Məhkəmə qərarları › İş №8(021)-76/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-76/2024

22.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-76/2024 22.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X8 məhkəmə iclas katibliyi, X1 iştirakı ilə, X1 Bərdə Rayon Məhkəməsinin 2(021)-1870/2020 nömrəli xx.xx.2020-ci il tarixli məhkəmə qərarının yenidən icraya yönəldilməsinə dair ərizəsinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 məhkəməyə ərizə verərək, Bərdə rayon İcra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, Bərdə rayon məhkəməsinin 2(021)-1870/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə işin icraatının təzələnməsinə və icra sənədinin yenidən icraya yönəldilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, tərəfindən X10 qarşı “pul” tələbinə dair iddia qaldırmışdı və Bərdə rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-1870/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2020-ci il tarixdə icra sənədi Bərdə rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. İcra mərhələsində borclu ona olan 10.600 manat borcundan 7000 manatını verdi və söz verdi ki, uzağı 1 il ərzində qalan borcunu da bağlayacaqdır. O qədər dil tökdü ki, yazığı gəldi. Hətta qohumları da söz verdilər. Lakin bu günədək ona qalan 3600 manat borcunu ödəməmişdir. Bu səbəbdən icra məmuru Mətləb Ələkbərov tərəfindən xx.xx.2021-ci il tarixdə icra işinə xitam verilməsi barədə qəbul edilmişdir. Ancaq 2 ildən çoxdur ki, ona olan borcunu qaytarmadı. Hesab edir ki, qətnamə əsasında verilmiş icra sənədi üzrə işin icraatı təzələnməlidir. Məhkəmə iclasında X2 izahatında borcu ödəmək üçün 7 gün müddət verildiyini, borcdan 3600 manat pul qaldığını, qalan borcun 3 ay müddətinə verilməli olduğunu, lakin verilmədiyini bildirdi. Məhkəmə iclasın vaxtı və yeri barədə borcluya və Bərdə rayonu İcra və probasiya Şöbəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə borclu və Bərdə rayonu İcra və probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AZE seriyalı, 08784750 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1959-cu il tarixdə Laçın rayonu, Ərdəşəvi kəndində anadan olmuşdur. Laçın rayonu, Ərdəşəvi kəndində yaşayır. AA ******* seriya nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, X3 rayon məcburi köçkünüdür. Hazırda Laçın rayonu, T/körpü yaşayır. MV 00981 seriya nömrəli vəsiqədən görünür ki, X5 müharibə veteranıdır. Bərdə rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-1870/2020 nömrəli icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilməli, cavabdeh X7 10.600 manat pul alınaraq iddiaçı X4 xeyrinə ödənilməli, cavabdeh X7 30 manat dövlət rüsumunu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarından və bildirişin surətindən görünür ki, icra sənədi üzrə icraata başlanmış və borcluya tələbin könüllü icra olunması üçün 10 gün müddət verilmişdir. X5 tərəfindən Bərdə rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, icra sənədi üzrə borclu 6000 manat ödəmiş və qalan 4600 manat pulu bağışlamışdır. Buna görə icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarının surətindən görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)-1870/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Həmin Qanunun 3.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». “İcra haqqqında” Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra sənədinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra sənədini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Beləliklə, məhkəmə hesab edir ki, icra sənədinin məhkəməyə qaytarılma səbəbi aradan qalxdığından, borclu borcunun ödənilməsi ilə bağlı qanunla müəyyən edilmiş vəzifələri icra etmədiyindən və tələbkara olan borcunu tam şəkildə ödəmədiyindən, həmçinin qəbul edilmiş məhkəmə qərarı bugünədək borclu tərəfindən tam şəkildə icra edilmədiyindən və icra sənədinin icrasının təmini məqsədilə Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ləğv edilməli, Bərdə rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-1870/2020 nömrəli icra sənədi yenidən icraya yönəldilməlidir. Göstərilənlərə əsasən və MPM-in 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ləğv edilsin. Bərdə rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-1870/2020 nömrəli icra sənədi yenidən icraya yönəldilsin. Qərardadın surəti tərəflərə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar