Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-153/2024 17.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X8 məhkəmə iclas katibliyi ilə, X1 Bərdə Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2(021)-650/2005 nömrəli məhkəmə qərarının yenidən icraya yönəldilməsinə dair ərizəsinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 məhkəməyə ərizə verərək, Bərdə rayon İcra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, Bərdə rayon məhkəməsinin 2(021)-650/2005 nömrəli, xx.xx.2005-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin yenidən icraya yönəldilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X3 ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-650/2005 nömrəli, xx.xx.2005-ci il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yaşayan iddiaçı X7 ona qarşı “Yaşayış eivinin həyətinə açılan 2 ədəd pəncərənin cavabdehin vəsaiti hesabına bağlanması tələbinə dair” iddiası və onun cavabdeh X9 qarşı “Fərdi yaşayış evinin arxa tərəfində suyun axıdılmasının qadağan edilməsi tələbinə dair” qarşılıqlı iddia tələbi təmin edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Odur ki, Bərdə Rayon Məhkəməsi tərəfindən xx.xx.2005-ci il tarixli, 2(021)-650/2005 nömrəli icra sənədi verilərək, onun icrası Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. (İcra məmuru Sahil Rzayev) Məhkəmənin sözügedən icra sənədinin icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixli icra məmuru Sahil Rzayev yaşadıqları ünvanda olarkən borclu Cəmilə Əlişova ilə razılığa gəlmişdir ki, o, qısa müddətdə evinin arxa divarına yaxın əkdiyi ağacları çıxardacaq və bir daha evinin arxasına su axıtmayacaqdır. Odur ki, icra məmuru Sahil Rzayev onların bu razılaşmasını və yazılı ərizələrini nəzərə alıb, xx.xx.2022-ci il tarixli Akt tərtib etmişdir ki, Cəmilə Əlişova tərəfindən evinin arxasına buraxdığı suyun axıdılmasının qarşısı alınaraq ona suyun buraxılması qadağan edilmişdir. Akta icra məmuru Sahil Rzayev, onunla gəlmiş digər icra məmuru Məmmədəli Qasımov, Cəmilə Əlişova və o, imza etmişdi. Odur ki, Bərdə rayon İcra və Probasiya şöbəsi tərəfindən Bərdə Rayon Məhkəməsinin 2(021)- 650/2005 nömrəli, xx.xx.2005-ci il tarixli icra sənədi üzrə xx.xx.2022-ci il tarixli “İcraata xitam verilməsi haqqında” qərar qəbul edilmişdir. Yəni, həmin qərar əslində icra sənədi icra olunmadığı halda borclu ilə onun şifahi razılaşması nəzərə alınaraq qəbul edilmişdir. X4 bu günədək də razılaşmalarına əməl etməmiş, evinin arxa duvarına yaxın məsafədə əkdiyi ağacları suvarmaq üçün su axıdır, bunun nəticəsində evinin divarı daima nəm olur, hətta nəmişlikdən göyərmişdir və nəmişik divarın iç tərəfinə də keçmişdir. Cəmilə Əlişova isə bu qanunsuz hərəkətini dayandırmaq istəmir. Odur ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-650/2005 nömrəli, xx.xx.2005-ci il tarixli icra sənədi üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli “İcraata Xitam verilməsi haqqında” qərarı məhkəmə qaydasında ləğv edilməli və icra sənədi yenidən icra olunması üçün qaytarılmalıdır. Məhkəmə iclasında X3 ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasın vaxtı və yeri barədə borcluya və Bərdə rayonu İcra və probasiya Şöbəsinə, X9 lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə borclu və Bərdə rayonu İcra və probasiya Şöbəsinin nümayəndəsinin və X7 iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AZE seriyalı, 16488319 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 xx.xx.1960-cı il tarixdə Ağcabədi rayonu, Sarıcalı kəndində anadan olmuşdur. ünvan 2 ünvanında yaşayır. 290134 seriya nömrəli vəsiqənin surətindən müəyyən olunur ki, X15 2-ci qrup əlildir. Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Sahil Rzayevin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 2-650/05 nömrəli, xx.xx.2005-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Bərdə Rayon Məhkəməsinin 2-650/05 nömrəli, xx.xx.2005-ci il tarixli icra sənədinin icra edilməsi aktlaşdırılmışdır. Bərdə Rayon İcra və Probasiya X5 tərəfindən verilmiş ərizədə göstərilmişdir ki, Bərdə Rayon Məhkəməsinin 2-650/05 nömrəli, xx.xx.2005-ci il tarixli icra sənədi icra edildiyindən xitam verilməsini xahiş etmişdir. Bərdə Rayon İcra və Probasiya X2 tərəfindən verilmiş ərizədə göstərilmişdir ki, Bərdə Rayon Məhkəməsinin 2-650/05 nömrəli, xx.xx.2005-ci il tarixli icra sənədi üzrə tələbkarın evinin arxasına buraxılmış suyun qarşısını almış və həmin suyu gələcəkdə yenidən buraxmayacağına dair iltizam vermişdir. Bərdə rayon İcra hakimiyyəti Başçısının Bərdə şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 2765 saylı, xx.xx.2022 saylı arayışdan görünür ki, X6 şəhəri, M.Hüseynzadə küçəsi 4 ünavnında yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Həmin Qanunun 3.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». “İcra haqqqında” Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra sənədinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra sənədini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Beləliklə, məhkəmə hesab edir ki, icra sənədinin icraatına xitam verilsədə borclu üzərinə düşən vəzifələri icra etmədiyindən, həmçinin qəbul edilmiş məhkəmə qərarı bugünədək borclu tərəfindən icra edilmədiyindən icra sənədinin icrasının təmini məqsədilə Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Sahil Rzayevin xx.xx.2022-ci il tarixli icra sənədinin icraatına xitam verilməsi haqqında qərarı ləğv edilməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-650/2005 nömrəli, xx.xx.2005-ci il tarixli icra sənədi yenidən icraya yönəldilməlidir. Göstərilənlərə əsasən və MPM-in 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Sahil Rzayevin xx.xx.2022-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarı ləğv edilsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-650/2005 nömrəli, xx.xx.2005-ci il tarixli icra sənədi yenidən icraya yönəldilsin. Qərardadın surəti tərəflərə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №8(021)-153/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-153/2024
17.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver