Məhkəmə qərarları › İş №8(027)-200/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-200/2024

31.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-200/2024 31.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, Borclu iştirakı ilə, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 25 yanvar 2024-cü il tarixli, e-2(027)- 359/2023 saylı icra sənədi üzrə Borclu əmlakı üzərinə həbs qoyulması haqqında Quba rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata məhkəmə iclasında baxaraq, müəyyən etdi: Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 məhkəməyə təqdimat verərək Borclu məxsus Quba rayonu, Qəçrəş kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Quba rayon məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, e-2(027)-359/2023 saylı icra sənədinə əsasən Borclu 432.9 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixdə Quba rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektro İcra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, borcluya məxsus quba rayonu, Qəçrəş kəndində reyestr nömrəsi **********44 nömrəli, 0,10 ha torpaq sahəsinin olduğu müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Yuxarıda göstərilənləri və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu məxsus olan daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair qərardad verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirmişdir ki, icra sənədi üzrə borcu olduğunu bilməmişdir. Kredit götürdüyü bankla əlaqə saxlayaraq borcunu tam ödəyəcəkdir. Göstərilən torpaq sahəsi onun yeganə yaşayış yeri olduğunu və borclu olduğu məbləğ o qədər də böyük məbləğ olmadığını bildirərək təqdimatın rədd edilməsini xahiş etdi. Təqdimatın baxılma yeri və vaxtı barədə tələbkar və Quba rayon İcra və Probasiya şöbəsinə bildiriş göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarından görünür ki, Quba rayon məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, e-2(027)-359/2023 saylı icra sənədinə əsasən Borclu 432.9 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən 05 aprel 2023-cü il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmiş və o həmin bildirişi rəsmi qaydada qəbul etmişdir. İş materiallarında olan Elektron çıxarışa əsasən Borclu mülkiyyətində Quba rayonu, Qəçrəş kəndində 0.10 ha həyətyanı torpaq sahəsinin olduğu göstərilmişdir. İş materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, X3 Borclu məxsus torpaq sahəsinin üzərinə həbs qoyulması haqqında təqdimatı əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli, 89 nömrəli qərarı ilə fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı təsdiq edilmişdir. Həmin Siyahıya əsasən fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Borclu mülkiyyətində olan Qəçrəş kəndində 0.10 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vahid Məmmədovun təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar