Məhkəmə qərarları › İş №8(024)-150/2025

Qax Rayon Məhkəməsi Qərardad — İş №8(024)-150/2025

09.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 8(024)-150/2025 09.12.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Kərimov Elman Fərhad oğlunun katibliyi ilə Qax Rayon Məhkəməsinin 2(024)497/2022 №li, 18 iyul 2022-ci il tarixli qətnaməsi ilə tutulan alimentin indeksasiyasına dair ərizəçi Tələbkar ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək Qax Rayon Məhkəməsinin 2(024)497/2022 №li, 18 iyul 2022-ci il tarixli, qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği indeksasiya edilməklə yetkinlik yaşına çatmayan 29 noyabr 2008-ci il tarixdə doğulmuş X4 və 31 avqust 2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Borclu Tələbkar xeyrinə sonrakı artırmalar nəzərə alınmaqla bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.33 misli həddində sabit pul məbləğində alimentin tutulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, Qax Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2(024)497/2022 №li qətnaməsinə əsasən Borclu 29 noyabr 2008-ci il təvəllüdlü X3 və 31 avqust 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər biri üçün hər ay 100 (yüz) manat olmaqla ümumilikdə 200 manat sabit pul məbləğində aliment alınıb mənə, yəni Tələbkar verilməsi barədə 04 iyun 2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilməmişdir və müvafiq qətnamə qanuni qüvvəsini almışdır. Qətnamənin qüvvəyə mindiyi 2022-ci ildə uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu 193 manat, minimum əmək haqqı isə 300 manat olmuşdur. Lakin hazırda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun vahid məhkəmə təcrübəsinin formalaşdırılması ilə bağlı qərarlarında dəyişikliklər edilmiş və mövcud məhkəmə təcrübəsinə əsasən alimentin artırılması deyil, indeksasiyası nəzərdə tutulmuşdur. Hazırda uşaqlar üçün yaşayış minimumu 246 manat, minumum əmək haqqı 400 manat təşkil edir. Qətnamə çıxarılarkən minumum əmək haqqının 300 manat olması nəzərə alınsa o zaman təyin olunmuş 160 manat aliment minimum əmək haqqının 0.46 mislini təşkil etmişdir. Qeyd edir ki, «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarına əsasən hazırda olan minimum əmək haqqının (400 manat) 0.33 misli miqdarında aliment təyin olunmalı və həmin məbləğə uyğun indeksasiya olunmalıdır. Bir uşaq üçün 400 manatın 0.33 misli 133 manat təşkil edir. Ona görə də Borclu hər ay bir uşağa görə 133 manat olmaqla ümumilikdə 266 manat aliment tutulmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmasına baxmayaraq, Tələbkar məhkəməyə elektron məlumat göndərərək maddi imkanı olmadığı üçün məhkəməyə gələ bilməyəcəyini göstərərək, işə onun iştirakı olmadan baxılmasını və ərizədə göstərilən məbləğin təmin edilməsini xahiş etmiş Borclu məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə işə tərəflərin və ya onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ № 220994 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 29 noyabr 2025-ci il təvəllüdlü X3 atası Borclu, anası isə Tələbkardır. AZ-İV № 399178 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 31 avqust 2021-ci il təvəllüdlü X2 atası Borclu, anası isə Tələbkardır. Qax Rayon Məhkəməsinin 2(024)497/2022 №li, 18 iyul 2022-ci il tarixli qətnaməsi ilə- 29 noyabr 2008-ci ildə anadan olmuş X4 və 31 avqust 2021-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 100 manat olmaqla, cəmi 200 manat aliment alınıb iddiaçı Tələbkar verilməsi barədə iddiaçı Tələbkar ilə cavabdeh Borclu arasında bağlanmış 04 iyun 2022-ci il tarixli barışıq sazişi təsdiq edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Göründüyü kimi, qeyd edilən norma ilə nəzərdə tutulmuş ödənilməli pul məbləğlərinin indeksasiyası vətəndaşların pul gəlirləri və əmanətlərinin deyil, məhkəmə qətnaməsinin icra edilmədiyi və ya gec icra edildiyi dövrdə tutulmalı pul məbləğinin indeksasiyasını nəzərdə tutur. Bununla da qanunverici borclunun icradan yayınması nəticəsində tələbkara ödənilməli pul məbləğinin istehlak qiymətlərinin artımı ilə bağlı itirilmiş alıcılıq qabiliyyətinin bərpası istiqamətində bir mexanizm nəzərdə tutmuşdur ki, pul məbləğlərinin indeksasiyası barədə ərizələrə baxılarkən istehlak qiymətlərinin indeksinin artımına görə indeksləşdirmə aparılsın. Bundan əlavə, indeksasiya inflyasiya nəticəsində istehlak qiymətlərinin artdığı bir şəraitdə tələbkarın üzləşdiyi zərərin əvəzinin ödənilməsi üçün nəzərdə tutulmuş mexanizmdir. İndeksasiya inflyasiya nəticəsində dəyən zərərin bərpa olunmasının üsulu olsa da, onu mülki hüququn mühüm institutlarından biri olan zərərin əvəzinin ödənilməsi ilə eyniləşdirmək olmaz. Zərərin əvəzinin ödənilməsi mülki-hüquqi məsuliyyət tədbiri olduğu halda, indeksasiyasının belə hüquqi təyinatı yoxdur. İşin halları ilə müəyyən olunur ki, hazırkı ərizəsində Tələbkar Qax Rayon Məhkəməsinin 2(024)497/2022 №li, 18 iyul 2022-ci il tarixli, qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği indeksasiya edilməklə yetkinlik yaşına çatmayan 29 noyabr 2008ci il tarixdə doğulmuş X4 və 31 avqust 2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Borclu Tələbkar xeyrinə sonrakı artırmalar nəzərə alınmaqla bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.33 misli həddində sabit pul məbləğində alimentin tutulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarı: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0.74 mislində (345 x 0.74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini «xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minumumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən olunmuşdur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilibdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, pul məbləğlərinin indeksasiyası, istehlak qiymətlərinin artması ilə əlaqədar həmin məbləğin dəyərini qorumaqla şəxsin qanuni mənafeyini müdafiə etmək məqsədi daşıdığından və alimentin indeksasiyasının yuxarıda qeyd edilən Ali Məhkəmənin Plenumunun Qərarının 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi, habelə ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2020-ci ildə 250, 2021-ci ildən 250, 2022-ci ilin yanvar ayının 1dən 2023-cü ilin yanvar ayının 1-dək 300 manat; 2023-cü ilin yanvar ayının 1-dən 2024-cü ilin yanvar ayının 1-dək 345 manat, 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edildiyi nəzərə alınmaqla ərizəçinin indeksasiya tələbi təmin edilməli, 2022-ci ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 100 manat sabit pul məbləğində alimentin tutulması qət edildiyindən və tutulmuş alimentin miqdarı 2022-ci il üzrə müəyyən edilmiş 300 manat məbləğində minimum əmək haqqının 33 %-i təşkil etdiyindən, məhkəməyə müraciət olunduğu tarixdən-27 noyabr 2025-ci il tarixdən etibarən 29 noyabr 2008-ci il tarixdə doğulmuş X4 və 31 avqust 2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu hər ay hər uşaq üçün sonraki artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş 2025-ci il üçün minimum əmək haqqının 33%-i, 0.33 misli 132 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Ərizə təmin edilsin. Qax Rayon Məhkəməsinin 2(024)497/2022 №li, 18 iyul 2022-ci il tarixli qətnaməsi ilə tutulan aliment indeksasiya edilsin. 27 noyabr 2025-ci il tarixdən etibarən 29 noyabr 2008-ci il tarixdə doğulmuş X4 və 31 avqust 2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu hər ay hər uşaq üçün sonraki artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş 2025-ci il üçün minimum əmək haqqının 33%-i, 0.33 misli həddində 132 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar