Məhkəmə qərarları › İş №8(023)-34/2024

Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-34/2024

05.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-34/2024 05.06.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 və borclu X4 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-3275/2023 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə borclu X4 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : xx.xx.2024-cü il tarixdə borclu X7 məhkəməyə ərizə təqdim edərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-3275/2023 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahş etmişdir. Məhkəmə iclasında borclu X7 ərizəsini müdafiə edərək göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-3275/2023 nömrəli icra sənədinə əsasən ondan 14.264,60 manat alınıb tələbkar X3 xeyrinə və 8.402,20 manat və 104,05 manat dövlət rüsumu isə X1 xeyrinə ödənilməlidir. Hazırda iş icraya yönəldilmiş və işin icrası Qazax rayon icra və probasiya şöbəsinin icra məmurunun icraatındadır. İcra məmuru qətnamə üzrə borcun birdəfəlik ödənilməsini tələb etsə də həmin məbləği birdəfəyə ödəməyə imkanı yoxdur. O, borcun hissə-hissə ödənilməsini istəsə də tələbkarlar bununla razı olmamışdır. Hal-hazırda Atçılıq İdmanı və X8 uşaq Gənclər İdmanı məktəbində işləyir və əmək haqqısı 866 manat təşkil edir. Ayda əmək haqqısından 200 manat ödəməyi öhdəsinə götürür və məbləği ödəməkdən imtina etmir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-3275/2023 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-3275/2023 nömrəli icra sənədinə əsasən X7 14.264,60 manat alınıb tələbkar X3 xeyrinə və 8.402,20 manat və 104,05 manat dövlət rüsumu isə X1 xeyrinə ödənilməlidir. Bildirirəm ki, tələbkarlar borcun ödənilməsini tələb edirlər. Ona görə də ərizənin təmin olunmasını məhkəmənin mülahizəsinə buraxır. Tələbkarlar məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qaydasında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə, iş üzrə toplanmış sənədləri araşdıraraq, borclunu və icra məmurunu dinləyərək, hesab edir ki, ərizə əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinin mənasına görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxslər, ictimai birlikləri, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələbinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, borclu X4 Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-3275/2023 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsi tələbkarın mənafeyi baxımından da təmin edilməsi mümkün deyildir. Belə ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icra olunması dedikdə, onun icrasının müəyyən zaman intervalı və hər hissəsini icra müddəti nəzərə alınmaqla, hissə-hissə həyata keçirilməsi başa düşülür. Bu zaman tələbkarın mənafeyi də mütləq nəzərə alınmalıdır. Buna görə də qətnamənin icrasına möhlət verildiyi müddət və ya qətnamənin hissə-hissə icrası zamanı icra edilməli hissələrin arasındakı vaxt intervalı və həmin hissələrin icra müddəti olduqca çox olmamalıdır. Eləcə də qətnamənin icrasına müntəzəm möhlət verilməsi də məqədəuyğun deyildir. Əks təqdirdə məhkəmə qətnaməsinin səmərəliliyi azalır və tələbkar öz hüquqlarını realizə etmək hüququndan məhrum olur. Göründüyü kimi ərizəçinin göstərdiyi qaydada hər ay 200 manat məbləğində ödəniş etməklə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-3275/2023 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi üçün olduqca uzun müddət lazımdır ki, bu hal da məhkəmə qətnaməsinin səmərəliliyinin azalmasına və tələbkarın öz hüquqlarını realizə etmək imkanından məhrum olmasına səbəb olacaqdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-3275/2023 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə borclu X4 xahişi təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar