Məhkəmə qərarları › İş №8(025)-41/2025

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №8(025)-41/2025

01.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 8(025)-41/2025 01.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Borclu (ərizə müəllifi) X2, Tələbkar və Maraqlı şəxs icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X10 iştirakları ilə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(025)-300/2024 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsinə dair borclu X2 ərizəsinə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(025)-300/2024 nömrəli qətnaməsinə əsasən, iddia təmin edilərək, iddiaçı Tələbkar tərəfindən cavabdeh X4 7000 (yeddi min) manat məbləğində kompensasiya verilmək şərti ilə Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən Azərbaycan Respublikası ƏMDKY DƏDRX tərəfindən **********53-10301 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2019-cu il tarixli çıxarışla Tələbkar mülkiyyətinə verilmiş fərdi yaşayış evinə X2, X11, X5, X3 və X8 istifadə hüquqlarına xitam verilməsi və onların həmin fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Borclu (ərizə müəllifi) X6 məhkəməyə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(025)-300/2024 nömrəli qətnaməsinin icrasına möhlət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Borclu ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı Tələbkar tərəfindən ona qarşı "evə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və evdən çıxarılması" tələbinə dair iddia qaldırılmış və Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(025)- 300/2024 nömrəli qətnaməsi ilə iddiaçı Tələbkar tərəfindən cavabdeh X4 7000 (yeddi min) manat məbləğində kompensasiya verilmək şərti ilə Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən fərdi yaşayış evindən X2, X11, X5, X3 və X8 istifadə hüquqlarına xitam verilməsi və onların həmin fərdi yaşayış evindən çıxarılması qərara alınmışdır. Qətnamədən narazı olduğuna görə tərəfindən Şəki Apellyasiya Məhkəməsinə şikayət verilməsinə baxmayaraq, məhkəmə verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və iş üzrə Qəbələ Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli e-2(025)-300/2024 nömrəli qətnaməsinin ona aid hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarmışdır. Tərəfindən qətnamədən kassasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(107)- 877/2024 saylı qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)- 4125/2024 saylı 26 dekabr 2024-cü il tarixli qərarı ilə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra 27 fevral 2025-ci il tarixdə iş üzrə icra sənədi çıxarılaraq Maraqlı şəxsnə göndərilmişdir və icra məmuru qismində Ülvi Həmidli təyin olunmuşdur. Yəni, hazırda ondan məhkəmə qətnaməsinin icra olunması tələb olunur. Bildirir ki, onun və ailəsinin hazırda məhkəmə qətnaməsinin icrasını həyata keçirmək üçün faktiki olaraq imkanları yoxdur. Belə ki, məhkəmə qərarı qanuni qüvvəyə minsə də, bunu bildirməlidir ki, kompensasiya məbləğinin 7000 manat məbləğində müəyyən olunması tamamilə əsassızdır. Belə ki, həmin kompensasiya məbləği ümumiyyətlə əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin oluna bilməyi üçün mümkün deyil. Çünki həmin məbləğlə heç bir otaqlı ev almaq belə mümkün deyildir. Onu da qeyd edir ki, o, ailəsi ilə birgə hazırda Qəbələ rayonu, Mıxlıqovaq kəndində yaşayır. Onun 63 yaşı var və artıq 42 ildir ki, o, müəllim işləyir və bu kənddən başqa yerə köçməkləri qeyri-mümkündür. Qəbələ rayon İcra Hakimiyyəti Mıxlıqovaq Kənd İnzibati Ərazi İdarəsinin 10 fevral 2025-ci il tarixli arayışından da göründüyü kimi həmin kənddə onun başqa evi yoxdur. Qeyd edir ki, onun ümumiyyətlə başqa yerdə bir evi yoxdur ki, ailəsi ilə oraya köçə bilsin. Tələbkar isə heç bu kənddə yaşamır. Yəni, onun təcili olaraq bu evə ehtiyacı yoxdur. Onun həm Bakıda, həm də Ağdaş rayonunda gözəllik salonları vardır. Qeyd olunanlardan əlavə onun 50000-60000 manat dəyərində olan bahalı maşını da vardır. Həmçinin, Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsi ona və 7 nəfər ailə üzvümə məxsusdur. Onun əvvəlki nikahdan 4 (dörd), sonrakı nikahdan isə 3 (üç) övladı vardır, onlardan 2 (iki) övladı yetkinlik yaşına çatmamışdır, oğlu X12 isə 10 aydır hərbi xidmətdədir. Oğlunun hərbi xidmətdən qayıtmasına hələ 8 ay var. Hazırda o, 651 nömrəli Komando hərbi əməliyyat briqadasında qulluq edir və hətta döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə görə fəxri fərmanla təltif olunmuşdur. Həmçinin, oğlu Kəlbəcər, Ağdam, Priküşkül, Qaraheybət və Şahdağda təlimlərdə iştirak edib. Hazırda hava hücumundan müdafiə ixtisası üzrə çalışır. Bundan başqa, onun özünün də səhhətində problemlər var. Belə ki, ona "Mədənin 2/3 hissəsinin rezeksiyasından sonrakı hal. Demping sindromu. İİ-li anemiya. Asteno-nevrotik vəziyyət" kimi diaqnozlar qoyulmuşdur və 1998-ci ildən 2-ci dərəcəli əlilliyi var. Həyat yoldaşı X16 onkoloji xəstədir, bu xəstəliyə görə əməliyyat olunub və ildə 4 dəfə müalicə üçün Bakıya gedir. Bu da onların maddi vəziyyətlərini daha da ağırlaşdırır. Qeyd olunanlardan göründüyü kimi onun hazırda həmin evdən çıxmaq imkanı yoxdur. Bundan əlavə, tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı Şəki İnzibati Məhkəməsinə müraciət olunaraq, ona və ailə üzvlərinə məxsus 0,06274 ha torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması, plan-ölçü və çıxarışın hazırlanıb verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul olunması xahiş olunmuşdur. Hazırda həmin iş məhkəmənin icraatındadır və növbəti məhkəmə iclası hakim tərəfindən qeyri-müəyyən tarixə təyin olunmuşdur. Bununla bağlı məhkəmə sistemindən çıxarış hazırki ərizəyə əlavə olunur. Qeyd edir ki, Şəki İnzibati Məhkəməsinin icraatında olan iş üzrə iddia ərizəsi təmin olunarsa, onun da həmin sahədə ev tikmək imkanım olacaqdır və beləliklə, onun evdən çıxmağı üçün şərait yaranacaq. Lakin bir daha qeyd edir ki, hazırda onun Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən fərdi yaşayış evindən çıxmaqları fiziki olaraq qeyri-mümkündür. Məhkəmə iclasında borclu (ərizə müəllifi) X6 ərizədə göstərilənlərə uyğun izahat verib, eyni zamanda göstərdi ki, evdən çıxarılarsa, başqa yaşamağa evi yoxdur. Ona məxsus torpaq sahəsində ev tikmək üçün Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Lakin məhkəmə tərəfindən işə tam baxılıb qərar qəbul edilməmişdir. Bu səbəbdən ərizədə göstərdiyi digər hallar nəzərə alınmaqla ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Tələbkar icra sənədinin icra olunmasına möhlət verilməsinə razı olmadığını bildirdi. Həmçinin göstərdi ki, qanunda möhlət verilməsi üçün 10 gün müddət nəzərdə tutulmuşdur. Bundan da artıq borcluya müddət verilmişdir. Lakin borclu neçə il ərzində ev tikməyibsə, bundan sonra qısa müddətdə ev tikməyi real deyildir. Həmçinin borclu məhkəmə qərarlarından şikayətlər edərək işi xeyli yubatmışdır. Ərizənin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxs icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X17 müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Məhkəmə ərizəni araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Ərizəyə əlavə edilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat vərəqəsindən görünür ki, X6 müddətsiz ikinci dərəcəli əlildir. Ərizəyə əlavə edilmiş Qəbələ Rayon İcra Hakimiyyəti Mıxlıqovaq kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-59-32/2-80/2025 nömrəli arayışdan görünür ki, X1 rayon Mıxlıqovaq kəndində qeydiyyatdadır, hal-hazırda Mıxlıqovaq kəndində arvadı X16, qızı X7 və oğlu X12 ilə birlikdə əsası 1992-ci ildə qoyulmuş ümumi sahəsi 172. Kv.m fərdi yaşayış evində yaşayır və adına Qəbələ rayon Mıxlıqovaq kəndində heç bir fərdi yaşayış evi yoxdur. Ərizəyə əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(025)- 300/2024 nömrəli icra vərəqəsindən görünür ki, iddia təmin edilərək, iddiaçı Tələbkar tərəfindən cavabdeh X4 7000 (yeddi min) manat məbləğində kompensasiya verilmək şərti ilə Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən Azərbaycan Respublikası ƏMDKY DƏDRX tərəfindən **********53-10301 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2019-cu il tarixli çıxarışla Tələbkar mülkiyyətinə verilmiş fərdi yaşayış evinə X2, X11, X5, X3 və X8 istifadə hüquqlarına xitam verilməsi və onların həmin fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Ərizəyə əlavə edilmiş Şəki İnzibati Məhkəməsi tərəfindən X4 ünvanlanmış məktubdan görünür ki, iddiaçı X6 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı "Qəbələ rayonu AlK-nin xx.xx.1997-ci il tarixli 25 saylı qərarı ilə verilmiş 0.08 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin altında yerləşən 0.0172 hektar torpaq sahəsini 0.08 hektardan çıxmaqla qalan 0.06274 hektarına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması plan-ölçü və çıxarışın hazırlanıb verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iş üzrə hazırlıq iclası 19 fevral 2025-ci il tarixə saat 11:40-a təyin edilmişdir. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə görə tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair" xx.xx.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu da «Məhkəmə qətnaməsi haqqında» xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndində göstərmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, “Elektron məhkəmə” sistemindən görünür ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(025)-300/2024 nömrəli qətnaməsindən X6 tərəfindən apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(107)- 877/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və həmin qərardan cavabdeh Müsəllim Soltanov tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-4125/2024 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(107)-877/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında borclu X6 ona möhlət verilməsini onunla əsaslandırmışdır ki, məhkəmə qərarına əsasən ev tikmək hüququ yarandığından sonra ev tikərək yeni evə köçəcək və yeni ev tikənə qədər tələbkardan ona möhlət verilməsini tələb edir. Yuxarıda qeyd olunmuş qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından isə görünür ki, Tələbkar tərəfindən borclu X4 7000 (yeddi min) manat kompensasiya ödənilməsinin məqsədi borclunun ev tikməsi üçün deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Nəticə etibarı ilə borclu X6 ona verilən kompensasiya məbləği ilə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün kirayədə yaşaya bilər və bu müddətdə isə özünə ev tikə bilər. Lakin işdən görünür ki, borclu X6 isə məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi üçün əsas ola biləcək hər hansı hallara dair məhkəməyə sənəd təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, borclu X6 ərizəsinin təmin olunması üçün əsas ola biləcək müstəsna hallara dair məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Borclunun ərizəsində və məhkəmə iclasında göstərdiyi hallar qətnamənin icrasına möhlət verilməsi üçün əsas ola bilməz. Digər tərəfdən, “Elektron Məhkəmə” sistemindən müəyyən olunur ki, Tələbkar ilə borclu X6 arasında “kompensasiya verməklə istifadə hüququna xitam verilməsi” ilə bağlı mübahisə 2023-cü ildən davam edir ki, qətnamənin icrasına möhlət verilməsi mülkiyyətçi (tələbkar) Tələbkar mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilər. Nəticədə, ərizəni əsaslı saymayan məhkəmə Tələbkar mənafeyini də nəzərə alır. Həmçinin tələbkar tərəfindən məhkəməyə icra sənədinin icrasına möhlət verilməsi ilə bağlı razılıq əldə olunmasına dair ərizə daxil olmamışdır. Əksinə tələbkar məhkəmə zamanı izahatında icra sənədinin icrasına möhlət verilməsinə razı olmadığını, ərizənin təmin edilməməsini xahiş etmişdir. Belə olan halda məhkəmə borclu X2 Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(025)-300/2024 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(025)-300/2024 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsinə dair borclu X2 ərizəsi təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar