Məhkəmə qərarları › İş №8(028)-10/2024

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №8(028)-10/2024

30.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(028)-10/2024 30.09.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Xoşbəxt oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, Borclu iştirakı ilə, Qubadlı Rayon Məhkəməsinin e-2(028)-558/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru təqdimatla Qubadlı Rayon Məhkəməsinə müraciət edərək Qubadlı Rayon Məhkəməsinin e-2(028)-558/2023 saylı, xx.xx.2023-cü il tarixli sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Qubadlı Rayon Məhkəməsinin e-2(028)- 558/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə cavabdeh Borclu 2212 manat məbləğində pul vəsaiti və 44 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra vərəqəsi xx.xx.2023-cü il tarixlərdə icraata daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. Lakin borclu icra sənədində göstərilən tələbi üzrsüz səbəbdən icra etməmiş və məcburi icra tədbirlərinin görülməsinə zərurət yaranmışdır. Borclunun əmlak vəziyyətinin yoxlanılması üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Hesab edilir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Tələbkar "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə iştirakları olmadan baxılmasını və təqdimatın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında borclu bildirdi ki, "xxxx" MMC-yə borcludur. Pandemiyadan sonra işsiz qalıb, ödənişlərdə çətinlik çəkib. Lakin son 7-8 aydır ki, "xxxx" MMC ilə danışıqlarla razılığa gələrək hər ay ödənişlər edir. 3-cü övladı mikrosefaliya xəstəsidir. Onun müalicəsi üçün hər 4-5 aydan bir Türkiyə Respublikasına müalicəyə getməli olurlar. Artıq cari ilin noyabr ayı üçün də müalicə ilə bağlı səfər planlanılmış və bilet alınmışdır. İcra məmuru ona borca dair gecikmələrə tələbkarın etirazı olmaması barədə arayışın gətirilməsini demişdir. Lakin tələbkar tərəf ona belə bir arayışın hansı formada tərtib olunmasını icraçıdan dəqiqləşdirməsini bildirmişdir. Məhkəmədən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında icra məmuru lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə borclunu dinləyib, təqdimatı nəzərdən keçirərək hesab edir ki, təqdimat rədd edilməlidir. İş materiallarında olan e-2(028)-558/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Borclu cəmi 2211,97 manat borc və 43,89 manat ödənilmiş dövlət rüsumunun əvəzi "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Borclu tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin arayışlarından görünür ki, Borclu xx.xx.2023-cü il tarixindən Cəmiyyətə mütəmadi olaraq fərqli miqdarlarda ödənişlər etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİİ bəndinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri secə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa konvensiyasıa dair 4 saylı protokolunun 2-ci maddəsinin tələblərinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu huquqların həyata kecirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün və ya digər şəxslərin hüquq və azdlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N saylı Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2.3cü bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Həmin Təlimatın 2.3.5-ci bəndinə əsasən icra sənədi üzrə tələb borclunun əmlakına yönəldikdə borclunun ölkədən getmək hüququnun müvvəqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Təlimatın 2.8.5-ci bəndinə əsasən icra sənədi tam icra olunduqda məhdudlaşdırılma icra qurumu tərəfindən aradan qaldırılır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini nəzərə alaraq hesab edir ki, təqdimat rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 268-269-cu maddəsinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Qubadlı Rayon Məhkəməsinin e-2(028)-558/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş təqdimat rədd edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar