Məhkəmə qərarları › İş №8(027)-669/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-669/2022

17.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-669/2022 17.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ İHakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi ilə Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-1802/2020 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu X3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Rauf Quliyevin təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X12 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-1802/2020 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu X3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-1802/2020 saylı icra sənədinə əsasən borclu X2 iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2022-ci il tarixində Quba rayon İcra və probasiya şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu X6 göndərilmiş, icra sənədlərində olan tələbi könüllü təmin edilməsi üçün “10” gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədlərində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ məhdudlaşdırılması zərurəti yaranmışdır. İcra məmuru, borclu və tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, təqdimata əlavə olunan sənədləri və ümumilikdə icra işini nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Quba Rayon Məhkəməsinin icra vərəqəsindən görünür ki, X2 xx.xx.2016-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq Tələbkar verilməsi qət edilmişdir. Təqdimata əlavə olunan digər sənədlərdən görünür ki, icra məmuru icra sənədinin könüllü icrası barədə borcluya xx.xx.2022-ci il tarixli bildiriş göndərilmişdir. Əlavə olaraq, məhkəmə tərəfindən də icra məmurunun təqdimatına baxılmasının yeri və vaxtı barədə borcluya bildiriş göndərilsə də heç bir münasibət bildirilməməklə yanaşı icra sənədini icra etməsinə dair hər hansı bir sübutunu da, icra məmuruna təqdim etməmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(027)-842/2022 saylı qərarından görünür ki, X1 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-1802/2020 nömrəli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirmədiyindən, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək, barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs tətbiq edilmişdir. Eyni zamanda işin materiallarında olan elektron bazadan çıxarılmış məlumatlardan görünür ki, Borclu əmlak vəziyyətini yoxlamaq üçün sorğu edilmiş, lakin onun mülkiyyətində hər hansı əmlakın olmaması müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir; 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Rauf Quliyevin təqdimatı təmin olunsun. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-1802/2020 saylı icra sənədinin təmini istiqamətində borclu, xx.xx.1990-cı il tarixdə Quba rayonu, İ Nügədi kəndində doğulmuş, Quba rayonu, İ Nügədi kəndində yaşayan X3 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar