Məhkəmə qərarları › İş №8(028)-9/2023

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №8(028)-9/2023

25.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(028)-9/2023 25.10.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Yefimoviçin sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Sənan Qasımlının Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatını nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: Qubadlı Rayon Məhkəməsinin 2(028)-14/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu Tələbkar ASC-nin xeyrinə 10631,35 manat borc və 121,89 manat dövlət rüsumu tutulmalıdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Sənan Qasımlı zəruri icra hərəkətlərinin təmin edilməsi məqsədi ilə məhkəməyə təqdimatla müraciət edərək, Qubadlı Rayon Məhkəməsinin 2(028)14/20231 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş, həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilərək icra hərəkətlərinə başlanılmış və borcluya bu haqda xəbər verilmişdir.Lakin borclu icra sənədində göstərilən tələbi üzürsüz səbəbdən icra etməmiş və məcburi icra tədbirlərinin görülməsinə zərurət yaranmışdır. Borclunun ölkədən getməsi ehtimal olunduğundan onun ölkədən getmə hüquqları məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının “İcra haqqında” qanunun 84-1.1-ci maddəsini rəhbər tutaraq Borclu ölkədən getmək hüququnun müvəqqəti mədudlaşdırılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Təqdimata baxılması üçün məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə borcluya, tələbkara və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, təqdimat əsassızdır və təmin edilməməlidir. Belə ki, 2(028)-14/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Sənan Qasımlının təqdimatı kifayət qədər əsaslandırılmamış, icra vərəqəsi üzrə borclu xx.xx.2023-cü il tarixdə bildirişlə tanış edilmiş, onun izahatı alınmamış, əmlak vəziyyəti tam araşdırılmamış, başqa sözlə icra məmuru üçün məcburi xarakter daşıyan “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın normalarının tələblərinə icra məmuru tərəfindən riayət olunmamışdır.Eyni zamanda təqdimata əlavə edilmiş e56130/2023-47-43 saylı icra işindən görünür ki, Borclu “X1” MMC-də taxta qəlib hazırlayan vəzifəsində çalışır və aylıq əmək haqqısı vardır. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətinə icraata başlamaq haqqında qərar qəbul edir.Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 27.1-ci maddəsinə əsasən icra sənədləri üzrə icraat zamanı borclunun yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən borclunun axtarılması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. «Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında» Təlimatın 2.2-ci bəndinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könülü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir, icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi səbəbini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olubolmamasını yoxlayır. Həmin Təlimatın 2.4-cü bəndinə görə təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin içrası ilə əlaqədar həyata kecirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. İş materiallarından müəyyən olunur ki, «Borclunun ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə» təqdimata icra sənədlərinin könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsini təsdiq edən heç bir mötəbər, inandırıcı və təkzibolunmaz sübutlar əlavə edilməmişdir. X3 (X4) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 may 2017-ci il tarixli qərarında qeyd olunur ki, «İcra haqqında» Qanunun 84-1.1-ci maddəsində nəzərdə tutulan məhdudlaşdırıcı tədbirin qanunvericilik qaydasında nizanlanması hüquqi müəyyənlik, habelə mütənasiblik konstitusiya prinsiplərinə uyğun olmalıdır. Konstitusiya Məhkəməsi Plenumu bir daha qeyd etmişdir ki, qanunverici tərəfindən Konstitusiyada təsbit olunmuş hər hansı hüququn həyata kecirilməsinin tənzimlənməsi zamanı hüquqi müəyyənlik prinsipinin nəzərə alınmaması həmin hüququn pozulması ilə nətiçələnə bilər. Bu baxımdan borclunun ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qaydaların qeyri müəyyənliyi hər kəsin Azərbaycan Respublikasının ərazisindən kənara getmək konstitusiya hüququnu poza bilər. Məhkəmə hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Sənan Qasımlının təqdimatı təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267, 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqdimat rədd edilsin. Qubadlı Rayon Məhkəməsinin 2(028)-14/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar