Məhkəmə qərarları › İş №8(027)-217/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-217/2023

15.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-217/2023 15.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlu, Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru Nurəddin Əmrullayevin təqdimatını və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyənetdim: Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru Nurəddin Əmrullayev təqdimatla müraciət edərək, Quba rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(027)-1831 saylı icra sənədinə əsasən Borclu 1151,90 manat məbləğində əsas borc və 31,52 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq Tələbkar İB-nin hesabına ödənilməsi barədə icra sənədi üzrə tələbin Borclu pensiyasının 25%-nə yönəldilməsi haqqında qərar qəbul olunması məqsədəmüvafiq hesab edilmişdir. Təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, təqdimat və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Habelə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Qeyd edilən Qanunun 28.2-ci maddəsinə əsasən icraatda tərəflər tələbkar və borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarına əsasən Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinin məzmununa görə işə baxmış hakimin, qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə dair səlahiyyəti yalnız işdə iştirak etmiş şəxslərin ərizəsi əsasında yaranır. Burada ifadə olunan dispozitivlik prinsipi məhkəməyə göstərilən hərəkətlərin müstəqil olaraq öz təşəbbüsü ilə tətbiqinə imkan vermir. Göründüyü kimi, məhkəmənin qətnamən icra üsulunun və qaydasının dəyişdirməyə dair səlahiyyəti yalnız işdə iştirak etmiş şəxslərin ərizəsi əsasında yaranır. Bu qətnamənin səmərəli icrasını təmin etmək məqsədilə qətnaməni çıxaran hakimin üzərinə qoyulan vəzifədir. Bundan başqa, məhkəmə qeyd edir ki, qeyd edilən qərar qəbul edildikdən sonra bu barədə təqdimatla müraciət edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır, habelə bu barədə qərarın qəbulu icra məmurunun diskresion səlahiyyətinə (qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi) aid olan məsələdir. Belə ki, borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda, icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş - borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu Qanuna və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231, 264- 269-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Təqdimat və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar