Məhkəmə qərarları › İş №8(028)-24/2025

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №8(028)-24/2025

04.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(028)-24/2025 04.06.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X10 Mübariz oğlunun sədrliyi, Quliyev Reyhan Cəmil qızının katibliyi, Ərizəçi (Tələbkar) X3, Borclu nümayəndəsi X5 iştirakı ilə Ərizəçi (Tələbkar) X3 məhkəmə qətnaməsinə əsasən aliment məbləğinin indeksasiya edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X6 ərizə ilə məhkəməyə müraciət edərək, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(028)-226/2018 saylı qətnaməsi ilə Borclu xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çalana kimi saxlanılması üçün qət edilmiş aliment məbləğinin indeksasiyasını aparmaqla borcludan tutulmalı olan alimentin hər ay hər uşaq üçün minimum əmək haqqı məbləğinin 1 misli məbləğində (400 manat) müəyyən olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu xx.xx.2025-ci il tarixdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, iddianın əsassız olduğu üçün iddianın təmin edilməməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı borclu tərəf ilə rəsmi şəkildə ayrılsa da, o, hələ də onun ana və atası ilə birlikdə yaşamağa davam edir, övladlarını valideynlərinin dəstəyi ilə saxlayır. Borclu işləmək üçün Ukraynaya getmişdir. Xaricdə işləyərək iddiaçı və övladlarının xərclərinə dəstək olub və alimenti ödəyib. Lakin hazırda olduğu şəhərdə müharibə şəraiti olduğu üçün işsizdir və öz vətəninə geri dönməyi mümkünsüzdür. Ailəsi məcburi köçkün olaraq Qubadlı rayonundan öz evindən didərgin düşərək illərdir ki, dövlət baxçasının ərazisində məskunlaşmış və şəraiti olmayan bir yerdə yaşamaqdadır. Bu cür vəziyyətdə belə ailəsi iddiaçı və övladlarını saxlayır və bütün lazım olan təlabatlarını ödəyirlər. Valideynləri daim onların ehtiyaclarını ödəyir, iddiaçıya heç bir çətinlik çəkməsinə imkan yaratmırlar. Evin qida, kommunal, geyim və digər xərcləri valideynləri tərəfindən daimi olaraq qarşılanmaqdadır. İddiaçı evdar xanımdır və işləmir. Məhkəmə qərarı ilə kəsilmiş aliment məbləği iddiaçıya tam şəkildə ödənməkdədir. Halbuki iddiaçı ona ödənilən aliment məbləğini müvafiq olaraq övladları üçün və onların əsas ehtiyacları üçün ödəmir. Əgər iddiaçı evdə hər hansısa xərclərdə iştirak etmirsə, iddiaçı ilə övladları üçün əsas olan ehtiyacları valideynləri qarşılayırsa, nəyə görə iddiaçı alimentin indeksasiya edilməsini istəyir? Araşdırıldığı zaman iddiaçının Qazax rayonu, Daşsalahlı kəndində özünə məxsus olan üç otaqlı evinin olması faktı da müəyyən edilmiş olacaqdır. Lakin iddiaçı öz evində deyil, məhz onun valideynlərinin yanında yaşayır. İddiaçıya ödənilən aliment övladlarının haqqı olsa da, həmin pul öz təyinatına uyğun olaraq xərclənməməkdədir. Borclu uzun illərdir ölkədən kənarda yaşayır və aliment ödənişini hazırda atası öz pensiyası ilə ödəyir. İşsiz olduğu üçün və ölkəyə geri qayıda bilmədiyi üçün çox əziyyət çəkir. Hazırda öz minumum xərclərini ödəməkdə belə maddi və mənəvi olaraq çətinlikləri vardır. İddiaçı tərəfə mövcud durumu bildirsə də, qarşı tərəf sadəcə onları incitmək üçün bu cür iddia qaldırmışdır. Çünki onun hazırda alimentin qaldırılmasına ciddi ehtiyacı yoxdur və övladlarının xərclərini ödəmək üçün borclu və borclunun valideynləri tərəfindən kifayət qədər dəstək göstərilməkdədir. Daha çox əlavə xərclərə cəlb edilsə, bu onun və ailəsinin mövcud vəziyyətini daha da ağırlaşdırmış olacaqdır. Onun gəlirləri dəyişilməyib ki, ərizəçinin aliment artırılma iddiası təmin edilsin. Ərizəçi məhkəməyə dəqiqləşmə ərizəsi ilə müraciət edərək, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin ölkə üzrə minimum əmək haqqının hər uşaq üçün 0,6 misli miqdarında indeksasiya edilməsini xahiş etmişdir. Məhkəm iclasında ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, ərizəçi Qubadlı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(028)-226/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Borclu xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 154 manat, cəmi 308 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qətnamədən sonra Respublika üzrə 1 uşağın saxlanılması minimumunda artımlar olmuş, məhkəmə qətnaməsi ilə qət edilmiş aliment uşaqların maddi tələbatlarını qətiyyən ödəmir. O, uşaqların maddi təminatında əziyyət çəkir. Göstərinləri nəzərə alaraq ərizəsinin təmin edilməsi xahiş edilir. Məhkəmə iclasında borclunun nümayəndəsi ərizəni qəbul etməyərək bildirdi ki, borclu onun oğlu, ərizəçi gəlinidir. Tərəflər boşanmasına baxmayaraq, gəlini nəvələri ilə birlikdə onlarla bir evdə yaşayır. Oğlu Ukraynadadır. O, həmişə alimenti ödəyib. Hazırda oğlu işsizdir. Lakin buna baxmayaraq əri – uşaqların babası pensiyasından tam olaraq alimenti, kommunal xərcləri isə ərizəçinin nümayəndəsi özü ödəyir. Aliment məbləğinin artırılmasına razı deyil. Sumqayıt şəhəri üzrə İcra İdarəsi qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 232.2-ci maddəsinə əsasən məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və borclunun nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 2(028)-226/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək Borclu ilə X6 arasında bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 X3 himayəsinə verilməsi, xx.xx.2011ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay Borclu iki uşağa görə 308 manat sabit pul məbləğində alimentin tutulub X4 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli qərarına əsasən və Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsində qeyd olunur ki, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edilmişdir. Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsindən əldə edilmiş məlumatlara əsasən ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 2018-ci il yanvarın 1-dən 2019-cu ilin martr ayının 1-dək 130 manat müəyyən edilmişdir. Qubadlı Rayon Məhkəməsinin 2(028)-226/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə hər ay hər bir uşaq üçün 154 manat sabit pul məbləğində aliment təyin olunduğundan, indeksləşmə qaydasına əsasən cavabdehdən hər ay üçün 2025-ci ildə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində sabit pul məbləğində aliment hesablanılır. (154 manat/130 manat=1,18; 400 manat x 1,18=472 manat) Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1dən 400 manat müəyyən edilib. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci maddəsinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin Qərarın 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. (“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına xx.xx.2024-cü il tarixdə “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 saylı Qərarı ilə dəyişikliklər edilmişdir.) Məhkəmə hesab edir ki, borcludan 2018-ci ildə təyin edilmiş və həmin vaxtdan tutulan aliment məbləğinin hər ay hər bir uşaq üçün 2025-ci ildə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,6 misli həddində indeksasiya edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 232, 263-264 və 266- 269-cu maddələrini rəhbər tutaraq qərara aldı: Ərizə təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin 2(028)-226/2018 saylı, xx.xx.2018-cü il tarixli qətnaməsi ilə Borclu xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş hər ay hər bir uşaq üçün 154 manat sabit pul məbləğində aliment məbləği ölkə üzrə minimum əmək haqqının 0,6 misli həddində indeksasiya edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Qubadlı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar