Məhkəmə qərarları › İş №8(025)-199/2025

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №8(025)-199/2025

17.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 8(025)-199/2025 17.12.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, İsayeva Elvina Allahverdi qızının katibliyi ilə. Ərizəçi (tələbkar) Tələbkar Qəbələ Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, e- 2(025)-761/2025 nömrəli qətnaməsi ilə müəyyən edilmiş “pul məbləğinin indeksasiya edilməsi” barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (tələbkar) Tələbkar Qəbələ Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, e- 2(025)-761/2025 nömrəli qətnaməsi ilə müəyyən edilmiş “aliment məbləğinin indeksasiya edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay minimum əmək haqqının 1,0 misli həddində sabit pul məbləğində aliment Borclu tutularaq, iddiaçı Tələbkar ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçi Qəbələ Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, e-2(025)-761/2025 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiyasını tələb etsədə,həmin qətnamə tədqiq edilərkən müəyyən edilmişdir ki, qeyd olunan qətnamə üzrə müəyyən edilmiş alimentin məbləği qüvvədə olan qanunvericiliyin tələblərinə uygun olaraq indeksasiya olunmuş və həmin məzmunda tərtib olunmuşdur. Belə olan halda indeksasiya olunmuş aliment məbləğinin yenidən indeksasiya olunması yolverilməzdir. Ərizənin məzmunundan görünür ki, ərizəçi aliment məbləğinin artırılmasını xahiş etmək istəmişdir. Lakin bu zaman ərizəni qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinə əsasən: 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. 149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Göründüyü kimi ərizə Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməməklə məhkəməyə təqdim edilmişdir. Ərizəçi (tələbkar) Tələbkar ərizəsində xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay minimum əmək haqqının 1,0 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Lakin ərizədən də görünür ki, Qəbələ Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, e-2(025)- 761/2025 nömrəli qətnaməsi ilə aliment məbləği müəyyən edilərkən hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Beləliklə, ərizəçi (tələbkar) Tələbkar məhkəmədə iddia icraatı qaydasında “aliment məbləğinin artırılması” tələbi ilə bağlı iddia qaldırmalı olduğu halda “aliment məbləğinin indeksasiya edilməsi” barədə ərizə ilə müraciət etmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarından görünür ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi geri qaytarılır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə belə hesab edir ki, ərizə tələbkara geri qaytarılmalı və ona izah edilməlidir ki, qeyd olunan çatışmazlıqları aradan qaldırdıqdan sonra müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 149, 152.1.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi (tələbkar) Tələbkar Qəbələ Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, e-2(025)- 761/2025 nömrəli qətnaməsi ilə müəyyən edilmiş “aliment məbləğinin indeksasiya edilməsi” barədə ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Ərizəçi (tələbkar) Tələbkar iddia icraatı qaydasında məhkəməyə iddia vermək hüququnun olması izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar