Məhkəmə qərarları › İş №8(021)-34/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-34/2024

08.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-34/2024 08.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X7 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bərdə Rayon İcra və Probasiya Şöbəsinin təqdimatının müzakirəsinə dair işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Ağdam Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(021)-1016/2023 saylı icra vərəqəsinə əsasən xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdeh Borclu xx.xx.2015-ci ildə anadan olmuş Zəhra adlı uşaq yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub X3 ödənilməsi qət edilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 məhkəməyə təqdimatla müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatı onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı Ağdam Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(021)-1016/2023 saylı icra vərəqəsinə əsasən xx.xx.1991-ci ildə anadan olmuş, Bərdə şəhər E.Əsədov küçəsi ev 43-də qeydiyyatda olan və yaşayan Borclu hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Bərdə Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Bərdə Rayon İcra və Probasiya Şöbəsinə, tələbkar X3 və Borclu məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilsə də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 231.2ci maddəsinə əsasən, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin, tələbkar X2 və Borclu iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-nin 231.2-ci maddəsinə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Ağdam Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(021)-1016/2023 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdeh Borclu xx.xx.2015-ci ildə anadan olmuş Zəhra adlı uşaq yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub X2 xeyrinə ödənilməsi qət edilmişdir. 08 avqust 2023-cü il tarixli 114049/2023-43-10-014 nömrəli xəbərdarlıqdan görünür ki, Borclu tələb olunmuşdur ki, Bərdə Rayon İcra və Probasiya Şöbəsinə gəlib icra sənədi üzrə tələbi təmin etsin. Əks halda “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən məcburi gətirilməsi və 84.1-ci maddəsinə əsasən ölkədən getmək hüququnuzun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Borclu Ağdam Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(021)-1016/2023 saylı icra sənədini hazırkı vaxta kimi icra etməmiş, borcunu tam şəkildə ödəməmişdir. MPM-nin 231.3-cü maddəsinə görə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsində göstərilir ki, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə hesab edir ki, Ağdam Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(021)-1016/2023 nömrəli icra sənədi üzrə tutulmalı olan borc Borclu tərəfindən ödənilmədiyindən və onun ölkəni tərk etmək ehtimalı olduğundan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. xx.xx.1991-ci ildə Bərdə rayonunda anadan olmuş, Bərdə şəhəri E.Əsədov küçəsi ev 43-də qeydiyyatda olan və yaşayan Borclu Azərbaycan Respublikasından getmək hüququ Ağdam Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(021)- 1016/2023 nömrəli icra sənədi icra edilənədək məhdudlaşdırılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar