Məhkəmə qərarları › İş №8(021)-292/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-292/2023

04.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-292/2023 04.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X2 iclas kаtibliyi ilə, Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(104)- 1794/2020 nömrəli icra vərəqəsi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsinə dair təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(104)- 1794/2020 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Borclu “hər ay hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində alimentin tutulması” hissəsində dəyişdirilməsi, həmin hissədə hər ay hər uşaq üçün sabit pul məbləğində alimentin miqdarı 80 manat, iki uşaq üçün ümumilikdə 160 manat müəyyən edilərək iddiaçı X3 xeyrinə ödənilməsi qət edilmiş və həmin icra sənədi icraya yönəldilmişdir və Bərdə rayon İcra və Probasiya şöbəsində icraata başlanmışdır. Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İcra məmuru təqdimatını onunla əsaslandırmışdır ki, 2(104)-1794/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi Bərdə rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, müvafiq qaydada icraya yönəldilmişdir. Lakin, Borclu qanunla müəyyən edilmiş müddət ərzində icra məmurunun qanuni tələblərini könüllü yerinə yetirməməklə borcu ödəməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq icra məmuru Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Tərəflər və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tədqiq edərək, hesab edir ki, təqdimat əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci mаddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-cı maddəsinə əsasə, vətəndaşın ölkədən getmək hüququ yalnız məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək məhdudlaşdırıla bilər. MPM-in 231.3-cü maddəsinə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Məhkəmə belə nəticəyə gəlir ki, borclunun ölkədən çıxması icra sənədinin icrasını mümkünsüz edər. Qanunvericilikdə göstərilən məhdudiyyətin qoyulması isə icra sənədinin icrasının təmin edilməsi üçün əsas yarada bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İcra məmurunun təqdimatı təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(104)- 1794/2020 nömrəli icra vərəqəsi üzrə xx.xx.1983-cü il təvəllüdlü Bərdə rayonu, Meşəçilik insitutu ünvanında yaşayan Borclu ölkədən getmək hüquqları həmin icra sənədi tam icra olunana qədər müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar