Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 8(025)-33/2024 05.04.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Borclu (ərizə müəllifi) Borclu, Tələbkar və Maraqlı şəxs icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1 iştirakları ilə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-128/2023 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsinə dair Borclu ərizəsinə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-128/2023 nömrəli qətnaməsinə əsasən, iddia iddia qismən təmin edilərək, cavabdeh Borclu vurulmuş maddi ziyanın əvəzi olaraq 2699 (iki min altı yüz doxsan doqquz) manat və 46,99 (qırx altı manat doxsan doqquz qəpik) manat dövlət rüsumu alınıb iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Borclu (ərizə müəllifi) Borclu məhkəməyə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək, Qəbələ rayon məhkəməsinin 2(025)-128/2023-013 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 2625,99 (2745.99- 120) manat məbləğində pul vəsaitinin tərəfindən Tələbkar hər ay 50 manat ödəniş etməklə müvafiq məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Borclu ərizəni onunla əsaslandırmışdır ki, Qəbələ rayon məhkəməsinin 2(025)- 128/2023-013 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan 2745,99 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ödənilməlidir. Göstərilən icra sənədi Maraqlı şəxs tərəfindən icraya yönəldiyi vaxtdan borclu olduğu məbləğin ödənilməsi məqsədilə sentyabr ayından etibarən maddi imkanı daxilində hər ay 20 manat, bugünədək cəmi 120 manat tərəfindən tələbkara ödənilmişdir. Hazırda İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə tələbin təmin olunması haqqında ona xəbərdarlıq göndərilmiş, tələbi təmin etmədiyi halda barəsində inzibati protokol tərtib olunmaqla məhkəməyə müraciət olunacağı haqqında məlumat verilmişdir. Ailələri 5 nəfərdən ibarətdir. İki oğlu hazırda hərbi xidmətdə, qızı ərdədir. Özü və həyat yoldaşı xəstədirlər, müalicə olunurlar. Yoldaşı işləmir, o da rəsmi işləmir. Çay evində çayçı işləyir. Aylıq qazancı 450-500 manat təşkil edir ki, bu da ailənin zəruri ehtiyaclarına, qidalanmaqlarına, kommunal xərclərə, ikisinin müalicəsinə tələb olunan dərman preparatlarının alınmasına xərclənir. Mal-qara, heyvan təsərrüfatları yoxdur, başqa gəliri də yoxdur. Ailənin aylıq dolanışığını çətinliklə təmin edə bilir. Buna görə də tələbkara borclu olduğu (2745.99 - 120) 2.625.99 manat vəsaiti birdəfəyə verməyə maddi imkanı yol vermir. Məhkəmə iclasında borclu (ərizə müəllifi) Borclu ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Tələbkar borcunun hissə-hissə ödənilməsinə razı olmadığını, borcunun bir dəfəyə ödənilməsini və ərizənin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2 müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Məhkəmə ərizəni araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə görə tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Məhkəmə qeyd edir ki, qətnamənin hissə-hissə icrası qətnamənin icrası prosesində baş verən hallardan asılıdır. Belə bir zərurət, bir qayda olaraq, o halda yaranır ki, tərəflərin mövcud əmlak vəziyyəti və digər hallar qətnaməni qanunla müəyyən edilmiş müddətdə icra etməyə imkan verməsin. Qətnamənin hissə-hissə icrası müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin hissəhissə icrasının əsası kimi nəzərə alınmalı olan borclunun əmlak vəziyyəti onun elə bir maddi təminat səviyyəsini nəzərdə tutur ki, bu vəziyyətdə borclu ona məxsus və tələbin yönəldiməsi mümkün olan əmlakının realizəsi hesabına qətnamə üzrə tələbi qısa müddətdə könüllü və ya məcburi qaydada tam icra edə bilmir. Borclunun əmlak vəziyyətini nəzərə almaqla qətnamənin hissə-hissə icrası yalnız o halda mümkün sayıla bilər ki, hissə-hissə icra ilə borclunun qətnaməni icra etmək üçün kifayət qədər əmlaka malik olacağı barədə sübut təqdim edilmiş olsun. Bundan əlavə, qətnamənin hissə-hissə icrası zamanı tələbkarın qanuni mənafeyi mütləq nəzərə alınmalı, hissə-hissə icranın qaydası müəyyən edilərkən ağlabatanlıq və ədalətlilik meyarları rəhbər tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair" xx.xx.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu da «Məhkəmə qətnaməsi haqqında» xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndində göstərmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Lakin işdən görünür ki, qətnamə hissə-hissə icra olunarsa borclunun qətnaməni icra etmək üçün hansı gəlir əldə edəcəyi, yaxud əmlaka malik olacağı konkret olaraq əsaslandırılmamış, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, Borclu ərizəsinin təmin olunması üçün əsas ola biləcək hallara dair məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Belə ki, borclu tərəfindən məhkəməyə maliyyə vəziyyətinin ağır olduğunu təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Digər tərəfdən, qətnamənin hər ay 50 manat olmaqla hissə-hissə icra olunması faktiki olaraq onun təxminən uzun müddətdə icra olunması deməkdir ki, bu da yolverilməzdir. Ərizəni əsaslı saymayan məhkəmə Tələbkar mənafeyini də nəzərə alır. Tələbkar tərəfindən məhkəməyə belə bir razılıq əldə olunmasına dair ərizə daxil olmamışdır. Əksinə tələbkar məhkəmə zamanı izahatında hissə-hissə ödənişə razı olmadığını, ərizənin təmin edilməməsini xahiş etmişdir. Belə olan halda məhkəmə Borclu Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-128/2023 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-128/2023 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsinə dair Borclu ərizəsi təmin edilməsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №8(025)-33/2024
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №8(025)-33/2024
05.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver