Məhkəmə qərarları › İş №8(027)-250/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-250/2024

21.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-250/2024 21.08.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba Regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin baş məsləhətçisi X5 Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2(027)-114/2024 saylı qətnaməsinin izah edilməsi barədə verdiyi müraciətinə-ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Quba Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2(027)-114/2024 saylı qətnaməsi ilə X2 08 avqust 2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş X1 bioloji atası olmamasının müəyyən edilməsi; 08 avqust 2019-cu il il təvəllüdlü X3 barəsində Quba regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında qeydə alınmış xx.xx.2019-cu il tarixli, 1513 nömrəli doğum akt qeydində ata haqqında, yəni X4 haqqında məlumatları ləğv edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba Regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin baş məsləhətçisi X8 Rayon Məhkəməsinin 16 may 2024cü il tarixli, 2(027)-114/2024 saylı qətnaməsinin izah olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, akt qeydinin “uşaq haqqında məlumat” qrafasının “uşağın atası haqqında məlumat” bəndində hansı məlumatın yazılması qeyd olunmadığından bu barədə müvafiq izah verməklə qətnamənin icra edilməsində köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Resublikası MPM) 230.4-cü maddəsinə əsasən hazırki ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Resublikası MPM-nin 230.4-cü maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Məhkəmə ərizəni və 2(027)-114/2024 saylı mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə izah edir ki, Quba Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2(027)- 114/2024 saylı qətnaməsi ilə X2 08 avqust 2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş X1 bioloji atası olmamasının müəyyən edilməsi; 08 avqust 2019-cu il il təvəllüdlü X3 barəsində Quba regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında qeydə alınmış xx.xx.2019-cu il tarixli, 1513 nömrəli doğum akt qeydində ata haqqında, yəni X4 haqqında məlumatları ləğv edilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”-nın uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında akt qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 230.4 və 230.5-ci maddələrini rəhbər tutaraq, qərara aldı : Ərizə təmin olunsun. Quba Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2(027)-114/2024 saylı qətnaməsinin qət etdi hissəsi “X2 08 avqust 2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş X1 bioloji atası olmadığı müəyyən edilsin. 08 avqust 2019-cu il il təvəllüdlü X3 barəsində Quba regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında qeydə alınmış xx.xx.2019-cu il tarixli, 1513 nömrəli doğum akt qeydində ata haqqında, yəni X4 haqqında məlumatları ləğv edilsin.” kimi başa düşülsün. Qətnamənin icrası zamanı qərardadın əsaslandırılma hissəsində göstərilənlər nəzərə alınsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar