Məhkəmə qərarları › İş №8(027)-233/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-233/2024

12.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-233/2024 12.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, Quba rayon İcra Şöbəsinin icra məmuru X1 borclunun əmlakı üzərinə həbs qoyulması barədə təqdimatına baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon İcra Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus əmlak üzərinə həbs qoyulması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 2(027)-5070/16 saylı icra sənədində əsasən Borclu və X4 müştərək qaydada 8283 manat pul tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə 166979/2024 saylı icra işi açılmış. xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuş, borcluya “İcra Haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə əsasən icra sənədinin könüllü icrasını təmin etməsi üçün vaxt verilmişdir. Hal-hazırda qalıq borc 8262,59 manat təşkil edir. Tələbin borclunun əmlak və gəlirlərinə yönəldilməsi ilə bağlı aidiyyəti üzrə sorğular verilmişdir. Borclunun əmlak və gəlir yerlərinin axtarışı nəticəsində Borclu adına “VAZ 21213” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin qeydiyyata alınması məlum olmuşdur. On görə də tələbin borcluya məxsus olan avtonəqliyyat vasitəsinin üzərinə yönəldilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası qanununun 50-ci maddəsini rəhbər tutaraq, Borclu məxsus avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulması məsələsinə baxılması məqsədə müvafiqdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Quba rayon İcra Şöbəsinin icra məmuru X2, iş üzrə tələbkarların nümayəndəsi və Borclu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Ona görə də məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, qeyd olunan qanun normalarına əsaslanaraq, hesab edir ki, təqdimat əsassızdır və əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 2(027)-5070/16 saylı icra sənədində əsasən Borclu və X4 müştərək qaydada 8283 manat pul tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan Elektron məhkəmə portalından əldə olunmuş çıxarışa əsasən Borclu mülkiyyətində “VAZ 21213” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin qeydiyyata alınması məlum olmuşdur. İş materiallarından görünür ki, qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən borcluya bildiriş göndərilsədə, həmin bildirişin borclu tərəfindən alınmasını təsdiq edən sənəd (xəbərnamə) iş materiallarına əlavə edilməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 45.3-cü maddəsinə əsasən borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərinin və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. Bu Qanunun 45.4-cü maddəsinə əsasən borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları və əmanətləri barədə məlumat olmadıqda, icra məmuru belə məlumatları vergi orqanlarından tələb edir. Qeyd olunan Qanunun 49.1-ci maddəsinə əsasən isə fiziki şəxslər barəsində icra sənədi icra olunarkən, borclu və onun ailə üzvləri üçün zəruri olan ərzaq məhsullarına, daimi istifadə edilən qab-qacağa və mətbəx ləvazimatına, digər ilk zərurət əşyalarına, habelə ixtisas üzrə kitablara və peşə fəaliyyəti ilə məşğul olmaq üçün avadanlığa tələb yönəldilə bilməz. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 50.4-cü maddəsinə əsasən borclunun əmlakı üzərinə aşağıdakı hallarda həbs qoyulur: 50.4.1. tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün; 50.4.2. borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün. Yuxarıda istinad olunan qanun normalarının tələbinə əsasən əmlak üzərinə həbs qoyulması ilə bağlı icra məmuru borclunun hansı əmlaklarının mövcud olmasını, bu əmlaklardan tələbin yönəldilməsinə yol verilən əmlaklarının olub-olmasını müəyyən etməli, təqdimatında həbs qoyula bilən əmlakın adını və harada yerləşməsini, əmlak üzərinə həbs qoyulmasının tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakların mühafizəsinin təmin etmək, yoxsa borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün lazım olduğunu göstərməli, həmin əmlakın hər hansı hüquqla borcluya məxsus olmasını təsdiq edən sənədləri təqdimata əlavə etməklə məhkəməyə təqdim etməli idi. Lakin icra məmurunun təqdimatında borclunun həbs qoyula biləcək əmlakının hansı hüquqla borcluya məxsus olması, həmin əmlak üzərinə həbs qoyulmasının nə məqsədlə həyata keçirilməsinin zəruriliyi göstərilməmiş, əmlakın borcluya məxsus olmasını təsdiq edən sənədlər təqdimata əlavə olunmamış, həmçinin icraata başlamaq haqqında qərarın və bildirişin borclu tərəfindən alınmasını təsdiq edən sənədi (xəbərnaməni) də iş materiallarına əlavə etməmiş, əmlak üzərinə həbs qoyulmasının zəruriliyi əsaslandırılmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45, 49-50-ci maddələrini və Azərbaycan Respublikası MPM-nın 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: Təqdimat təmin edilməsin. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar