Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(028)-15/2024 18.12.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X6 Xoşbəxt oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, X1 Qubadlı Rayon Məhkəməsinin 2(028)-230/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Qubadlı Rayon Məhkəməsinin 2(028)- 230/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini hər ay 200 (iki yüz) manat olmaqla hissə-hissə icra edilməsi barədə qəradad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-230/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ondan xx.xx.2022-ci il tarixli, NRNPU-10310 saylı kredit müqaviləsi üzrə 13265,67 manat əsas borc, 1006,2 manat faiz borcu, 300 manat cərimə borcu, cəmi 14571,87 manat borc və 133,71 manat ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçı Tələbkar ASC-nin xeyrinə tutulması qət edilmişdir. Bildirilir ki, xx.xx.2022-ci ildə Tələbkar ASC ilə arasında NRNPU-10310 saylı kredit müqaviləsi bağlanmış, ona illik 14% olmaqla 36 ay müddətinə borc verilmişdir. O, 2010-2015-ci illərdə Polis Akademiyasında təhsil almışdır. 2015-2018-ci illərdə Qusar rayon Polis Şöbəsində əməliyyat müvəkkili, 2018-2023-cü illərdə isə Sumqayıt şəhər Polis İdarəsində tədqiqatçı vəzifəsində çalışmışdır. 2023-cü ildə başında aşkarlanan şiş səbəbindən xəstəliyi ilə bağlı ehtiyata çıxmışdır. Sağlamlığı ilə bağlı işdən çıxdığı zamandan etibarən maddi vəziyyəti pisləşmiş və kredit borcunu ödəməkdə çətinliyi yaranmışdır. Bu səbəbdən kredit borcunu ödəyə bilmir. Hər ay 200 manat ödəməyə gücü çatır. Göstərilənləri nəzərə alaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Tələbkar ASC xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərdiyi ərizədə göstərmişdir ki, sözügedən borc üzrə cavabdeh tərəfindən ən son ödəniş xx.xx.2023-cü il tarixində olmuşdur. Qətnamə elan olunduğu tarixdən bugünədək 6 aydan çox zaman keçməsinə baxmayaraq qətnamə üzrə hər hansı ödəniş edilməmişdir. Cavabdeh qətnamənin icrasından yayınır və niyyəti ödəniş etmək deyil, qətnamənin icrasını yubatmaqdır. Bu səbəbdən cavabdehin ərizəsi təmin edilməməlidir. Məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və cavabdehin ərizəsinin təmin edilməməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsi və borclu lazımi qaydada xəbərdar edilmələlərinə baxmayaraq, idarənin nümayəndəsi və borclu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə rədd olunmalıdır. Belə ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-230/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək cavabdeh X3 xx.xx.2022-ci il tarixli, NRNPU- 10310 saylı kredit müqaviləsi üzrə 13265,67 manat əsas borc, 1006,2 manat faiz borcu, 300 manat cərimə borcu, cəmi 14571,87 manat borc və 133,71 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı Tələbkar ASC-nin xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair 04 iyul 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun.Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçnin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hisə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə xüsusi ilə qeyd edir ki, Qubadlı Rayon Məhkəməsinin qətnaməsi xx.xx.2024-cü il tarixdə qət edilmişdir. Göstərilən məhkəmə aktının qəbulundan 06 (altı) ay vaxt keçmiş və ərizəçi bu müddət ərzində tələbkara hər hansı bir ödəniş etməmişdir. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 231, 263-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRAR VERDİ: X1 Qubadlı Rayon Məhkəməsinin 2(028)-230/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №8(028)-15/2024
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №8(028)-15/2024
18.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver