Məhkəmə qərarları › İş №8(027)-195/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-195/2024

27.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-195/2024 27.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İş üzrə Borclu, İş üzrə X1 nümayəndəsi X5 iştirakı ilə, İş üzrə Borclu Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, (027)-1972/2022 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsinə məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Borclu məhkəməyə Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, (027)-1972/2022 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizə ilə müraciət edərək, icra sənədi üzrə 2700 (iki min yeddi yüz) manat aliment borcunun hissə-hissə, hər ay 50 (əlli) manat məbləğində ödənilməklə icra edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdi. Ərizə onunla əsaslandırılmışdır ki, Quba rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(027)- 1972/2022 saylı qətnaməsi ilə iddiaçı X3 ona qarşı alıment tələbinə dair iddia tələbi qismən təmin edilərək, ondan 19 iyul 2022-ci il tarixdən başlayaraq, birgə nikahdan 15 aprel 2020-ci il tarixində anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutularaq X6 verilməsi qət edilmişdir. Qətnamə icraya yönəlmişdir. 31 yanvar 2023-cü il tarixində iddiaçı ilə barışaraq ailəni bərpa ediblər. Həmin ilin may ayının 10-da X19 rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək, Quba rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(027)- 1972/2022 saylı icra sənədi üzrə ona qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir və qeyd olunan icra sənədi üzrə görülmüş bütün tədbirlərini ləğv edib, icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən icra sənədinin məhkəməyə qaytarılması barədə xx.xx.2023-cü il tarixli qərar verilmişdir. Bundan sonra da tələbkar ilə birlikdə yaşamışlar və aydındır ki, uşağını saxlamışdır. 2023-cü ilin sentyabr ayında valideynlərinə məxsus evə gedən X14 rayon İcra və Probasiya Şöbəsinin 11 may 2023-cü il tarixli "icra sənədinin məhkəməyə qaytarılması barədə" qərarından verdiyi şikayət ərizəsi, Quba rayon Məhkəməsinin 8(027)-5/2024 saylı, 02 fevral 2024-cü il tarixli qərarı ilə təmin edilmiş, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X10 Quba rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(027)- 1972/2022 saylı icra sənədi üzrə xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)- 1972/2022 saylı icra sənədinin icra edilməsi üçün təkrar icraya yönəldilməsi qərara alınmışdır. Beləliklə icra sənədi təkrar icraya yönəldilmişdir. Baxmayaraq ki, bir ilə yaxın müddət ərzində onunla tələbkar barışaraq birgə yaşamış və uşağı saxlamış, həmin müddət üçün də aliment hesablanaraq həmin dövr üçün də məbləğin ondan tutulması tələb olunmuşdur. Eyni zamanda bildidir ki, onun iş yeri və sabit gəliri yoxdur, valideynlərilə birlikdə yaşayır. Bütün bunlara baxmayaraq bir valideyn olaraq övladının qarşısında öz borcunu dərk etdiyindən və uşağın mənafeyini nəzərə alaraq aliment ödənişlərini həyata keçirmək üçün çalışır, 03 may 2024-cü il tarixindən valideynlərinin köməkliyi ilə ödəniş edir. Hal-hazırda maddi durumu imkan vermir ki, qeyd olunan yığım məbləğini bir dəfəyə ödəyə bilsin. Bu ailənin imkanı xaricindədir. Göstərilən səbəblərdən məhkəməyə ərizə ilə müraciət etmək məburiyyətində qalmışdır. Məhkəmədə Borclu izahatında bildirmişdir ki, onun məhkəmə qətnaməsilə müəyyən edilmiş aliment ödənişində borcu olmamışdır, həmişə vaxtlı-vaxtında alimenti ödəmişdir. Hal-hazırda 2700 (iki min yeddi yüz) manat aliment borcunun yığılmasına səbəb o olub ki, o 31 yanvar 2023-cü il tarixində iddiaçı ilə barışaraq, 2023-cü ilin avqust ayının 31-nə kimi bir yerdə yaşayıblar. Onlar barışdıqdan sonra həmin ilin may ayının 10-da X19 rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək, Quba rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(027)- 1972/2022 saylı icra sənədi üzrə ona qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir və qeyd olunan icra sənədi üzrə görülmüş bütün tədbirlərini ləğv edib, icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etmişdir. 2023-cü ilin sentyabr ayında Ülkər valideynlərinə məxsus evə qayıtmış və yenidən İcra və Probasiya Şöbəsinin 11 may 2023-cü il tarixli "icra sənədinin məhkəməyə qaytarılması barədə" qərarından məhkəməyə şikayət ərizəsi vermiş və ərizə Quba rayon Məhkəməsinin 8(027)-5/2024 saylı, 02 fevral 2024-cü il tarixli qərarı ilə təmin edilmiş, icra sənədi üzrə iş yenidən icraya yönəldilməsi qərar alınmışdır, lakin bu proseslərdən onun xəbəri olmamışdır.Nəticədə bu günkü gündə ona 2700 manat borc yığılmlşdır.Borcu ödəməkdən boyun qaçırmır, lakin maddi imkanı çətin olduğundan həmin borcu hissə-hissə, hər ay 50 manat ödəməklə icra edilməsi üçün qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə X1 nümayəndəsi X11 ərizəyə və borclunun izahatına münasibət bildirərək, qızı Ülkərin yazdığı ərizəni məhkəməyə təqdim etmiş və qeyd etmişdir ki, qızı Ülkər Rövşənlə barışdıqdan sonra cəmi 6 ay bir yerdə yaşamışlar və borc əvvəldən bu günə kimi yığılan borcdur. O, borcu hissə-hissə, hər ay 50 manat ödəmək barədə ərizəni qəbul etmir, borcu tam ödəməyini istəyir, çünki o pul uşağa xərclənir, uşaqda anadangəlmə problem olduğundan, hər iki-üç aydan bir həkim müayinəsindən keçir, o pul uşağın ehtiyaclarını belə ödəmir. Quba rayon İcra və Probasiya şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, Quba rayon İcra və Probasiya şöbəsinin nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Quba rayon İcra və Probasiya şöbəsinin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1972/2022 saylı qətnaməsinin hissəhissə icra edilməsinə dair, Borclu ərizəsi qismən təmin olunmalıdır. Belə ki, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1972/2022 saylı icra sənədindən görünür ki, cavabdeh Borclu 19 iyul 2022-ci il tarixdf başlayaraq, xx.xx.2020-ci il təvəllüdlü X4 yetkini yaşma çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit p məbləğində aliment və xx.xx.2020-ci il təvəllüdlü X7 3 yaşına çatana kimi 30 (otuz) manat məbləğdə pul vəsaiti tutulub X6 verilməsi; Borclu ilkin mediasiya prosesnin keçirilməsilə ödənilmiş 50 (əlli) manat məbləğdə pul vəsaiti tutulub X8 verilməsi qət edilmişdir. X1 nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 10 may 2023-cü il tarixli ərizənin surətindən görürünür ki, X2 rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək, Quba rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(027)- 1972/2022 saylı icra sənədi üzrə Borclu qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmiş və qeyd olunan icra sənədi üzrə görülmüş bütün tədbirlərini ləğv edib, icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə müvafiq olaraq tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə MPM-in 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 12-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. İş materiallarından göründüyü kimi Borclu 2700 (iki min yeddi yüz) manat aliment borcunun hissə-hissə, hər ay 50 (əlli) manat məbləğində ödənilməklə icra edilməsini xahiş etsə də, icra üçün əsas gətirdiyi halları təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Buna baxmayaraq qətnamənin icrası üçün çətinlik törədən və borclu üçün əlverişsiz halların yaranma mümkünlüyünü nəzərə alaraq aliment borcunun 6 (altı) ay müddətində hissə-hissə ödənilməsi təmin olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Borclu Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1972/2022 saylı icra sənədi üzrə 2700 (iki min yeddi yüz) manat aliment borcunun hissə-hissə, hər ay 50 (əlli) manat məbləğində ödənilməsi barədə ərizəsi qismən təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, (027)-1972/2022 saylı icra sənədi üzrə ödənilməmiş 2700 (iki min yeddi yüz) manat borcun Borclu tərəfindən 06 (altı) ay müddətində hissə-hissə icra edilməsi mümkün hesab edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar