Məhkəmə qərarları › İş №8(021)-331/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-331/2024

11.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-331/2024 11.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, Borclu Məhiyəddin oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatına məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 məhkəməyə təqdimat verərək, Ağdam rayon Məhkəməsinin 2(013)-1028/2019 saylı 14 may 2019-cu il tarixli icra sənədi üzrə borclu xx.xx.1985-ci ildə ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Borclu Məhiyəddin oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdam rayon Məhkəməsinin 2(013)-1028/2019 saylı 14 may 2019-cu il tarixli icra sənədi üzrə Borclu Məhiyəddin oğlundan hər ay üç uşağın yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmiş, lakin borclu tərəfindən tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyatı təşkilatlara sorğular göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu Məhiyəddin oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Təqdimata baxılmasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərəflərə məlumat verilmiş, lakin borclu, tələbkar və icra məmuru məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və təqdimata əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə olunmuş Ağdam rayon Məhkəməsinin 2(013)-1028/2019 saylı 14 may 2019-cu il tarixli icra vərəqəsi ilə müəyyən olunur ki, cavabdeh Borclu Məhiyəddin oğlundan xx.xx.2019-cu ildən başlayaraq xx.xx.2006-cı ildə anadan olmuş Aytac, xx.xx.2007-ci ildə anadan olmuş Ayxan, xx.xx.2016-cı ildə anadan olmuş Aylin adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 80 manat olmaqla cəmi 240 manat sabit pul məbləğində aliment tutulub Tələbkar verilməlidir. Təqdimata əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Ağdam rayon Məhkəməsinin 2(013)-1028/2019 saylı 14 may 2019-cu il tarixli icra sənədi üzrə borcluya borcun könüllü icrası üçün 10 gün müddətinə vaxt verilmişdir. Məhkəmə hesab edir ki, icra sənədinin vaxtında borclu tərəfindən könüllü icra edilməməsi, onun Azərbaycan Respublikası ərazisini tərk etmək ehtimalının olması və bunun nəticəsində məhkəmənin icra sənədinin icrasız qalmasını nəzərə alaraq, Borclu Məhiyəddin oğlunun ölkədən getmək hüququ borcunu ödəyənə kimi müvəqqəti məhdudlaşdırılmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir . Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Ağdam rayon Məhkəməsinin 2(013)- 1028/2019 saylı 14 may 2019-cu il tarixli icra sənədi üzrə Borclu Məhiyəddin oğlunun ölkədən getmək hüququ borcunu ödəyənə kimi müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Borclu Məhiyəddin oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən verilmiş təqdimat təmin edilsin. Ağdam rayon Məhkəməsinin 2(013)-1028/2019 saylı 14 may 2019-cu il tarixli icra sənədi üzrə xx.xx.1985-ci ildə ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Borclu Məhiyəddin oğlunun ölkədən getmək hüququ icra sənədi icra olunanadək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar