Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(028)-2/2025 03.03.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X14 Xoşbəxt oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, Ərizəçi (Tələbkar) X2 iştirakı ilə Ərizəçi (Tələbkar) X2 məhkəmə qətnaməsinə əsasən alimentin indeksasiya edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X6 cavabdeh Borclu qarşı nikahın pozulması və aliment tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və Qubadlı Rayon Məhkəməsinin 2(028)- 421/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Ərizəçi (Tələbkar) Məmmədova (Paşayeva) Aysel Meşəbəyi qızı məhkəmə qətnaməsinə əsasən ödənilməli olan pul məbləğinin indeksasiya edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qubadlı Rayon Məhkəməsinin 2(028)- 421/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il tarixdə doğulmuş X9 və xx.xx.2016-cı il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə tərəfindən müəyyən edilmiş 220 manat sabit pul məbləğində aliment miqdarının 2025-ci il üçün Azərbaycan Respublikası ərazisində müəyyən edilmiş minimum əmək haqqına uyğun indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu elektron kabinet vasitəsi ilə məhkəməyə ərizələr ünvanlayaraq, işi ilə əlaqədar olaraq rayona ezam olunduğuna görə məhkəmədə iştirak edə bilməyəcəyini bildirmiş, işə iştirakı olmadan baxılmasını və etiraz ərizəsində göstərilənlərə əsasən tələbkarın ərizəsinə baxılmasını xahiş etmişdir. Etiraz ərizəsində göstərilir ki, o, hər ay vaxtı -vaxtında övladlarının alimentini, yəni 440 manat pulu ödəyir. Bu pulu ödəyən zaman onun valideynləri də köməklik göstərir. Ona görə ki, o, hal-hazırda "xxxx" MMC-də sürücü kimi fəaliyyət göstərir, rəsmi maaşı 400 manat təşkil edir. Sabit pul məbləğində aliment tələb edilən zaman isə o, arendaya yer götürərək yuyucu kimi fəaliyyət göstərirdi. Hazırda ona yer verən sahibkar yeri onun əlindən alaraq özü işlədir. Onun heç bir əlavə qazancı yoxdur, yalnız şirkətin verdiyi maaşa baxır. Valideynləri ödəniş üçün köməklik göstərməsə, o, 440 manatı ödəyə bilməz. Valideynlərinin hər ikisi 2-ci dərəcəli əlildirlər. Uzun vaxtdır ki, öz müalicələri ilə məşğul ola bilmirlər. Səbəb də ona müvəqqəti köməklik göstərmələridir. Hətta o, bir aydan artıqdır ki, Mediasiya Şurasına alimentin azaldılmasına görə müraciət etmişdir. Bunu tələbkar da bilir. Məhkəmədən Qubadlı Rayon Məhkəməsinin 2(028)-421/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanması xahiş edilir. Məhkəmə iclasında tələbkar ərizəsini müdafiə edərək bildirdi ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-421/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iki övladının hər birinə hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda bu məbləğ indiki reallıqda uşaqların saxlanması üçün kifayət deyildir. Təyin olunmuş məbləğ uşağın geyimi, qidalanması, təhsili və s. bu kimi işlərin aparılması üçün faktiki olaraq kifayət etmir. Bu səbəbdən qətnamə ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiya olunmasına zərurər yaranmışdır. Göstərinləri nəzərə alaraq, ərizəsinin təmin edilməsini xahiş etdi. Sumqayıt şəhər üzrə İcra İdarəsi qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələri səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 232.2-ci maddəsinə əsasən məhkəmə icra məmurunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 2(028)-421/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, Borclu və X5 arasında xx.xx.2012-ci ildə Ağsu rayonu Pirhəsənli kənd ərazi dairəsində bağlamış nikahın pozulması, xx.xx.2014-cü il tarixdə doğulmuş X9 və xx.xx.2016-cı il tarixdə doğulmuş X1 Aysel Meşəbəyi qızının yanında qalması, Borclu Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək xx.xx.2014-cü il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin, xx.xx.2016-cı il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hüquqi yardıma görə ödənilmiş 119 manatın və mediasiya üçün ödənilmiş 50 manatın tutulub X4 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli qərarına əsasən və Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsində qeyd olunur ki, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2023-cü il yanvarın 1dən 345 manat müəyyən edilmişdir. Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsindən əldə edilmiş məlumatlara əsasən ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 2023-cü il yanvar ayının 1-dən 2025-ci ilin yanvar ayının 1-dək 345 manat müəyyən edilmişdir. Qubadlı Rayon Məhkəməsinin 2(028)-421/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə hər ay hər bir uşaq üçün 220 manat sabit pul məbləğində aliment təyin olunduğundan, cavabdehdən hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,637 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. (220 manat/345 manat=0,637). Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1dən 400 manat müəyyən edilib. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci maddəsinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin Qərarın 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, borcludan 2023-cü ildə təyin edilmiş və həmin vaxtdan tutulan aliment məbləği 2025-ci ildə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilməklə indeksasiya edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 232, 263-264 və 266- 269-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizə təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin 2(028)-421/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh Borclu xx.xx.2014-cü il tarixdə doğulmuş X9 və xx.xx.2016cı il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş hər ay hər bir uşaq üçün 220 manat sabit pul məbləğində aliment məbləği ölkə üzrə minimum əmək haqqının 0,637 misli həddində indeksasiya edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Qubadlı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №8(028)-2/2025
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №8(028)-2/2025
03.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver