Məhkəmə qərarları › İş №8(027)-180/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-180/2022

06.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-180/2022 06.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi İş üzrə Borclu iştirakı ilə, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 borclunun məcburi qaydada gətirilməsi barədə təqdimatına baxaraq, müəyyən etdi: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 təqdimatla məhkəməyə müraciət edərək, borclu Quba rayonu İİ Nügədi kəndində yaşayan Borclu məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Quba Rayon Məhkəməsinin 11.11.2021-ci il tarixli, 2(027)-1672/2021 saylı icra sənədi üzrə borclu, Quba rayonu İİ Nügədi kəndində yaşayan Borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun çağırışlarından və məhkəmə qərarlarının icrasından üzrsüz səbəbdən bilərəkdən yayınır. İcra sənədinin səmərəli icrasını təmin etmək məqsədilə borclunun icra şöbəsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi qaydada gətirilməsi məqsədə müvafiqdir. İş üzrə tələbkara və Quba rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iş üzrə Borclu Quba rayon İcra və Probasiya Şöbəsi tərəfindən cəmi bir dəfə çağırıldığını, həmin vaxt Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun yanında olduğunu, icra məmurunun onun telefon nömrəsini aldığını, zəng olunanda gəlməsini bildirmişdir. Təqdimatın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş üzrə Borclu dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin 11.11.2021-ci il tarixli, 2(027)-1672/2021 saylı icra sənədinə əsasən nikah pozularkən tərəflərin birgə nikahından 06 iyul 2019-cu il tarixdə doğulmuş X2 anası Tələbkar yanında saxlanılmalıdır; 06 iyul 2019-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 14 iyul 2021-ci il tarixdən cavabdeh Borclu hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment və uşağın 3 yaşına çatanadək saxlanılması ilə əlaqədar ayda 50 manat məbləğində pulun tutularaq, iddiaçı Tələbkar verilməlidir. İş materiallarından görünür ki, qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən 17.12.2021-ci il tarixdə tələbin icrası barədə borcluya bildiriş göndərilmişdir. Həmin bildirişdə Borclu icra sənədində göstərilən tələbin dərhal icra edilməsi barədə xəbərdar olunması göstərilmişdir. Ancaq işdə Borclu həmin bildirişi alması barədə hər hansı bir sənəd yoxdur. İş materialları ilə Borclu icra sənədinin icrası ilə bağlı bildirişi alması, onun icra məmurunun çağırışına gəlməkdən üzrsüz səbəb olmadan yayınması sübut olunmur. Ona görə də təqdimat təmin edilməməlidir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Yuxarıda göstərilənlərə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264 və 266-268-ci maddələrinə əsasən məhkəmə, q ə r a r a a l d ı: Təqdimat təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar