-15/2025 10.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Abdullayev Fərman Firidun oğlunun sədirliyi, Məhkəmə iclas katibi Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi ilə , Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bərdə rayon icra şöbəsinin təqdimatının müzakirəsinə dair işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Bərdə Rayon İcra və probasiya şöbəsinin icra məmuru 03 oktyabr 2024-cü il tarixdə təqdimatla məhkəməyə müraciət edərək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. İcra məmuru təqdimatını onunla əsaslandırmışdır ki, Bərdə rayon Məhkəməsinin 2(021)-1178/2021 saylı, 01 aprel 2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.1982-ci ildə anadan olmuş və Ağdam rayonu, Xatınbəyli kəndində qeydiyyatda olan və yaşayan Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2021-ci il tarixində Bərdə rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanuna uyğun müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədinə olan 6430 manat aliment tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədinə olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyatı təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra məmuru icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Borclu və Bərdə Rayon İcra və Probasiya şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Məhkəmə iş materiallarını tədqiq edərək, hesab edir ki, təqdimat təmin olunmamalıdır. Təqdimata əlavə olunmuş Bərdə rayon Məhkəməsinin 2(021)-1178/2021 saylı, 01 aprel 2021-ci il tarixli icra sənədinə əsasən 23 avqust 2008-ci il təvəllüdlü X1 və 09 yanvar 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 150 manat, cəmi 300 manat məbləğində aliment müəyyən edilməklə cavbdeh Borclu alınaraq X2 xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş Bərdə Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarı ilə Bərdə rayon Məhkəməsinin 2(021)-1178/2021 saylı, 01 aprel 2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Təqdimata əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli bildirişindən görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)-1178/2021 saylı, 01 aprel 2021-ci il tarixli icra sənədi üzrə Borclu tələbin könüllü icrası üçün 10 gün müddətinə vaxt verilmişdir. Təqdimata əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 3(021)-641/2024 saylı, 10 iyun 2024-cü il tarixli qərarından görünür ki, Borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Bərdə rayon Məhkəməsinin 2(021)-1178/2021 saylı, 01 aprel 2021-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay bir uşağa görə 150 manat, cəmi 300 manat məbləğində aliment müəyyən edilməklə cavabdeh Borclu alınaraq X2 xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə Bərdə Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarı ilə icraata başlanılmışdır. Hazırda icra məmuru borclunun icra sənədi üzrə öhdəliyinin icra edilməsi məqsədi ilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün təqdimatla müraciət etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək, hesab edir ki, təqdimat təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları” haqqında Təlimatda borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və onun götürülməsi qaydası müəyyən olunmuşdur. Həmin təlimatın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl aşağıdakı hərəkətləri yerinə yetirməlidir; 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; 2.2.2. icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; 2.2.3. borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Təqdimata icraat materialının, o cümlədən borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün verilmiş müddət barədə bildiriş və onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubu) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir. Təlimatın 2.5-ci bəndində borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına icra qurumunun rəhbəri tərəfindən operativ baxılaraq aşağıdakı hərəkətlərin yerinə yetirilməsi nəzərdə tutulmuşdur; 2.5.1. borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin rəsmi qaydada verilməsini yoxlayır; 2.5.2. borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması hallarını araşdırır; 2.5.3. bu Təlimatın 2.2-ci bəndində göstərilən tələblərə əməl olunub-olunmamasını yoxlayır; 2.5.4. təqdimatla razılaşdıqda onu təsdiq edir. İş materiallarından görünür ki, icra məmuru tərəfindən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün həmin Təlimatda göstərilən tələblər, yəni könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunması, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılması təmin edilməmiş, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəbləri müəyyənləşdirilməmiş, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirlər həyata keçirilməmiş, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlamamışdır. Bundan başqa icra qurumunun rəhbəri tərəfindən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün həmin Təlimatda göstərilən tələblər, yəni borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin rəsmi qaydada verilməsi yoxlanılmamış, borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması hallarını araşdırmamış, Təlimatın 2.2-ci bəndində göstərilən tələblərə əməl olunub-olunmamasını yoxlamamışdır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Bərdə rayon Məhkəməsinin 2(021)- 1178/2021 saylı, 01 aprel 2021-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru Mətləb Ələkbərov tərəfindən verilmiş təqdimat təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Bərdə rayon Məhkəməsinin 2(021)-1178/2021 saylı, 01 aprel 2021-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru Mətləb Ələkbərov tərəfindən verilmiş təqdimat təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bərdə rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar