Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-160/2025 18.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Borclu iştirakı ilə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatına və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 borclu Quba şəhəri, A.Hüseynzadə küçəsi, ev 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi xx.xx.2025-cü il tarixində Quba rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu Əmiraga oğluna göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında Borclu bildirmişdir ki, qətnamə 2025-ci ilin mart ayında qanuni qüvvəyə minmişdir. Həmin vaxtdan hər ay davamlı olaraq ödənişləri həyata keçirir. Hətta aliment məbləği 200 manat miqdarında müəyyən edilsə də, hər ay 50 manat da artıq ödəniş həyata keçirir. İcra vərəqəsinin icrasından boyun qaçırmır və yayınmır. Belə olan halda, təqdimatın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə tələbkar, habelə Quba rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 2(027)- 130/2025-020 nömrəli, xx.xx.2025 saylı icra sənədinə əsasən Borclu xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.50 misli həddində aliment tutularaq Hümmətova (Qurbanova) Ülkər Əliheydər qızına ödənilməsi qət edilmişdir. xx.xx.2025-ci il tarixli bildirişin və xəbərnamənin surətindən göründüyü kimi, Borclu icra sənədində göstərilən tələbi könüllü icra etməsinə dair bildiriş göndərilmişdir. Borclu xx.xx.2025-ci il tarixli izahatından görünür ki, onun icra sənədi barədə məlumatı mövcud olmuşdur, hər təqvim ayının biri 250 manat məbləğində ödəniş həyata keçirəcəkdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. İcra haqqında qanunvericiliyə əsasən icra sənədi icraata daxil olduqdan sonra icra məmuru 3 gün müddətində icraata başlamaq haqqında qərar qəbul edərək tərəflərə göndərir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Borclu tərəfindən tələb könüllü icra müddətində icra edilmədikdə icra məmuru icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Borclu tərəfindən tələb könüllü icra edilmədikdə icra haqqında qanunvericilikdə icra sənədinin icrasını təmin etmək məqsədi ilə məsuliyyət tədbirləri müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununda icra sənədinin icrasını təmin etmək məqsədi ilə müəyyən edilmiş məsuliyyət növlərindən biri borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X5 (X7) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 26 may 2017-ci il qərarında qeyd edilir ki, adıçəkilən tədbir borclunun cəzalandırılması vasitəsi deyil, onun tərəfindən məhkəmə qərarı ilə müəyyən olunmuş öhdəliklərin yerinə yetirilməsinə xidmət edir. Qeyd etmək lazımdır ki, şəxsin Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilməsi konstitusion hüquqdur. Bu hüquq yalnız icra məmurunun təqdimatı əsasında məhkəmənin qərarı ilə məhdudlaşdırılır. Borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında təqdimatın təmin edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar olmalıdır. Belə ki, icra haqqında qanunvericiliyə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” təlimat : 2.1. Məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. 2.2. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir. 2.2.2. icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir. Qeyd edilən təlimata əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin etməli və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməlidir. Məhkəmə tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, borcludan aliment məbləğinin tutulması ilə bağlı Quba rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli qətnaməsinin icra edilməsi barədə icra sənədi 04 mart 2025-ci il tarixdə tərtib edilərək, icra şöbəsinə göndərilmişdir. İcraata başlamaq haqqında qərar 07 mart 2023-cü il tarixdə tərtib edilmiş, həmin tarixdə borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Borclu isə bundan sonra hər ay davamlı olaraq 250 manat məbləğində ödəniş həyata keçirmişdir. Belə ki, aylıq 200 manat aliment məbləğinin tutulması xx.xx.2024-cü il tarixdən hesablanmış, borclu həmin məbləği azaltmaq məqsədilə aylıq ödənişi göstərilən məbləğdən artıq olmaqla icra etmişdir. Qeyd edilənlər onu deməyə əsas verir ki, Borclu icra sənədinin icrasından üzrsüz səbəbdən yayınmır, tərəflər arasında icra sənədinin icrası ilə bağlı da mübahisə yoxdur. Beləliklə də, məhkəmə hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X5 (X7) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 26 may 2017-ci il tarixli Qərarına əsasən, məhkəmələr borclunun ölkədən getmək hüququnun müəyyən müddət ərzində müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən verilmiş təqdimatda, bu cür tədbirin məhkəmə qərarının vaxtında və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyinin əsaslandırılmasına xüsusi diqqət yetirməlidir. Yuxarıda göstərilənlərə və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddələrini və Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 Quba Rayon Məhkəməsinin 2(027)-130/2025-020 nömrəli, xx.xx.2025 saylı icra sənədi üzrə borclu ünvan 1 ünvanda yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Kamilli
Məhkəmə qərarları › İş №8(027)-160/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-160/2025
18.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver