Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 8(024)-86/2025 15.08.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi ilə Qax Rayon Məhkəməsinin 2(024)692/2014 №li, 06 noyabr 2014-cü il tarixli məhkəmə əmri ilə tutulan və icra müddəti ərzində borclular tərəfindən tələbkara ödənilməyən borc pul məbləğinin indeksasiyasına dair ərizəçi Tələbkar ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək Qax Rayon Məhkəməsinin 2(024)692/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş və icra müddəti ərzində borclular tərəfindən tələbkara ödənilməyən əsas 421 manat məbləğ indeksləşdirilərək 2014-cü il tarixdən-2025-ci ilin aprel ayınadək 202.9 faiz artımı (421 AZN x 202,9 % = 854,20 AZN) nəzərə alaraq cəmi 1275,20 manat məbləğində indeksləşdirilmənin müəyyən qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, Qax Rayon Məhkəməsinin 2(024)- 692/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə qərarına əsasən, borclular Borclu1 və Borclu2 cəmi 421 manat məbləğində pul müştərək qaydada tutularaq Tələbkar xeyrinə tutulması ödənilməsi qərara alınmışdır. Hazırda qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almasını və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmamışdır (ödənilməmişdir). Borclular məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsəydilər tələbkar, başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin, borcluların məhkəmə qərarı üzrə öhdəliyinin icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə tələbkar, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə qərarı üzrə tələbkara ödəlinməli olan 421 manat məbləğində borca görə məhkəmə qərarı üzrə tələb olunan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. Belə ki, indeksasiya institutu pulun alıcılıq qabiliyyətinin məhz məhkəmə aktı qəbul edilən an mövcud olan səviyyədə bərpasına yönəldiyindən, eləcə də bu hüquqi alət sanksiya xarakteri daşımadığına görə, onun tətbiqi məhkəmə aktının qanuni qüvvəyə minməsi və ya məhkəmə aktının icrasından yayınma ilə əlaqələndirilə bilməz. Bu səbəbdən indeksasiya məhz məhkəmə aktının qəbul edildiyi (elan edildiyi) gündən onun tam icra edildiyi günədək olan müddəti əhatə etməlidir. İndeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. O da nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 232-ci maddəsi işə baxmış məhkəmə tərəfindən məhz qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsini nəzərdə tutmuş olsa da, bu təsisat hüquqi mahiyyəti və təyinatı baxımından formasından (qətnamə, qərardad, qərar və ya əmr) asılı olmayaraq müvafiq pul məbləğinin tutulmasını müəyyən edən, qanuni qüvvəyə minmiş istənilən məhkəmə aktına münasibətdə tətbiq edilə bilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmasına baxmayaraq, tərəflər gəlməmiş, Tələbkar məhkəməyə ərizə göndərərək iş çoxluğu ilə əlaqədar üzürlü səbəbdən iş üzrə məhkəmə baxış iclasında iştirak edə bilmədiyi üçün, həmçinin məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və ərizəsinin təmin edilməsini xahiş etmiş, həmçinin iş üzrə zəruri sənədlər ərizəyə əlavə olunaraq məhkəməyə təqdim olunmasını nəzərə alaraq işə onların iştirakı olmadan baxaraq ərizənin təmin olunmasını xahiş etmiş, borclular Borclu1 və Borclu2, maraqlı şəxs Qax rayon İcra və probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirakı təmin olunmamış, məhkəmə iclasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Qax Rayon Məhkəməsinin 2(024)692/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmrinin surətindən görünür ki, Qax şəhəri, Ə.Xaqani küçəsi ev-25-də yaşayan Borclu1 və Qax şəhəri Ə.Xaqani küçəsi ev-25-də yaşayan Borclu2 400 (dörd yüz manat) manat əsas borc və 20 manat ödənilmiş dövlət rüsumu cəmi 421 (dörd yüz iyirmi bir manat) manat məbləğində pul alınaraq Bakı şəhəri Yasamal rayonu H.Cavid pr, 50/14 yaşayan kreditor Tələbkar verilməsi əmr edilmişdir. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, Qax şəhəri Ə.Xaqani küçəsi ev- 25-də yaşayan Borclu1 və Qax şəhəri Ə.Xaqani küçəsi ev-25-də yaşayan Borclu2 400 (dörd yüz manat) manat əsas borc və 20 manat ödənilmiş dövlət rüsumu cəmi 421 (dörd yüz iyirmi bir manat) manat məbləğində pul alınaraq Bakı şəhəri Yasamal rayonu H.Cavid pr, 50/14 yaşayan kreditor Tələbkar verilməsi əmr edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Göründüyü kimi, qeyd edilən norma ilə nəzərdə tutulmuş ödənilməli pul məbləğlərinin indeksasiyası vətəndaşların pul gəlirləri və əmanətlərinin deyil, məhkəmə qətnaməsinin icra edilmədiyi və ya gec icra edildiyi dövrdə tutulmalı pul məbləğinin indeksasiyasını nəzərdə tutur. Bununla da qanunverici borclunun icradan yayınması nəticəsində tələbkara ödənilməli pul məbləğinin istehlak qiymətlərinin artımı ilə bağlı itirilmiş alıcılıq qabiliyyətinin bərpası istiqamətində bir mexanizm nəzərdə tutmuşdur ki, pul məbləğlərinin indeksasiyası barədə ərizələrə baxılarkən istehlak qiymətlərinin indeksinin artımına görə indeksləşdirmə aparılsın. Bundan əlavə, indeksasiya inflyasiya nəticəsində istehlak qiymətlərinin artdığı bir şəraitdə tələbkarın üzləşdiyi zərərin əvəzinin ödənilməsi üçün nəzərdə tutulmuş mexanizmdir. İndeksasiya inflyasiya nəticəsində dəyən zərərin bərpa olunmasının üsulu olsa da, onu mülki hüququn mühüm institutlarından biri olan zərərin əvəzinin ödənilməsi ilə eyniləşdirmək olmaz. Zərərin əvəzinin ödənilməsi mülki-hüquqi məsuliyyət tədbiri olduğu halda, indeksasiyasının belə hüquqi təyinatı yoxdur. Mülki Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. İşin halları ilə müəyyən olunur ki, hazırkı ərizəsində Tələbkar Qax Rayon Məhkəməsinin 2(024)-692/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş və icra müddəti ərzində borclular tərəfindən tələbkara ödənilməyən əsas 421 manat məbləğ indeksləşdirilərək 2014-cü il tarixdən-2025-ci ilin aprel ayınadək 202,9 faiz artımı (421 AZN x 202,9 % = 854,20 AZN) nəzərə alaraq cəmi 1.275,20 manat məbləğində indeksləşdirilmənin müəyyən qərardad qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 aprel 2025-ci il tarixli Qərarına əsasən; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində qeyd olunan “əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər)” müddəası borclunun icranı gecikdirdiyi müddət ərzində pulun alıcılıq qabiliyyətinin azalması şəklində ifadə olunan inflyasiya nəticəsində yaranan zərəri də ehtiva edir. Borclunun pul öhdəliklərini icra etməməsi nəticəsində kreditora dəyən zərərin (həmçinin inflyasiya nəticəsində yaranan zərər) həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1 -ci maddəsi ilə müəyyən olunmuş gecikdirmə faizlərinin məbləğindən çoxdursa, borcverən (kreditor) həmin Məcəllənin 449.3-cü maddəsinə əsaslanaraq bu faizlərlə əhatə olunmayan hissədə (fərq məbləğində) zərərin əvəzinin ödənilməsini borcludan tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli Qərarına əsasən; Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələrindən irəli gələrək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər. Məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən olunan indeksasiya qaydalarına uyğun olaraq həyata keçirilməlidir. "Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin minimum istehlak büdcəsini hesablamaq üçün qəbul edilmiş istehlak malları və xidmətlər səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. İstehlak qiymətlərinin indeksinə və pul gəlirlərinin (əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin) artımındakı dəyişikliklərə dair məlumat, habelə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqı səviyyəsi və indeksləşdirmə üçün zəruri olan digər ilkin məlumat hər kvartal mətbuatda dərc edilir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyası 129-cu maddəsinin: l-ci bəndinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir; İl-ci məndinə əsasən, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən "hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. "Moroko Rusiyaya qarşı iş üzrə" İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi ödənilməli pul məbləğlərinin indeksasiyasını məhkəmə qərarının uzun müddət icra edilməməsi nəticəsində inflyasiya itkilərinin kompensasiya olunmasının səmərəli tədbiri kimi tanımışdır. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında göstərilmişdir, Konstitusiya və Beynəlxalq-hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir....Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 7,10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli qərarında hesab etmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bu vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarlarında ifadə edilmiş hüquqi mövqelərə əsasən işə baxmış məhkəmə tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qətnamənin icrası zamanı tutulmalı (ödənilməli) pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirilməsi məhz qanuni qüvvəyə minmiş qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsində nəzərdə tutulmuş indeksləşdirmənin tətbiq edilməsi zərurəti pulun inflyasiyaya uğraması iləəlaqədardır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsində nəzərdə tutulmuş indeksləşdirmənin tətbiqi inflyasiya prosesləri ilə əlaqədar tələbkarın əmlak maraqlarının müdafiəsinin prosessual təminatıdır. Başqa sözlə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232ci maddəsinə əsasən qətnamənin icrası zamanı tutulmalı (ödənilməli) pul məbləğlərinin indeksasiyası tutulmuş pul məbləğlərinin dəyərinin inflyasiya şəraitində itirilməsi ilə əlaqədar (qətnamədə tutulmuş pul məbləğinin icra zamanı müvafiq pul məbləğinin dəyərini ifadə etməməsi, yəni qətnamədə tutulmuş pul məbləğinin icra zamanı dəyərsizləşməsi ilə əlaqədar) tələbkarın hüquqlarının müdafiəsinin real təminatına yönəlmişdir. Həmçinin qeyd olunmalıdır ki, indeksasiya pul vəsaitlərinin alıcılıq qabiliyyətinin qorunması üsulu olduğundan indeksasiya haqqında tələblərə iddia müddəti şamil olunmur, yəni inflyasiya ilə əlaqədar malların dəyərinin bir qayda olaraq artması səbəbindən eyni pul vəsaitləri məbləğinə müxtəlif dövrlər ərzində fərqli həcmdə mallar almaq olar. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Qax Rayon Məhkəməsinin 2(024)692/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş 421 manat məbləğ indeksləşdirilərək, 2014-cü il tarixdən - 2025-ci ilin aprel ayınadək 202,9 faiz artımı (421 AZN x 202,9 % = 854,20 AZN) nəzərə alaraq cəmi 1.275,20 manat istehlak qiymətlərinin indeksinə uyğun olaraq həyata keçirməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Ərizə təmin edilsin. Qax Rayon Məhkəməsinin 2(024)692/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş və icra müddəti ərzində borclular tərəfindən tələbkara ödənilməyən əsas 421 manat məbləğ indeksləşdirilərək 2014-cü il tarixdən - 2025-ci ilin aprel ayınadək 202,9 faiz artımı (421 AZN x 202,9 %=854,20 AZN) nəzərə alaraq cəmi 1.275,20 manat məbləğində indeksləşdirilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №8(024)-86/2025
Qax Rayon Məhkəməsi Qərardad — İş №8(024)-86/2025
15.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver