Məhkəmə qərarları › İş №8(027)-176/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-176/2024

06.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-176/2024 06.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 borclunun əmlakı üzərinə həbs qoyulması barədə təqdimatına baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan daşınmaz əmlaklarına həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi tərfindən verilmiş 2(027)-1266/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay 1 uşağın yetkinlik yaşına çtanadək saxlanılması üçün cəmi 170 manat sabir pul məbləğində aliment tutularaq, tələbkar X3 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Quba rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə sorğular edilmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesti publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan əldə olunmuş sorğu məlumatına əsasən müəyyən edilmişdir ki, Borclu məxsus olan Quba rayonu, Zərqava kəndində 2,12 ha ümumbirgə kənd təsərrüfatlı və 0,20 ha həyətyanı torpaq sahələrinin olduğu müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. İş üzrə borcluya, tələbkara və Quba rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Ona görə də məhkəmə işə, təqdimat verən orqanın nümayəndəsinin, borcluların və tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə borclunun əmlakı üzərində həbs qoyulması barədə təqdimatı və işin materiallarını araşdırıb, hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsi tərfindən verilmiş 2(027)- 1266/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay 1 uşağın yetkinlik yaşına çtanadək saxlanılması üçün cəmi 170 manat sabir pul məbləğində aliment tutularaq, tələbkar X3 xeyrinə ödənilməlidir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Həmin Qanunun 45.6-cı maddəsinə görə tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 45.7-ci maddəsinə görə tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Məhkəmə iclasında işin materiallarından görünür ki, borclunun manat və ya xarici valyuta ilə pul vəsaitləri və digər sərvətləri müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Quba Rayon Məhkəməsi tərfindən verilmiş 2(027)-1266/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan Quba rayonu, Zərqava kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsi üzərinə həbs qoyulmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərində həbs bir qayda olaraq icra məmurunun təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin qanunun 50.4.1-ci maddəsinə əsasən tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsinin təmin edilməsi üçün borclunun əmlakı üzərinə həbs qoyulur. Qeyd olunanları nəzərə alaraq, «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci, Azərbaycan Respublikası MPM-nin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat qismən təmin edilsin. Quba Rayon Məhkəməsi tərfindən verilmiş 2(027)-1266/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan Quba rayonu, Zərqava kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsi üzərinə həbs qoyulsun. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar