Məhkəmə qərarları › İş №8(025)-79/2024

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №8(025)-79/2024

23.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 8(025)-79/2024 23.09.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Təqdimat müəllifi Qəbələ rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, İ dərəcəli ədliyyə qulluqçusu X1 və Borclu iştirakı ilə Qəbələ Rayon Məhkəməsinin 2(025)-896/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu əmlakı üzərinə həbs qoyulması barədə Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru Təbiyyət Həsənquliyevin təqdimatına məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Qəbələ rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, İ dərəcəli ədliyyə qulluqçusu X2 təqdimatla məhkəməyə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin 2(025)-896/2023-011 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu digər üç nəfərlə birgə məxsus olan 0.26 ha paylı torpaq sahəsinin onun payına düşən 1/4 hissəsinin - 0.065 ha yaşayış məntəqəsi torpağının üzərinə həbs qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Qəbələ rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, İ dərəcəli ədliyyə qulluqçusu X2 təqdimatı onunla əsaslandırmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-896/2023-011 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2023cü il tarixdən başlayaraq 26 dekabr 2007-ci il təvəllüdlü X4 və 15 dekabr 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat aliment tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Cavabdeh Borclu 56 (əlli altı) manat dövlət rüsumu tutulmalı və dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsi üçün) ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Qəbələ rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə sorğular edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadstrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Borclu mülkiyətində digər üç nəfərlə birgə 0.26 ha paylı torpaq sahəsinin olduğu müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında Qəbələ rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, İ dərəcəli ədliyyə qulluqçusu X2 təqdimatı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Eyni zamanda göstərdi ki, Borclu aliment öhdəliyindən yayındığı üçün barəsində cinayət işinin başlanması nəzərdə tutulmuşdur. Lakin daha sonra adına torpaq sahəsinin olması müəyyən edilmişdir. Bu gün isə Borclu 2000 manat aliment ödəməyə hazır olduğunu bildirmişdir. Məhkəmə iclasında Borclu izahatında göstərdi ki, hal-hazırda aliment borcundan 2000 manat ödəyə bilər. Qalan aliment borcunu isə hər ay hissə-hissə ödəyəcəkdir. Eyni zamanda əmlakın on adüşən pay həcmdə həbs qoyulmasına da etiraz etmir. Müvafiq qərar qəbul edilməsini məhkəmənin səlahiyyətinə buraxır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada tələbkar xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsaslanaraq təqdimata tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və onunla əlaqədar icra işini nəzərdən keçirib hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-896/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 26 dekabr 2007-ci il təvəllüdlü X6 və 15 dekabr 2008-ci il təvəllüdlü X3 iddiaçı - anaları Tələbkar yanında saxlanılması, cavabdeh Borclu xx.xx.2023-cü il tarixdən başlayaraq 26 dekabr 2007-ci il təvəllüdlü X4 və 15 dekabr 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat aliment tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-896/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra sənədinin icrasını təmin etmək üçün Borclu qeydiyyatda olduğu ünvanlara bildiriş göndərilmişdir. Təqdimata əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********19-10301 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,26 ha həyətyanı torpaq sahəsindən Borclu ¼ hissədə payının müəyyən olunması daşınmaz əmlakın dövlət reyestrində 52 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinin tələbinə görə, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından biri hesab olunur. Həmin Qanunun 45.1-ci maddəsində isə göstərilmişdir ki, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli, 89 saylı qərarı ilə təsdiq edilmiş fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının 1-ci bəndinə əsasən, fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməklə, Borclu Qəbələ rayonu Vəndam qəsəbəsində paylı mülkiyyətində olan (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********19-10301 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış») 0,26 ha həyətyanı torpaq sahəsinin Borclu ¼ hissə payının üzərinə (fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi istisna olmaqla) həbs qoyulmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun X9 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Qeyd olunanlara əsasən, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43- 55-ci maddələri və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqdimat təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 2(025)-896/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə Borclu Qəbələ rayonu Vəndam qəsəbəsində paylı mülkiyyətində olan 0,26 ha (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********19-10301 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış») həyətyanı torpaq sahəsindən Borclu 1\4 hissə (6,5 ha) payının üzərinə (fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi istisna olmaqla) həbs qoyulsun. Qərardaddan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar