Məhkəmə qərarları › İş №8(023)-118/2025

Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-118/2025

11.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-118/2025 11.08.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Çobanova Elminaz Zarif qızının katibliyi ilə, Ərizəçi Tələbkar ödənilməli pul məbləğinin indeksasiya olunması barədə ərizəyə 11 avqust 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 2(023)-897/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş və icra müddəti ərzində borclular tərəfindən tələbkara ödənilməyən əsas 196 manat məbləğ indeksləşdirilərək 2017-ci il tarixdən - 2025-ci ilin iyun ayınadək 152,4 faiz artımı (196 AZN x 152,4 % = 298,70 AZN) nəzərə alaraq cəmi 298,70 manat məbləğində indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırılmışdır ki, Qazax Rayon Məhkəməsinin 2(023)- 897/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə qərarına əsasən, borclular Borclu1 və Borclu2 cəmi 196 manat məbləğində pul müştərək qaydada tutularaq Tələbkar xeyrinə ödənilməsi qərara alınmışdır. Qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almış və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsi nəticəsində 08 il, 0-1 ay, yəni (97 ay) müddətində xx.xx.2025-ci il tarixdə icra olunmuşdur (ödənilmişdir). Borclular məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsəydilər, tələbkar başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin, borcluların məhkəmə qərarı üzrə öhdəliyini icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə tələbkar, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə qərarı üzrə tələbkara ödənilməli olan 196 manat məbləgində borca görə məhkəmə qərarı üzrə tələb olunan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkara, borclulara və icra şöbəsinə məlumat verilməsinə baxmayaraq icra məmurları və borclular məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Ərizəçi Tələbkar "Elektron məhkəmə” informasiya sistemində olan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 232.2-ci maddəsinə istinad edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tələbkarın ərizəsini, iş materiallarını və eyni zamanda icra işi materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Qazax Rayon Məhkəməsinin 2(023)-897/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmrindən görünür ki, borclular Borclu1 (Qazax şəhəri, M.Hüseyn küçəsi ev 121də yaşayan) və Borclu2 ( Ağsu rayonu Musabəyli kəndində yaşayan) müştərək qaydada 175 manat məbləğində kredit borcu və ödənilmiş 21 manat məbləğində dövlət rüsumu alınaraq kreditor Tələbkar (Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küçəsi 1-də yerləşən) ödənilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. O da nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 232-ci maddəsi işə baxmış məhkəmə tərəfindən məhz qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsini nəzərdə tutmuş olsa da, bu təsisat hüquqi mahiyyəti və təyinatı baxımından formasından (qətnamə, qərardad, qərar və ya əmr) asılı olmayaraq müvafiq pul məbləğinin tutulmasını müəyyən edən, qanuni qüvvəyə minmiş istənilən məhkəmə aktına münasibətdə tətbiq edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 21.1 -ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tə’əb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 aprel 2025-ci il tarixli Qərarına əsasən; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində qeyd olunan "əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər)” müddəası borclunun icranı gecikdirdiyi müddət ərzində pulun alıcılıq qabiliyyətinin azalması şəklində ifadə olunan inflyasiya nəticəsində yaranan zərəri də ehtiva edir. Borclunun pul öhdəliklərini icra etməməsi nəticəsində kreditora dəyən zərərin (həmçinin inflyasiya nəticəsində yaranan zərər) həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsi ilə müəyyən olunmuş gecikdirmə faizlərinin məbləğindən çoxdursa, borcverən (kreditor) həmin Məcəllənin 449.3-cü maddəsinə əsaslanaraq bu faizlərlə əhatə olunmayan hissədə (fərq məbləğində) zərərin əvəzinin ödənilməsini borcludan tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli Qərarına əsasən; Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələrindən irəli gələrək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər. Məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası qanunun analogiyası üzrə "Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən olunan indeksasiya qaydalarına uyğun olaraq həyata keçirilməlidir. "Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin minimum istehlak büdcəsini hesablamaq üçün qəbul edilmiş istehlak malları və xidmətlər səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. İstehlak qiymətlərinin indeksinə və pul gəlirlərinin (əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin) artımındakı dəyişikliklərə dair məlumat, habelə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqı səviyyəsi və indeksləşdirmə üçün zəruri olan digər ilkin məlumat hər kvartal mətbuatda dərc edilir. Göründüyü kimi, qeyd edilən norma ilə nəzərdə tutulmuş ödənilməli pul məbləğlərinin indeksasiyası vətəndaşların pul gəlirləri və əmanətlərinin deyil, məhkəmə qətnaməsinin icra edilmədiyi və ya gec icra edildiyi dövrdə tutulmalı pul məbləğinin indeksasiyasını nəzərdə tutur. Bununla da qanunverici borcluların icradan yayınması nəticəsində tələbkara ödənilməli pul məbləğinin istehlak qiymətlərinin artımı ilə bağlı itirilmiş alıcılıq qabiliyyətinin bərpası istiqamətində bir mexanizm nəzərdə tutmuşdur ki, pul məbləğlərinin indeksasiyası barədə ərizələrə baxılarkən istehlak qiymətlərinin indeksinin artımına görə indeksləşdirmə aparılsın. Bundan əlavə, indeksasiya inflyasiya nəticəsində istehlak qiymətlərinin artdığı bir şəraitdə tələbkarın üzləşdiyi zərərin əvəzinin ödənilməsi üçün nəzərdə tutulmuş mexanizmdir. İndeksasiya iflyasiya nəticəsində dəyən zərərin bərpa olunmasının üsulu olsa da, onu mülki hüququn mühüm institutlarından biri olan zərərin əvəzinin ödənilməsi ilə eyniləşdirmək olmaz. Zərərin əvəzinin ödənilməsi mülki-hüquqi məsuliyyət tədbiri olduğu halda, indeksasiyasının belə hüquqi təyinatı yoxdur. Digər tərəfdən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ hüquqazidd əməlin, bir qayda olaraq, təqsirli törədilməsi nəticəsində yarandığı halda indeksasiyanın aparılması üçün borclunun pul məbləğinin ödənilməsinə dair qətnamənin vaxtında icra edilməməsində və ya qətnamə ilə tutulan pul məbləğinin vaxtında ödənilməməsində təqsirinin olub-olmaması hüquqi əhəmiyyət kəsb etmir. Borclu icra sənədini hətta üzrlü səbəblərdən vaxtında icra etməsə belə, bu, həmin icra sənədi üzrə ödənilməli olan pul məbləğinin indeksasiyanın həyata keçirilməsini istisna etmir. "Azərbaycan Respublikasında istehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyator”da hesablamanın nəticəsindən müəyyən edilmişdir ki, 2025-ci ildə iyun ayında 2017-ci ilin aprel ayına nisbətən istehlak qiymətləri indeksi 152.4 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 52.4 faiz artmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Qazax Rayon Məhkəməsinin 2(023)-897/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə əsasən tutulmalı olan 196 manat məbləği üzrə indeksasiya həyata keçirilməli və borclular Borclu1 və Borclu2 əlavə olaraq 298,70 (196 X 152,4 = 298,70) manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Ərizə təmin edilsin. Qazax Rayon Məhkəməsinin 2(023)-897/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə əsasən tutulmalı olan 196 manat məbləği üzrə indeksasiya həyata keçirilərək Borclu1 və Borclu2 Tələbkar xeyrinə əlavə olaraq 298,70 manat məbləğində pul vəsaiti tutulsun. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində "Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar