Məhkəmə qərarları › İş №8(024)-135/2025

Qax Rayon Məhkəməsi Qərardad — İş №8(024)-135/2025

06.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 8(024)-135/2025 06.11.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Qax rayon İcra və Probasiya şöbəsinin rəisi Sənan Quliyevin iştirakı ilə, Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə Qax rayon İcra və Probasiya şöbəsinin rəisi Sənan Quliyev tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Qax rayon İcra və Probasiya şöbəsinin rəisi Sənan Quliyev təqdimatla Qax Rayon Məhkəməsinə müraciət edərək Borclunın ölkədən getmək hüququnun məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Qax rayon Məhkəməsinin 2(024)-86/2022 №li, 08 fevral 2022-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2009-cu il tarixində doğulmuş X2 və xx.xx.2011-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması vı maddi cəhətdən təmin edilməsi üçün hər ay hər bir uşaq üçün 100 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X3 verilməlidir. Alimentin tutulması 18 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Yuxarıda qeyd edilən icra sənədi xx.xx.2025-ci il tarixində Qax rayon İcra və Probasiya Şöbəsinə daxil olmu, tərəfimizdən «İcra Haqqında» Azərbaycan Respublikası Qanun 8-ci maddəsinə əsasən «İcraata başlamaq» haqqında qərar qəbul edilərək,müvafiq bildirişlə birlikdə borcluya, tələbkara və məhkəməyə göndərilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin Borclunın icra sənədi üzrə borcunun ödənilməsini keçən müddət ərzində təmin etməmişdir. Borclu tərəfindən məhkəmə qərarlarının icrası könüllü olaraq, qanunla müəyyən edilmiş müddətdə icra edilmədiyi üçün, tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyatı təşkilatlara sorğular göndərilmişdir. Tələbkar Mahalova(İmamova) Aynur Şirin qızı xx.xx.2025-ci il tarixdə Qax Rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək borclunun 19 may 2025-ci il tarixdə yaranmış 979 manat aliment borcunun ödənilmasi ilə bağlı köməklik göstərilməsini xahiş etmişdir. Borcluya 23 iyul 2025-ci il tarixdə xəbərdarlq göndərilmiş və Qax Rayon İcra və Probasiya şöbəsinə gəlməsi tələb edilmişdir. Borclu 08 oktyabr 2025-ci il tarixdə müvafiq qaydada izahat alınmış, icra vərəqinin icrası ilə bağlı yaranmış 1.474 manat aliment borcu ödənilməsi ondan tələb edilmiş, həmin tarixdə onun barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Qax Rayon Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli 3(024)340/2025 saylı qərarı ilə Borclu İXM-nın 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. İnzibati məhsuliyyətə cəlb edildikdən sonra borcluya yeni vaxt təyin edilmiş və 22 oktyabr 2025-ci il tarixdə cinayət məhsuliyyəti barədə rəsmi xədərdarlıq göndərilərək həmin tarixə yaranmış 1.474 manat aliment borcunun ödənilməsi tələb olunmuşdur. Odur ki, borclunun məhkəmə qərarının icrasından yayınması məqsədi ilə ölkə ərazisini tərk etməsinin qarşısını almaq məqsədə müvafiqdir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmə hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Odur ki, hazırki təqdimatla məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında Qax rayon İcra və Probasiya şöbəsinin rəisi Sənan Quliyev təqdimata uyğun izahat verərək, təqdimatın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.1-ci maddəsində göstərilmişdir ki, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə görə məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə göstərir ki, məhkəmə aktlarının icrası məhkəmə hakimiyyətinin bütövlüyünün təmin olunmasında xüsusi yer tutur. Məhkəmə hakimiyyəti orqanının bu və ya digər aktının icra edilməsinin meyarı məhkəmə hakimiyyətinin cəmiyyətdə əsas təyinatını əks etdirir. Ona görə də çıxarılmış məhkəmə aktları kağız üzərində qalmamalı, icra edilməklə ədalətin real olaraq bərqərar edilməsi aydın görünməlidir. İş materialları ilə müəyyən edilir ki Qax rayon Məhkəməsinin 2(024)-86/2022 №li, 08 fevral 2022-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2009-cu il tarixində doğulmuş X2 və xx.xx.2011-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması vı maddi cəhətdən təmin edilməsi üçün hər ay hər bir uşaq üçün 100 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X3 verilməlidir. Alimentin tutulması 18 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsində göstərilmişdir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra-icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. «İcra haqqında» Azərbaycan Respublikasınını Qanunun 84-1.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin maddənin məzmunundan göründüyü kimi, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: məhkəmənin qərarı əsasında verilmiş icra sənədinin könüllü icrası üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən icra sənədinin icra edilməməsi; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi; borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zəruriliyinin icra məmurunun təqdimatında əsaslandırılması. Bu əsaslardan hər hansı birinin olmaması borclunun ölkədən getmək hüququnun məhdudlaşdırması barədə tələbin kifayət qədər əsaslı olmadığı barədə nəticəyə gəlməyə əsas verir. Hazırki baxılan təqdimat üzrə göstərilən əsaslar mövcuddur. Ona görə də borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması qanunamüvafiqdir. Məhkəmə göstərir ki, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 6-cı bəndində deyilir ki, «mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti ədalətli məhkəmə araşdırmasının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən, Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar». Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin «Hornsbi Yunanıstana qarşı» Qərarında qeyd edilmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində tutulan «məhkəmə baxışına hüquq» xəyali xarakter alacaqdır. Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» 07 may 2002-ci il tarixli qərarında da göstərmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. Bu müddəalar məhkəmə aktının vaxtında icrasını təmin etmək məqsədinə xidmət edən məcburiyyət tədbirlərinin tətbiq olunmasını şərtləndirir. Lakin eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının azadlıq hüququnu təsbit edən 28ci maddəsinin İİİ hissəsinə görə qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Göründüyü kimi ölkədən getmək hüququnun məhdudlaşdırılması Konstitusiyada nəzərdə tutulmuş fundamental hüquq olan azadlıq hüququnun tərkib hissəsidir. Həmin maddənin İİ hissəsində göstərilir ki, azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsə alma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin ikinci hissəsinə görə dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Bu baxımdan borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması onun konstitusiya əhəmiyyətli hüquqlarına müdaxilə elementini özündə ehtiva edir. Bu cür müdaxilə isə qanunilik və ədalətli tarazlıq prinsiplərinə cavab verməlidir. Qanunilik prinsipi o deməkdir ki, məhdudlaşdırmanın qanuni əsasları olmalı, qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmalıdır. «Ədalətli balans» prinsipi özlüyündə müdaxilə edilən hüquqa nisbətdə ona bərabər marağın mövcudluğunu nəzərdə tutur. Ölkədən getmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli balans» gözlənilməlidir. Konkret olaraq, bu tədbir tətbiq edilərkən, tətbiq edilən vasitə ilə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. Hazırda borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə baxılan təqdimat bu prinsiplərə cavab verir. Çünki borclu üçün tətbiq olunan məhdudlaşdırma tələbkarın hüquqlarının təmin olunması ilə bağlıdır. Yəni borclunun hərəkət azadlığının müəyyən mənada məhdudlaşdırılması mütənasiblik meyarlarına cavab verir. Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2013-cü il tarixli 2-N nömrəli Kollegiya qərarının 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; 2.2.2. icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; 2.2.3.borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Təqdimat və əlavə edilmiş sənədlərdən görünür ki, icra məmuru tərəfindən məhkəməyə müvafiq təqdimatla müraciət edilməzdən əvvəl kollegiya qərarında qeyd edilmiş müvafiq tələblər tam olaraq yerinə yetirilmişdir. Avropa Məhkəməsinin bir sıra qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir. (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar). Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Qax rayon İcra və Probasiya şöbəsinin rəisi Sənan Quliyev tərəfindən verilmiş təqdimat təmin edilsin. xx xxxx 1977-ci ildə ünvan 1 ünvanda qeydiyyatda olan Borclunın ölkədən getmək hüququ müvəqqəti-Qax rayon Məhkəməsinin 2(024)-86/2022 №li, 08 fevral 2022-ci il tarixli icra sənədi üzrə yaranmış borc məbləği tam ödəlinədək müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Qax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar