Məhkəmə qərarları › İş №8(028)-19/2022

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №8(028)-19/2022

17.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(028)-19/2022 17.11.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X7 Ruvinovun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, X1 iştirakı ilə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmurunun Qubadlı Rayon Məhkəməsinin 2(028)-14/2021-015 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin izah olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Tələbkar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xüsusi mülkiyyətində olan mənzilindən X2 məxsus olan (iddia ərizəsində göstərilən) əşyalarının X1 vəsaiti hesabına çıxarılması barədə məhkəmə qətnaməsi çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X4 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın rədd edilməsi, onun azyaşlı övladı X9 ilə birlikdə ünvan 1 ünvanına istifadə hüququnun tanınması və onların həmin mənzilə köçürülməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qubadlı Rayon Məhkəməsinin 2(028)-14/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia rədd edilərək Tələbkar xüsusi mülkiyyətində olan ünvan 2-dən X2 məxsus olan (iddia ərizəsində göstərilən) əşyaların X1 vəsaiti hesabına çıxarılması barədə iddiası təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək X1 azyaşlı övladı X9 ilə birlikdə ünvan 2 ünvanına istifadə hüququnun tanınması və onların həmin mənzilə köçürülməsi qət edilmişdir. Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru ərizə ilə məhkəməyə müraciət edərək, Qubadlı Rayon Məhkəməsinin 2(028)-14/2021-015 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icra olunması qaydası barəsində izahın verilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş Qubadlı Rayon Məhkəməsinin 2(028)- 14/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Tələbkar xüsusi mülkiyyətində olan ünvan 2-dən X2 məxsus olan (iddia ərizəsində göstərilən) əşyalar X1 vəsaiti hesabına çıxarılması barədə iddia təmin edilməmişdir. X1 azyaşlı övladı X9 ilə birlikdə ünvan 2 ünvanına istifadə hüququ tanınmalı və onların həmin mənzilə köçürülməlidir. İcra sənədini təmin etmək məqsədi ilə ünvan 2 ünvanında xx.xx.2022-ci il tarixdə tələbkarın iştirakı ilə akt tərtib edilmişdir.İcra zamanı qeyd olunan ünvanın X5 müqavilə əsasında məxsus olduğu aşkar olunmuşdur və mənzilin Tələbkar xüsusi mülkiyyətində olmadığı müəyyən edilmişdir.Bu səbəbdən icra məmurunun hərəkətlərindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinə X8 tərəfindən şikayət edilmişdir. İcra vərəqəsinə əsasən ünvan 2 ünvanı Tələbkar xüsusi mülkiyyətində olmadığı təqdirdə, X5 müqavilə əsasında məxsus olduğu halda tələbkar X1 azyaşlı övladı ilə birlikdə qeyd olunan ünvana köçürülüb-köçürülməməsinə dair icra sənədinə aydınlığın gətirilməsi zərurəti yaranmışdır. Məhkəmədə borclu X4 göstərdi ki, baxmayaraq ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-14/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi yuxarı məhkəmə instansiyaları tərəfindən dəyişdirilməmiş saxlanılmışdır, lakin həmin qətnamə hal-hazıra qədər icra olunmamışdır. Onu xx.xx.2020-ci il tarixdə anadan olmuş övladı X9 ilə birlikdə həmin mənzilə köçürə bilmirlər. Tələbkar və onun atası buna imkan vermir. Bakı şəhəri Nizami rayon İcra şöbəsi və Tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar ediməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdirlər. Ona görə də Azərbaycan Respublikası MPM-in 230.4-ci maddəsinə əsasən məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunu dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.4-cü maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Azərbaycan Respublikasının “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə görə icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Həmin Qanunun 14.2-ci maddəsinə görə məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və zərurət olduqda, icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 14-cü bəndinə əsasən qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə cinayət məsuliyyəti yaradır. İş materiallarından müəyyən olunur ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)- 14/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən X1 azyaşlı övladı X9 ilə birlikdə ünvan 2 ünvanına istifadə hüququ tanınmalı və onların həmin mənzilə köçürülməlidir. Məhkəmə bildirir ki, iddiaçı X8 cavabdeh X2 qarşı Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 9, 61 nömrəli mənzilə olan istifadə hüququna xitam verilməsi və cehiz əşyaların çıxarılması tələbinə dair iddiası ilə Qubadlı Rayon Məhkəməsinə müraciət etmiş və Qubadlı Rayon Məhkəməsinin 2(028)-355/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilərək X3 X2 qarşı mənzilə olan istifadə hüququna xitam verilməsi və cehiz əşyaların çıxarılması barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qubadlı Rayon Məhkəməsinin 2(028)-355/2022 saylı xx.xx.2022-ci il tarixli qətnamədə göstərilmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2044/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Qubadlı Rayon Məhkəməsinin 2(028)-14/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2044/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsində göstərilmişdir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh və qətnamə hüququ və vəzifələrinə toxunan şəxs - X8 - apellyasiya şikayətində mənzilin mülkiyyətçisinin artıq dəyişildiyini göstərmişlər.Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı, əmlakdan istifadə hüququ əmlak hüququ sayılır.Azərbaycan Respublikası MMnin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, Tələbkar Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 9 saylı evin 61saylı mənzilinə dair pay hüququ və öhdəlikləri atası X5 ötürərkən sonuncu X1 həmin mənzilə istifadə hüququnun olduğunu bilmişdir.Bundan başqa məhkəmə kollegiyasının hüquqi mövqeyinə görə xx.xx.2020-ci il tarixdə doğulmuş X6 ailədə atası və anası ilə birgə yaşamaq, onlardan qayğı görmək hüquqları vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2490/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2044/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı X3 cavabdeh X2 qarşı mənzilə olan istifadə hüququna xitam verilməsi və cehiz əşyaların çıxarılması tələbinə dair 2(028)-355/2022 saylı mülki işdən narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti vermiş və hal-hazırda mülki iş Sumqayıt Apelyasiya Məhkəməsinin icraatındadır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-14/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə görə X1 azyaşlı övladı X9 ilə birlikdə ünvan 2 ünvanına istifadə hüququ tanınmalı və onlar həmin mənzilə köçürülməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 230-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Qubadlı Rayon Məhkəməsinin 2(028)-14/2021-015 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi “X1 azyaşlı övladı X9 ilə birlikdə ünvan 2 ünvanına istifadə hüququnun tanınması və onların həmin mənzilə köçürülməsi” kimi başa düşülməlidir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar