Məhkəmə qərarları › İş №8(028)-9/2025

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №8(028)-9/2025

05.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(028)-9/2025 05.05.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Mübariz oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi ilə Qubadlı Rayon Məhkəməsinin 2(28)-166/2013 saylı icra sənədi üzrə icra məmurunun qərarının ləğv olunması və icra sənədinin icraya yönəldilməsi barədə Tələbkar ASC-nin əzirəsini nəzərdən keçirib, məhkəmə m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Ceyhun Həmidov tərəfindən Qubadlı Rayon Məhkəməsinin 2(28)-166/2013 saylı xx.xx.2013-cü il tarixli icra sənədi geri qaytarılmışdır. Ərizəçi Tələbkar ASC məhkəməyə ərizə ilə müraciət edərək, icra sənədinin geri qaytarılması haqqında icra məmurunun qərarının ləğv edib, borclunun əmlak vəziyyətinin yoxlanılmasını, o cümlədən Ailə Məcəlləsinin 32.2-ci maddəsində sadalanan, ər-arvadın ümumi mülkiyyətinə daxil olan aktivlərin siyahısının müəyyən olunmasından ötrü tələbkarı olduqları 2(28)-166/2013 saylı icra sənədinin yenidən icraya yönəldilməsi, əks halda isə şikayət vermək hüququnu özündə ehtiva edən qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tələbkarı olduqları 2(28)-166/2013 saylı icra sənədinin yenidən icraya yönəldilməsi xahişi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmənin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, tələbkarı olduqları həmin icra sənədi icra olunmayan icra sənədi kimi məhkəməyə geri qaytarılmışdır və icra sənədinin geri qaytarılması haqqında qərardan şikayət verilməlidir. Bildirilir ki, Bərdə Rayon Məhkəməsi eyni əsasla tələbkarı olduqları icra sənədinin yenidən icraya yönəldilməsindən imtina etmiş və bu barədə qərardad qəbul etmişdir. Həmin qərardaddan apelyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Bərdə Rayon Məhkəməsinin qərardadı ləğv olunmuşdur. İzah olunmuşdur ki, icra sənədinin yenidən icraya yönəldilməsindən ötrü həmin icra sənədinin qaytarılması haqqında qərardan şikayət verilməsinə dair imperativ tələb yoxdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında tərəflər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizə və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, iş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 2(28)-166/2013 saylı xx.xx.2013-cü il tarixli məhkəmə əmrinin surətindən görünür ki, Borclu 950 manat əsas, 510,17 manat faiz, 20 manat dövlət rüsumu, cəmi 1480,17 manat Tələbkar ASC-nin xeyrinə tutulmalıdır. Qubadlı Rayon Məhkəməsinin 2(28)-166/2013 saylı mülki işinin materiallarında olan Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Ceyhun Həmidovun xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Qubadlı Rayon Məhkəməsinin 2(28)-166/2013 saylı xx.xx.2013-cü il tarixli icra sənədi “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.3-cü maddəsinə əsasən icrası mümkün olmadığından icra edilmədən geri qaytarılmışdır. Həmin qərarda icra sənədinin icrası Borclu məxsus tələbin yönəldilə biləcəyi heç bir əmlak və gəlir olmadığından mümkünsüz hesab edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, icra məmuru tərəfindən qanunvericilik normalarına uyğun olaraq borclu barəsində bütün icra tədbirləri görülmüşdür. Bundan başqa məhkəmə iclasında Elektron Məhkəmə sistemindən borclu barədə əldə edilmiş çıxarışdan xx.xx.1960-cı il təvəllüdlü Borclu xx.xx.2025-ci il tarixdə öldüyü müəyyən edilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiy icra sənədi tələbkarın ərizəsi əsasında; borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsi yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əlde etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallardc axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. Həmin Qanunun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 20.1.3-cü maddəsinə əsasən tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə, icra sənədi üzrə icraata xitam verilir. Məhkəmə iş materiallarına əsasən mövcud qanunvericilik normalarını rəhbər tutaraq, borclunun icra sənədinin məhkəməyə geri qaytarılmasından sonra ölməsini nəzərə alaraq hesab edir ki, Tələbkar ASC-nin hazırki ərizəsi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Tələbkar ASC-nin 2(28)-166/2013 saylı icra sənədi üzrə icra məmurunun qərarının ləğv olunması və icra sənədinin icraya yönəldilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Qubadlı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar