Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 8(024)-155/2025 26.12.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi ilə, Qax Rayon Məhkəməsinin 2(024)139/2023 №li, 31 mart 2023-cü il tarixli qətnaməsi ilə tutulan alimentin indeksasiyasına dair ərizəçi Lətifli (Loğmanova) Nərmin Fadil qızının ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Tələbkar Lətifli (Loğmanova) Nərmin Fadil qızı ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Borclu uşaqları X4 və X1 üçün verilən alimentin hər uşaq üçün Azərbaycan Respublikası üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğində artırılaraq indeksasiya edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Borclula xx.xx.2014-cü ildə rəsmi nikahdan keçərək, ailə həyatı qurmuşdur. Onların birgə nikahdan xx.xx.2014-cü ildə Hilal, xx.xx.2018-ci ildə isə Nihad adlı 2 uşağı anadan olmuşdur. Ailə münasibəti pozulduğundan 2019-cu ilin 25 noyabrında nikahı Qax rayon Məhkəməsi vasitəsilə pozulmuşdur. Məhkəmə qətnaməsi ilə hər uşağa 100 manat sabit pul məbləğində aliment təyin edilmişdir. İkinci dəfə alimentin artırılması iə əlaqədar Qax Rayon Məhkəməsinə ərizə vermiş, məhkəmənin qətnaməsi ilə alimetn tələbi hər uşaq üçün 130 manat məbləğdə təyin edildi. Evi yoxdur, işləmək üçün Bakı şəhər və Abşeron rayonu, Xırdalan şəhərində onun bunun evində təmizlik fərdi işi aparıb, gündəlik dolanışıq xərcini çıxarıb, uşaqları açından ölmələrinə imkan vermir. Hazırda Xırdalan şəhərində ən aşağı şəraitli olan evin kirayə haqqı 300 manatdır, Bakıda isə 500 manatdan yuxarıdır. Bir qohum əqrəba yoxdur ki, ona kömək etsin. Atası isə anası öləndən sonra başqa qadınla evlənmiş, o, isə məni evinə buraxmır. Cavabdehin verdiyi hər uşaq üçün 130 manat heç qışda uşaqları isitmək üçün kommunal xərcə belə bəs etmir. Hazırda hər 2 övladı məktəbə gedir, onların paltar və məktəb ləvazimatlarına ehtiyacları var. Cavabdehin özünün və atasının Qax rayonu ərazisində hektarlarla findıq bağları var. Cavabdeh Borclu uşaqları X5 və X1 üçün verilən alimentin hər uşaq üçün Azərbaycan Respublikası üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğində artırılaraq indeksasiya edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tələbkar Lətifli (Loğmanova) Nərmin Fadil qızı və Borclu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən işə Lətifli (Loğmanova) Nərmin Fadil qızı və Borclu iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Az-İİİ 320804 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 05 iyun 2014-cü ildə doğulmuşdur. Az- İV 161157 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 11 sentyabr 2018-ci ildə doğulmuşdur. Qax Rayon Məhkəməsinin 2(024)139/2023 №li, 31 mart 2023-cü il tarixli qətnaməsindən görünür ki, 05 iyun 2014-cü il təvəllüdlü X4 11 sentyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu iddiaçı Lətifli (Loğmanova) Nərmin Fadil qızına bir uşaq üçün ödədiyi 100 (yüz) manat alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 130 (yüz otuz) manat sabit pul məbləğində müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Göründüyü kimi, qeyd edilən norma ilə nəzərdə tutulmuş ödənilməli pul məbləğlərinin indeksasiyası vətəndaşların pul gəlirləri və əmanətlərinin deyil, məhkəmə qətnaməsinin icra edilmədiyi və ya gec icra edildiyi dövrdə tutulmalı pul məbləğinin indeksasiyasını nəzərdə tutur. Bununla da qanunverici borclunun icradan yayınması nəticəsində tələbkara ödənilməli pul məbləğinin istehlak qiymətlərinin artımı ilə bağlı itirilmiş alıcılıq qabiliyyətinin bərpası istiqamətində bir mexanizm nəzərdə tutmuşdur ki, pul məbləğlərinin indeksasiyası barədə ərizələrə baxılarkən istehlak qiymətlərinin indeksinin artımına görə indeksləşdirmə aparılsın. Bundan əlavə, indeksasiya inflyasiya nəticəsində istehlak qiymətlərinin artdığı bir şəraitdə tələbkarın üzləşdiyi zərərin əvəzinin ödənilməsi üçün nəzərdə tutulmuş mexanizmdir. İndeksasiya inflyasiya nəticəsində dəyən zərərin bərpa olunmasının üsulu olsa da, onu mülki hüququn mühüm institutlarından biri olan zərərin əvəzinin ödənilməsi ilə eyniləşdirmək olmaz. Zərərin əvəzinin ödənilməsi mülki-hüquqi məsuliyyət tədbiri olduğu halda, indeksasiyasının belə hüquqi təyinatı yoxdur. İşin halları ilə müəyyən olunur ki, tələbkar Lətifli (Loğmanova) Nərmin Fadil qızı ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Borclu uşaqları X4 və X1 üçün verilən alimentin hər uşaq üçün Azərbaycan Respublikası üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğində artırılaraq indeksasiya edilməsi barədə qərardad çıxarılmasını xahiş edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarı: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minumumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən olunmuşdur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilibdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, pul məbləğlərinin indeksasiyası, istehlak qiymətlərinin artması ilə əlaqədar həmin məbləğin dəyərini qorumaqla şəxsin qanuni mənafeyini müdafiə etmək məqsədi daşıdığından və alimentin indeksasiyasının yuxarıda qeyd edilən Ali Məhkəmənin Plenumunun Qərarının 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi, habelə ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2019-cu ilin mart ayından180, sentyabr ayından 250 manat, 2020ci ildə 250, 2021-ci ildən 250, 2022-ci ilin yanvar ayının 1-dən 2023-cü ilin yanvar ayının 1dək 300 manat; 2023-cü ilin yanvar ayının 1-dən 2024-cü ilin yanvar ayının 1-dək 345 manat, 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edildiyi nəzərə alınmaqla ərizəçinin indeksasiya tələbi təmin edilməli, 2023-cü ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 130 manat sabit pul məbləğində alimentin tutulması qət edildiyindən və tutulmuş alimentin miqdarı 2023-cü il üzrə müəyyən edilmiş 345 manat məbləğində minimum əmək haqqının 0.38 %-ni təşkil etdiyindən, məhkəməyə müraciət olunduğu tarixdən-22 dekabr 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 05 iyun 2014cü il təvəllüdlü X4 11 sentyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay hər uşaq üçün sonraki artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş 2025-ci il üçün minimum əmək haqqının 38%-i, 0.38 misli həddində 150 manat sabit pul məbləğində aliment tutularaq Lətifli (Loğmanova) Nərmin Fadil qızına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Ərizə təmin edilsin. Qax rayon Məhkəməsinin 2(024)139/2023 №li, 31 mart 2023-cü il tarixli qətnaməsi ilə tutulan aliment indeksasiya edilsin. 22 dekabr 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 05 iyun 2014-cü il təvəllüdlü X4 11 sentyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay hər bir uşaq üçün sonraki artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş 2025-ci il üçün minimum əmək haqqının 38 %-i, 0.38 misli həddində 150 manat sabit pul məbləğində aliment tutularaq (Loğmanova) Nərmin Fadil qızına qızına ödənilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №8(024)-155/2025
Qax Rayon Məhkəməsi Qərardad — İş №8(024)-155/2025
26.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver