Məhkəmə qərarları › İş №8(028)-22/2025

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №8(028)-22/2025

21.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(028)-22/2025 21.05.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X19 Mübariz oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Ərizəçi (Tələbkar) X5 iştirakı ilə Ərizəçi (Tələbkar) X5 məhkəmə qətnaməsinə əsasən aliment məbləğinin indeksasiya üzrə artırılmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X1 ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(028)-125/2021 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2007-ci il tarixdə doğulmuş X8, xx.xx.2010- cü il tarixdə doğulmuş X9 və xx.xx.2016-cı il tarixdə doğulmuş X6 yetkinlik yaşma çatana qədər saxlanılması üçün məhkəmə tərəfindən müəyyən edilmiş 175 manat olmaqla 525 manat sabit pul məbləğində aliment miqdarının 2025-ci il üçün Azərbaycan Respublikası ərazisində müəyyən olunmuş minimum əmək haqqının 0,7 misli miqdarında (400x0,7=280 manat) indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəməyə dəqiqləşmə ərizəsi təqdim edərək, indeksləşməli olan qətnamənin Qubadlı Rayon Məhkəməsinin qətnaməsi olmasını nəzərə almağı xahiş etmişdir. Məhkəmə iclasında tələbkar ərizəsini müdafiə edərək bildirdi ki, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(028)-125/2021 saylı qətnaməsi ilə xx.xx.2007-ci il tarixdə doğulmuş X8, xx.xx.2010-cü il tarixdə doğulmuş X9 və xx.xx.2016-cı il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat olmaqla 525 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Hal-hazırda uşaqların məktəb xərcləri yetərincə artmış və cavabdehin ödədiyi aliment pulu ilə uşaqların sağlamlıq, təhsil, məişət, qida və sair qayğılarının ödənilməsinə yetmir. Ona görə də qətnamə ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiya olunması zərurəti yaranmışdır. Uşaqların bütün qayğısını, ehtiyacını tamamilə özü çəkir. Böyüdükcə uşaqlarda ataya qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Göstərinləri nəzərə alaraq, məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etdi. Sumqayıt şəhəri üzrə İcra İdarəsi və borclu qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri səbəbləri haqqında məlumat verməmişdirlər. Ona görə də Azərbaycan Respublikası MPM-in 232.2-ci maddəsinə əsasən məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 2(028)-125/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, Borclu və X10 arasında xx.xx.2006-cı ildə Qubadlı rayon VVADQ şöbəsində bağlanılmış nikahın pozulması, nikahın pozulması ilə əlaqədar Borclu 15 (on beş) manat dövlət rüsumunun tutulması, X4 bu rüsumundan azad edilməsi, xx.xx.2007-ci il tarixdə doğulmuş X8, xx.xx.2010-cü il tarixdə doğulmuş X9 və xx.xx.2016-ci il tarixdə doğulmuş X6 X4 yanında qalmaları, Borclu hər ay 175 manat sabit pul məbləğində alimentin xx.xx.2021-ci il tarixdən başlayaraq tutulub xx.xx.2007-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hər ay 175 manat sabit pul məbləğində aliment xx.xx.2021-ci il tarixdən başlayaraq tutulub xx.xx.2010-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün və hər ay 175 manat sabit pul məbləğində aliment xx.xx.2021-ci il tarixdən başlayaraq tutulub xx.xx.2010-cü il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X7 verilməsi, alimentə dair hissədə qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli qərarına əsasən və Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsində qeyd olunur ki, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2019-cu il sentyabrın 1-dən 250 manat müəyyən edilmişdir. Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsindən əldə edilmiş məlumatlara əsasən ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 2019-cu il sentyabrın 1-dən 2022-ci ilin yanvar ayının 1-dək 250 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1dən 400 manat müəyyən edilib. Qubadlı Rayon Məhkəməsinin 2(028)-125/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə hər ay hər bir uşaq üçün 175 manat sabit pul məbləğində aliment təyin olunduğundan, indeksləşmə qaydasına əsasən cavabdehdən hər ay üçün 2025-ci ildə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,7 misli həddində sabit pul məbləğində aliment hesablanılır. (175 manat/250 manat=0,7, 400 manat x 0,7=280 manat) “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci maddəsinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin Qərarın 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. (“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına xx.xx.2024-cü il tarixdə “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 saylı Qərarı ilə dəyişikliklər edilmişdir.) Məhkəmə hesab edir ki, borcludan 2021-ci ildə təyin edilmiş və həmin vaxtdan tutulan aliment məbləğinin hər ay hər bir uşaq üçün 2025-ci ildə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,5 misli həddində indeksasiya edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 232, 263-264 və 266- 269-cu maddələrini rəhbər tutaraq qərara aldı: Ərizə qismən təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin 2(028)-125/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Borclu xx.xx.2007-ci il tarixdə doğulmuş X8, xx.xx.2010-cu il tarixdə doğulmuş X9 və xx.xx.2016-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün təyin edilmiş hər ay hər bir uşaq üçün 175 manat sabit pul məbləğində aliment məbləği ölkə üzrə minimum əmək haqqının 0,5 misli həddində indeksasiya edilsin. Ərizə qalan hissədə rədd edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Qubadlı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar