Məhkəmə qərarları › İş №8(027)-81/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-81/2025

25.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-81/2025 25.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi tələbkar X4, borclu Maraqlı şəxs2 iştirakı ilə Maraqlı şəxs1 icra məmuru X6 icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərarından şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X9 icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 icra məmuru X7 icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında həmin qərarın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli, 2(027)- 1397/2024 saylı qətnamə ilə Maraqlı şəxs2 avtomobilin təmiri ilə bağlı avtoservisə ödənilmiş 4740 (dörd min yeddi yüz qırx) manatı, cavabdeh tərəfindən törədilmiş yol hərəkət qaydaların pozuntusuna görə ümümilikdə 400 (dörd yüz) manat ödədiyim cərimələrin pulu və 80,40 (səksən manat qırx qəpik) dövlət rüsumunu alınaraq mənə ödənilməsini qət etmişdir. Maraqlı şəxs2 Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1397/2024 saylı qətnaməsindən Apellyasiya şikayəti verməmişdir və məhkəmənin qətnaməsi qanuni qüvvəsini alaraq icra edilməsi üçün Quba rayon İcra şöbəsinə göndərilmişdir.qətnamə icra edilməsi üçün Quba Rayon İcra şöbəsinə xx.xx.2024-cü il tarixində daxil olmuş və icra edilməsi icra məmuru X1 həvalə edilmişdir. X2 öz vəzifələrinin icra etmədiyinə görə onun tərəfindən şikayətlər verilmiş və şikayətlərin nəticəsində iş üzrə icra məmuru dəyişdirilmişdir və iş X8 həvalə edilmişdir. İcra məmuru tərəfindən iş ona daxil olandan sonra borcluya icra etmək üçün 10 gün vaxt vermişdir, lakin borclu könüllü icra etməmişdir. Bundan sonra uzun müddət keçəndən sonra onun müraciətləri və tələbləri əsasında icra məmuru borclunu 500 manat cərimə etmişdir, lakin borclu buna da məhəl qoymamışdır. Borclu cərimə olunandan sonra o, dəfələrlə icra məmuruna müraciət edəndən sonra icra məmuru borcluya 15 gün inzibati həbs verilməsi ilə bağlı məhkəməyə təqdimat vermişdir. Məhkəmə təqdimatı təmin edərək 15 gün müddətinə borcluya inzibati həbs verilmişdir. Borclu inzbati həbsdən sonrada məhkəmənin qətnaməsini icra etməkdən boyun qaçırır icra məmuru isə buna göz yumur və məcburi icra edilməsi ilə bağlı hər hansı icra hərəkətlərini həyata keçirmir. Tətbiq edilən inzibati cəzaların nəticəsi olaraq borclu tərəfindən 650 manat məbləğində pul vəsaitini icra şöbəsinin depozitinə ödəmişdir. Dəfələrlə icra məmuruna müraciət edərək borclunun qərəzli şəkildə məhkəmənin qərarının icra edilməməsi ilə bağlı cinayət işin başlanılması üçün prokurorluğa təqdimatı göndərilməsini xahiş edilməsinə baxmayaraq icra məmuru onun tələblərinə məhəl qoymamışdır. Bundan əlavə olaraq icra məmuru tərəfindən qanunsuz və əsasız olaraq "icra sənədin qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli qərar qəbul edərək iş üzrə icra sənədini məhkəməyə geri qaytarmışdır. Cavabdeh orqanın “icra sənədin qaytarılması haqqında” xx.xx.2025ci il tarixli qərar absurddu və qanunsuzdur. Göstərilənləri nəzərə alaraq, ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X9 ərizəni müdafiə edərək, ərizədə qeyd olunanlara uyğun izahat verərək, bildirdi ki, ona dymiş ziyanın faizini də özü ödəyir, çətinlik çəkir. Göstərilənləri nəzərə alaraq, şikayətin təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında borclu Maraqlı şəxs2 bildirdi ki, fəhlə işləyir, günə 10-15 manat qazanır. Hazırda 150 manat ödəmək iqtidarındadır. Cari ilin yay ayıarında borcunu ödəyəcəkdir. Məhkəmə, icra sənədi üzrə tələbkarın ərizəsini və ona əlavə edilmiş sənədləri, borclunun fikrini nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-1397/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, cavabdeh Maraqlı şəxs2 avtomobilin təmiri ilə bağlı ödənilmiş 4740 manat, cərimələrə dair ödənilmiş 400 manat və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 80 manat 40 qəpik alınaraq iddiaçı X5 ödənilməsi qət edilmişdir. “İcra sənədinin məhkəməyə və digər orqana qaytarılması” barədə xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki, icra sənədi xx.xx.2024-cü il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. Başlanılmış icraat zamanı borclu tələbi qanunla müəyyən edilmiş müddətdə təmin etməmiş və onda tələb yönəldilə biləcək əmlaklar və gəlir yerləri aşkarlanmamışdır. İcra üçün verilmiş könüllü müddət bitdikdən sonra borclu Maraqlı şəxs2 şöbəyə dəvət olunmuş, ondan müvafiq izahat alındıqdan sonra barəsində inzibati protokol tərtib edilmiş və tərtib edilmiş inzibati protokola əsasən Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə olunmuşdur. Bundan sonra borclu yenidən şöbəyə dəvət olunaraq rəsmi xəbərdarlıq verilmiş və ondan müvafiq izahat alınmışdır. Həmçinin icra sənədinin icrasının səmərəli təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüqunun müvəqqəti məhdudlaşdırılması haqqında xx.xx.2024-cü il tarixli təqdimat Quba Rayon Məhkəməsinə təqdim edilmişdir. Borclu Maraqlı şəxs2 inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq borcunu ödəmədiyi üçün xx.xx.2024-cü il tarixdə yenidən şöbəyə dəvət olunaraq izahatı alınmış və barəsində təkrarən inzibati protokol tərtib olunaraq Quba Rayon Məhkəməsinə təqdim edilmişdir. Həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə həbs tətbiq edilmişdir. Bundan sonra yenidən borclunun əmlak və gəlir yerləri barədə EİS-də sorğular verilmiş, lakin borclu Maraqlı şəxs2 adına borcun ödənilməsinə yönəldilməli əmlak və gəlir yerləri aşkar edilməmişdir. Həmçinin borclunun yaşadığı ünvanda əmlak vəziyyətinə baxış keçirilmişdir. Bundan əlavə EİS-də sorğu verilərkən borclu Maraqlı şəxs2 rəsmi nikahı aşkar edilməmişdir. Borclu tərəfindən tələbkarın xeyrinə 650 manat məbləğində pul vəsaiti depozit hesaba köçürülmüş, lakin tələbkar həmin pul vəsaitini borcu tam tələb etdiyini əsas gətirərək qəbul etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən məcburi icra tədbirləri: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Məhkəmə qeyd edir ki, icra məmuru icraata başlamaq haqqında qərarı və tələbin könüllü icrasına dair bildirişi borcluya müvafiq qaydada təqdim etməli, borclu tərəfindən tələbin könüllü icrası təmin edilmədikdə, icra məmuru tərəfindən icra tədbirləri görülə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Qeyd edilən Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Məhkəmə hesab edir ki, icra sənədi üzrə borclunun əmlak və gəlirlərini yenidən müəyyən edilməsi icra sənədinin icrasına zəmin yarada biləcəyindən, Maraqlı şəxs1 icra məmuru X6 icra sənədi üzrə icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli, Quba Rayon Məhkəməsinin 2(027)-1397/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi yenidən icraya yönəldilərək, icra hərəkətləri davam etdirilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Maraqlı şəxs1 icra məmuru X6 icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. Quba Rayon Məhkəməsinin 2(027)-1397/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi yenidən icraya yönəldilsin və icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar