Məhkəmə qərarları › İş №8(021)-62/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-62/2024

15.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-62/2024 15.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X8 məhkəmə iclas katibliyi ilə, X1 Bərdə Rayon Məhkəməsinin 2(021)-3136/2022 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə qərarının yenidən icraya yönəldilməsinə dair ərizəsinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 məhkəməyə ərizə verərək, Bərdə rayon İcra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının ləğy edilməsi, Bərdə rayon məhkəməsinin 2(021)-3136/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında aliment tələbinə dair icra sənədinin bərpa edilməsi, X4 onun xeyrinə hər ay 150 manat pulun tutulmasına dair icra vərəqəsinin icra edilməsi üçün Bərdə rayon İcra və probasiya şöbəsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayon Məhkəməsində X5 qarşı aliment taləbinə dair iddia ərizəsilə müraciət etmiş, məhkəmə 2(021)-3136/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnamə qəbul edərək hər ay bir uşağın saxlanılması üçün X4 150 manat alimentin tutularaq onun xeyrinə verilməsi qət edilmişdir. Qətnamə əsasında tərtib edilmiş icra vərəqəsi icra edilməsi üçün Bərdə rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. 2023-cü ilin mart ayında borclu X7 ilə mübahisələri öz aralarında həll edilməsi üçün Bərdə rayon İcra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək aliment tələbinə dair icra işini dayandırmışdır. Ancaq onların razılaşmaları baş tutmamışdır. Məhkəmə iclasın vaxtı və yeri barədə tələbkara, borcluya və Bərdə rayonu İcra və probasiya Şöbəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə borclu, tələbkar və Bərdə rayonu İcra və probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1973cü il tarixdə anadan olmuşdur. Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarın surətindən görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)-3136/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi Bərdə rayon Məhkəməsinə geri qaytarılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Həmin Qanunun 3.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». “İcra haqqqında” Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra sənədinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra sənədini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Beləliklə, məhkəmə hesab edir ki, icra sənədinin məhkəməyə qaytarılma səbəbi aradan qalxdığından, borclu uşaqların saxlanması ilə bağlı qanunla müəyyən edilmiş vəzifələri icra etmədiyindən, həmçinin qəbul edilmiş məhkəmə qərarı bugünədək borclu tərəfindən icra edilmədiyindən və uşaqların saxlanmasının və icra sənədinin icrasının təmini məqsədilə Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarı ləğv edilməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-3136/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi yenidən icraya yönəldilməlidir. Göstərilənlərə əsasən və MPM-in 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarı ləğv edilsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-3136/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi yenidən icraya yönəldilsin. Qərardadın surəti tərəflərə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar