Məhkəmə qərarları › İş №8(025)-125/2023

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №8(025)-125/2023

30.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 8(025)-125/2023 30.12.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Borclu X1 iştirakı ilə Qəbələ Rayon Məhkəməsinin 2(025)-814/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatına məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Ü.S.Həmidli Qəbələ Rayon Məhkəməsinin 2(025)-814/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli qərarla icraata başladığı Qəbələ Rayon Məhkəməsi tərəfindən verilmiş 2(025)-814/2020-006 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.1991-ci ildə Qəbələ rayonu Vəndam qəsəbəsində anadan olmuş və qeydiyyatda olmaqla yaşayan Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 250 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2020-ci il tarixində Qəbələ rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu ünvanına göndərilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamış və hazırda 1525 manat aliment borcu vardır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında borclu X2 izahatında göstərdi ki, "xxxx" MMC-də işləyir. Rəsmi əmək haqqı 561 manat olsa da, digər ödənişlər çıxıldıqdan sonra ələ çatan əmək haqqı 490 manat təşkil edir. Həmin pulun bir hissəsi isə "xxxx" ASC tərəfindən onun kredit borcuna tutulmaqdadır. Yerdə qalan bütün pulunu isə aliment borcuna ödəməkdədir. Belə ki, o, aylıq 250 manat aliment ödəməli olsa da, hər ay 288-300 manat aliment ödəməkdədir. Hal-hazırda isə yenidən ailə qurmuş və Bakı şəhərində kirayədə yaşayır. İşlədiyi şirkət tərəfindən 3 günlük işlə bağlı Türkiyəyə göndəriləsidir. Əgər ölkədən getmək hüququ məhdudlaşdırılarsa, o zaman həmin şirkət onu işdən azad edəcəkdir. Belə olan halda isə aliment borcunu ödəməkdə çox çətinlik çəkəcəkdir. Göstərilənləri nəzərə alaraq təqdimatın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş təqdimat müəllifi və tələbkar məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə təqdimat müəllifinin və tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, ona əlavə olunmuş sənədləri və icra işini nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməməlidir. Təqdimata əlavə olunmuş Qəbələ Rayon Məhkəməsinin 2(025)-814/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən 15 oktyabr 2015-ci il təvəllüdlü X4 və 04 mart 2019-cu il təvəllüdlü X3 cavabdeh – anası Tələbkar yanında saxlanılması, Borclu xx.xx.2020-ci il tarixdən başlayaraq, 15 oktyabr 2015-ci il təvəllüdlü X4 və 04 mart 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat aliment tutularaq cavabdeh Tələbkar ödənilməsi qət edilmişdir. Təqdimata əlavə olunmuş “Elektron icra” informasiya sistemindən Çıxarışdan görünür ki, icra məmuru borclunun əmlakının və gəlirlərinin müəyyən edilməsi üçün bütün zəruri tədbirləri görmüş, lakin borclunun hər hansı bir daşınar və daşınmaz əmlakı, bank hesabı və ya digər gəliri müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş “Elektron məhkəmə” sistemindən çıxarışdan görünür ki, X2 "xxxx" MMC-də gözətçi işləməklə aylıq əmək haqqı 561 manat təşkil edir. Təqdimata əlavə edilmiş Qəbələ rayon İcra və probasiya şöbəsinin 20 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-814/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatın verilməsi İcra Baş İdarəsi ilə razılaşdırılmışdır. Təqdimata əlavə edilmiş ödəniş qəbzlərinin surətlərindən görünür ki, borclu X2 tərəfindən aliment ödənişləri davamlı olaraq edilmiş, həmçinin yığılmış aliment borcunun ödənilməsi üçün hər ay üçün müəyyən edilmiş aliment məbləğindən artıq ödənişlər edilmişdir. Beləliklə, məhkəmə icra işini və təqdimata əlavə edilmiş sənədləri tədqiq edərək müəyyən edir ki, borclu tərəfindən aliment ödənişləri son dövrlərdə müntəzəm olaraq ödənilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinin tələbinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icrası üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə görə isə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar icra sənədinin hər hansı səbəbdən icra edilməməsi ilə deyil, yalnız üzürsüz səbəbdən icra edilməməsi halında həm də icra sənədinin icrası borclunun şəxsiyyəti ilə bağlı olub onun iradəsindən asılı olduğu hallarda qəbul oluna bilər. Nəzərə alınmalıdır ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdıırlması şəxsin konstitusion hüquqları ilə bağlı olduğundan bu qərarlar yetərincə əsaslı olmalıdır. Məhkəmə hesab edir ki, borclu X1 icra sənədinin icrasından yayınmaq ehtimalı olmadığından onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına da hər hansı əsas yoxdur. Borclunun tələbkara olan qalıq borcunun hissə-hissə olmaqla hər ay ödəməsini nəzərə alaraq məhkəmə qərara gəlir ki, təqdimat təmin edilməməlidir. Odur ki, məhkəmə icra sənədənin icrasını təmin etmək məqsədilə X1 müvəqqəti olaraq ölkədən getmək hüququnun məhdudlaşdırılmasını əsaslı saymayıb, təqdimatın təmin olunmaması qənaətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Qəbələ Rayon Məhkəməsinin 2(025)-814/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Ü.S.Həmidlinin təqdimatı təmin edilməsin. Qərardaddan onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar