Məhkəmə qərarları › İş №8(027)-27/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-27/2023

27.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-27/2023 27.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Həsənov Rahim Təşəkkül oğlu, X2 Quba rayon İcra və probasiya şöbəsinə qarşı məhkəmə icraçısının qanunsuz fəaliyyətsizliyi barədə ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : X1 rayon İcra və probasiya şöbəsinə qarşı məhkəmə icraçısının hərəkətlərindən şikayət məhkəməyə müraciət edərək, onun qanuni nikahdan Fidan, Rəvan və Fəqan adlı azyaşlı övladlarının olmasını, özünün kirayədə yaşamasını, məcburi köçkün və şəhid ailəsi olmasını, uşağının birinin əlil olmasını və onun müalicə üçün küllü miqdarda vəsaitin xərclənməsini, polis əməkdaşı olduğu üçün heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilmədiyini, heç bir başqa gəliri olmamasını, ailədə tək onun işlədiyini, Aynurə Babayevanın isə tibb bacısı kimi işləməsini başqa gəlirlərinin olmasını nəzərə alaraq, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Vahid Məmmədovun hərəkətlərini qanunsuz hesab edilərək əmək haqqından tutmaların məbləğini 70 faiz miqdarında müəyyən edilməsinə dair qəbul etdiyi qərarın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2012-ci il tarixli qərarına əsasən, Məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında İnzibati məhkəmələr tərəfindən baxılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsinə əsasən, İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Göründüyü kimi, qanunvericilik mübahisələrin məhkəmə aidiyyətini müəyyən edərkən normativ hüquqi aktlara əsasən müdafiəsi məhkəmədənkənar qaydada həyata keçirilən hüquq və azadlıqların müdafiə olunmasını məhkəmədə baxılmalı olan işlərin dairəsindən istisna edir. Hüquq və azadlıqların müdafiəsinin digər orqanlar tərəfindən həyata keçirilməsi normativ hüquqi aktlarda nəzərdə tutulmuşdursa bu halda ərizəyə məhkəmədə baxılmalı deyil. X4 şikayətində tələb kimi qoyulmuş “Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Vahid Məmmədovun hərəkətlərini qanunsuz hesab edilməsi” məsələsi Quba rayon İcra və probasiya şöbəsinin səlahiyyətinə aiddir və o, əslində Quba rayon İcra və probasiya şöbəsinin hərəkətini mübahisələndirmişdir. Buna görə ərizəçi vəzifəli şəxsin hərəkətindən və ya hərəkətsizliyindən şikayət ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1 - şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2 - inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3 - inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4 - inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5 - inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6 - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7 - inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddialara; 2.2.8 bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrinə qarşı iddialarına. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Beləliklə, ərizəçi X2 Quba rayon İcra və probasiya şöbəsinə qarşı Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Vahid Məmmədovun hərəkətlərini qanunsuz hesab edilməsi tələbinə dair şikayətinə ümumi məhkəmədə baxılmalı olmadığı üçün ərizə geri qaytarılmalı və X3 izah olunmalıdır ki, o vəzifəli şəxsin hərəkətindən şikayət ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ : X2 Quba rayon İcra və probasiya şöbəsinə qarşı Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Vahid Məmmədovun hərəkətlərini qanunsuz hesab edilməsi tələbinə dair ərizəsi ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir əsası ilə geri qaytarılsın. X3 izah olunsun ki, o vəzifəli şəxsin hərəkətindən şikayət ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar