Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-57/2025 15.04.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi, X1nın, borclu Maraqlı şəxs Xəyyad oğlunun iştirakları ilə, Qazax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(023)-514/2018 nömrəli qətnaməsi əsasında müəyyən edilmiş alimentin məbləğinin indeksasiya edilməsi barədə X1nın ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə ərizəçi (tələbkar) X5 məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Qazax Rayon Məhkəməsinin 2(023)-514/2018 saylı, 15 mart 2018-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin indeksasiya olunması və alimentin miqdarını artıraraq bir uşaq üçün Maraqlı şəxs Xəyyad oğlundan 500 manat aliment tutulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. X1 ərizəni onunla əsaslandırmışdır ki, o, iş üzrə cavabdeh Maraqlı şəxs Xəyyad oğlu ilə 2016-cı il tarixində qeyri-rəsmi qaydada ailə həyatı qurmuşdur. Cavabdehlə nikahlarını rəsmiləşdirməmişlər. Cavabdehlə birgə nikahdan xx.xx.2018-ci il tarixdə X6 adlı uşağı anadan olmuşdur. Cavabdehlə ailə quranda ailə münasibətləri yaxşı olmuşdur. Xasiyyəti uyğun gəlmədiyindən artıq 2017-ci ildən ayrılmışlar. Hazırda o, uşaqla birlikdə çətin bir durumda yaşayır. Cavabdeh isə ayrıldığı gündən bu günə kimi alimentdən başqa uşağına heç bir maddi yardım etməmişdir. Bu səbəbdən də, məcbur olub aliment tələbinə dair iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Sonuncu dəfə Qazax Rayon Məhkəməsinin 2(023)-514/2018 saylı, 15 mart 2018-ci il qətnaməsinə əsasən bir uşağın saxlanması üçün 100 manat cavabdeh Hüseynov Xəyyad oğlundan alınaraq ona verilməsi qət edilmişdir. Cavabdeh yüksək məbləğdə qazanc əldə etməsinə baxmayaraq övladı ilə maraqlanmaq istəmir. Bundan başqa ailəyə köməklik edəni yoxdur. Bu səbəbdən də hesab edir ki, məhkəmə qətnaməsinin indeksasiya olunaraq alimentin miqdarının dəyişdirilməsi zərurəti yaranmışdır. Əgər cavabdeh, valideyinlik borcunu öz üzərində hiss etsə idi, bu zaman uşağı daha yaxşı saxlamaq üçün şərait yarada, daha yüksək məbləğdə aliment ödəyə bilər. Uşağın normal həyat yaşaması üçün hər cür qidalar, vitaminlər, uşaq əyləncələri, geyim əşyaları tələb olunur. Bütün bunları uşağı üçün təşkil etmək təkbaşına ona olduqca çətindir, hətta qeyri-mümkündür. Lakin cavabdeh uşağın normal yaşayışını təmin etmək üçün bütün bunların təşkil olunmasında ona hər hansı bir köməkliyini göstərmir. Hətta o uşağın hər hansı bir müalicəsi ilə əlaqədar bütün dərman vasitələrini almağa məcbur olur. Məhkəmə iclasında iştirak edən X1 ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən borclu Maraqlı şəxs Xəyyad oğlu ərizəyə münasibət bildirmədi. İcra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qaydasında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə, iş üzrə toplanmış sənədləri araşdıraraq, hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Belə ki, ərizəyə əlavə olunmuş Qazax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(023)-514/2018 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2018-ci il tarixdə anadan olmuş Tunar adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs Xəyyad oğlundan hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq, X4 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin mənasına görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 232.2-ci maddəsinə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2018-ci il tarixdən 130 manat həddində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanılmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini «xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir). Həmin qərarın 8.4-2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-nin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericiliklə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Məhkəmə hazırda indeksasiya edilməli olan alimentin Qazax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(023)-514/2018 nömrəli qətnaməsi ilə təyin olunmasını və minimum aylıq əmək haqqının məbləğinin xx.xx.2018-ci il tarixdən 130 manat həddində müəyyən edilməsini nəzərə alaraq, hesab edir ki, ərizə qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(023)-514/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunmalı, xx.xx.2018-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs Xəyyad oğlundan X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,77 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.11-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-nin 234.21-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikası ailə qanunvericiliyinin tələblərini və Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeni nəzərə alaraq, məhkəmə hesab edir ki, indeksasiya olunmuş aliment ərizənin məhkəməyə daxil olduğu xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 232, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 ərizəsi qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(023)-514/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunsun. xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2018-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs Xəyyad oğlundan X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,77 misli həddində sabit pul məbləğində aliment tutulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №8(023)-57/2025
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-57/2025
15.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver