Məhkəmə qərarları › İş №8(021)-167/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-167/2024

24.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-167/2024 24.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X1 məhkəmə iclas kаtibliyi ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1232/2023 nömrəli icra sənədi üzrə borclunun əmlakının üzərinə həbs qoyulmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 Rayon Məhkəməsinə təqdimatla müraciət edərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2-2(115)-1232/2023 nömrəli icra sənədi üzrə Borclu adına olan daşınmaz əmlakın üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)- 1232/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 12796 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcra sənədinin icrası ilə əlaqədar tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş borcluya göndərilmişdir. Borclular könüllü icra müddətində icra sənədində göstərilən tələb təmin etməmişdir. Elektron icra Sistemindən çıxarışdan görünür ki, Borclu məxsus olan Bərdə rayonu, Məmmədli kəndində yerləşən 16.3 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi olduğu müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməmələrinin səbəbini üzrsüz sayaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İcra işi üzrə elektron informasiya sistemindən çıxarışdan görünür ki, Borclu xx.xx.1968ci il tarixdə Bərdə rayonu, Məmmədli kəndində anadan olmuşdur. Bərdə rayonu, Məmmədli kəndində yaşayır, adına Bərdə rayonu, Məmmədli kəndində 16.3 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mövcuddur. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1232/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, iddia tələbinin təmin edilməsi, Borclu 12796 manat pul vəsaitinin tutularaq "xxxx" MMC-nə verilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, icra sənədi icraata qəbul edilməklə icraata başlanmış, tələbin könüllü icrası haqqında bildiriş, daha sonra xəbərdarlıq borcluya göndərilmiş, müxtəlif orqanlara sorğular verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 43.1 və 43.1.1-ci maddələrinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 44.1 və 44.1.3-cü maddələrinə uyğun olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.2-ci maddəsinin 2-ci hissəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə əmlakın üzərinə həbs qoyulmalıdır. Lakin, məhkəmə hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının 3-cü bəndinə əsasən, əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və ya onun ailəsi üçün 1 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələb yönəldilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, Borclu məxsus 16.3 ha torpaq sahəsinin 1 ha istisna olmaqla 15.3 ha hissəsinin üzərinə- tələb üzrə borc məbləği həddində həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat qismən təmin edilsin. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1232/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələb borc məbləği həddində Borclu məxsus olan Bərdə rayonu, Məmmədli kəndində yerləşən 16.3 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 15.3 ha hissəsinə yönəldilməklə həmin sahənin üzərinə həbs qoyulsun. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar