Məhkəmə qərarları › İş №8(021)-717/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-717/2023

23.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-717/2023 23.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, X11 Müzəffər oğlunun Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)- 3123/2022 nömrəli icra sənədinin dayandırılmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X11 Müzəffər oğlu məhkəməyə ərizə ilə müraciət edərək Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3123/2022 nömrəli icra sənədi üzrə işin icraatının dayandırılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X6 məhkəmədə iddia qaldıraraq, onun ona və ailə üzvülərinə "Torpağa mülkiyyət hüququna dair" JN 0031 saylı Dövlət Aktı əsasında məxsus olan Bərdə rayonu, Alpoud kəndində yerləşən 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(021)-3123/2022 saylı qətnaməsi ilə (hakim E.Əhmədov) iddia təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(104)-841/2023 saylı qətnaməsi ilə (hakimlər L.Süleymanov sədrlik edən, məruzəçi, İ.Həsənov və Ş.Rzaquliyev) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)- 2719/2023 saylı qərarı ilə cavabdeh Tağıyev Rəhim Müzəffər oğlunun kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(104)-841/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. X1 qarşı Bərdə Rayon Məhkəməsində pul tələbinə dair iddia qaldırmışdır. Belə ki, əvvəlki iş üzrə torpaq sahəsinin dəyərini ona ödədiyindən, həmin pulun alınıb ona verilməsi barədə hazırki iddianı qaldırmışam. Hesab edir ki, sözügedən mülki iş hazırda hakimin icraatında olduğundan icra işi dayandırılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə icra sənədi üzrə borcluya, tələbkara və Bərdə rayon İcra və Probasiya Şöbəsinə məlumat verilmiş, buna baxmayaraq onlardan heç biri məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəni iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan Aze seriyalı, 16040003 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Tağıyev Rəhim Müzəffər oğlu – xx.xx.1964-cü il tarixdə Bərdə rayonu, Alpoud kəndində anadan olmuşdur. İş materiallarında olan Aze seriyalı, 07258152 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 – xx.xx.1972-ci il tarixdə Bərdə rayonu, Alpoud kəndində anadan olmuşdur. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(021)- 671/2023 nömrəli qərardaddan görünür ki, X11 Müzəffər oğlu tərəfindən Bərdə Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarına dair verdiyi ərizəsi və ona əlavə edilmiş sənədlərin ərizəçiyə geri qaytarılması qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icraata başlanmış və X11 Müzəffər oğlundan 10 gün müddətinə icranı könüllü olaraq təmin etmək tələb edilmiş, icra könüllü təmin edilmədikdə borclu barəsində məcburi icra tədbirlərinin görülməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, hər bir icra işi müstəqil sənəd olduğundan, habelə yeni iddianın məhkəməyə verilməsi ilə bağlı məlumat təqdim edilmədiyindən, təqdim edildiyi təqdirdə təmin edilib-edilməyəcəyi sual altında olduğundan və həmin iddianın hazırki işə dair icra sənədi üzrə bağlılığı məhkəmə tərəfindən müəyyən edilə bilinmədiyindən, habelə ərizənin təmin olunması üçün hüquqi və faktiki əsaslar mövcud olmadığından məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Həmçinin, məhkəmə hesab edir ki, icra işi üzrə borclu X2rşı pul tələbinə dair iddia verməsi sübut olunsaydı və iddiası təmin olunsaydı belə, pul tutulmasına dair çıxarılacaq qətnamə borclunun məhkəmənin 25 yanvar 2023-cü il tarixli 2(021)-3123/2022 saylı icra sənədi üzrə tələbkar Habil Vəliyevə məxsus torpaq sahəsindən çıxarılmasına dair qətnamənin icrasına heç bir maneə törədə bilməz. Çünki, tələblər fərqli tələblərdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcrа hаqqındа» Аzərbаycаn Respublikаsı Qаnununun 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Həmin Qanunun 3.1-ci mаddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qаnunun 3.2-ci mаddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Göstərilənlərə əsаsən və MPM-in 263-264, 266-269-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə R А R А АLDİ: X11 Müzəffər oğlunun Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)- 3123/2022 nömrəli icra sənədinin icrasının dayandırılmasına dair ərizəsi təmin edilməsin. Qərardadın surəti tərəflərə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar