Məhkəmə qərarları › İş №8(022)-144/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №8(022)-144/2025

11.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 8(022)-144/2025 11.09.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X10 məhkəmə-iclas katibliyi ilə, X2 alimentin indeksasiyası barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs tərəfindən 23 avqust 2019-cu il təvəllüdlü X1 üçün Biləsuvar Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli 2(022)- 1131/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş 200 (iki yüz) manat sabit pul məbləğində aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı həddində indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən digər şəxslərin məhkəmə iclasına gəlməməsi təqdimatda qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ona görə də məhkəmə təqdimata işdə iştirak edən şəxslərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə, ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir; 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər; 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur; 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli Qərarının: 8.4-2-ci bəndinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən Mülki Prosessual Məcəllənin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasının Prezidenti X9 əsasən minimum aylıq əmək haqqının məbləği 2023-cü il yanvarın 1-dən 2025-ci ilin yanvarın 1-nədək 345 manat müəyyən edilmişdir. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2(022)-1131/2024 saylı qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi, 23 avqust 2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Maraqlı şəxs hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq X6 ödənilməsi qət edilmişdir. İşin faktiki hallarından müəyyən olunur ki, X7 ilə Maraqlı şəxs oğlunun birgə nikahdan doğulmuş 23 avqust 2019-cu il təvəllüdlü X1 üçün aliment tutulmuşdur. X4 alimentin indeksasiyasının həyata keçirilməsini xahiş edir. Göründüyü kimi, indeksasiya üzrə həm Ailə Məcəlləsinin tələbi, həm də Ali Məhkəmənin mövqeyi indeksasiyanın ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqına uyğun həyata keçirilməsi yönündədir. Hazırkı işin hallarından görünür ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tutulan alimentin məbləği Biləsuvar Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2(022)-1131/2024 saylı qətnaməsi ilə 200 (iki yüz) manat məbləğdə müəyyən edilmişdir. 2024-ci il üzrə ölkə üzrə minimum əmək haqqı 345 manat müəyyən edilmişdir. 200 (iki yüz) manat məbləğdə aliment 2024-ci il üçün minimum əmək haqqının 0,57 misli həddində olmuşdur. Odur ki, indeksasiya da müvafiq həddə aparılmalı, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (2025-ci il üçün minimum aylıq əmək haqqının məbləği 400 manat müəyyən edilmişdir) 0,57 misli həddində indeksasiya olunmalıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Biləsuvar Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2(022)-1131/2024 qətnaməsinə əsasən tutulmuş alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,57 misli həddində indeksasiya olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231,263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Ərizə təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2(022)-1131/2024 saylı qətnaməsi ilə Maraqlı şəxs oğlundan 23 avqust 2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay tutulan 200 (iki yüz) manat olmaqla sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,57 misli həddində indeksasiya olunsun. Alimentin indeksasiya olunmuş məbləğ üzrə tutulması qərardadın qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar