Məhkəmə qərarları › İş №8(032)-1/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-1/2024

18.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-1/2024 18.01.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Təqdimat verən Şirvan şəhəri üzrə İcra və probasiya Şöbəsinin böyük icra məmuru X3 , Tələbkar, Borclu iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin 2(032)-1916/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinin icrası məqsədi ilə Borclu Şirvan şəhəri üzrə İcra və probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi barədə Şirvan şəhəri üzrə İcra və probasiya Şöbəsinin icra məmuru Cavid Abbasovun təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şirvan şəhəri üzrə İcra və probasiya Şöbəsinin icra məmuru Cavid Abbasov təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-1916/2017 saylı, 19 sentyabr 2017-ci il tarixli icra sənədinə əsasən Borclu ilə yaşayan uşağı xx.xx.2010-cu il təvəllüdlü X1 atası Tələbkar ilə hər həftənin şənbə günü saat 12:00-dan 18:00-dək ünsiyyətdə olması müəyyən edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar Borclu yaşadığı və qeydiyyatda olduğu ünvan 1 ünvanına dəfələrlə xəbərdarlıq və çağırış məktubları göndərilməsinə baxmayaraq, o, Şirvan Şəhəri üzrə İcra və Probasiya Şöbəsinə gəlməmişdir. Beləliklə də Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş bu baxımdan Şirvan Şəhər Məhkəməsinin 2(032)- 1916/2017 saylı, 19 sentyabr 2017-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədilə Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması məqsədə müvafiqdir. Məhkəmə iclasında təqdimat verən Şirvan şəhəri üzrə İcra və probasiya Şöbəsinin icra məmuru Cavid Abbasov təqdimatın məzmununa uyğun çıxış edərək, müvafiq təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Borclu təqdimatı qəbul etməyərək, onun rədd edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Belə ki, o, icra məmurunun çagırışlarından yayınmadığını, lakin övladı xx.xx.2010-cu il təvəllüdlü X2 atası ilə görüşmək istəmədiyini, onun yaşını və müstəqil fikirli bir övlad olduğunu nəzərə alaraq məcburi qaydada atası ilə görüşdürə bilmədiyini bildirdi. Məhkəmə iclasında Tələbkar izahat verərək bildirdi ki, sonuncu dəfə yenidən ailə qurduqdan sonra qızı ilə görüşmüş, ondan sonra nə qızı, nə də keçmiş həyat yoldaşı ilə əlaqə saxlaya bilməmişdir. Halbuki o, hələ nişanlı olduğu vaxt X2 onun nişanlı olduğunu bildiyi halda onunla görüşmüşdür. Lakin hazırda qızı onunla görüşmək istəmirsə o, da qızı ilə ünsiyyət saxlamayacaqdır. Məhkəmə iclasında xx.xx.2010-cu il təvəllüdlü X2 bildirdi ki, heç bir halda atası ilə görüşmək istəmir, belə ki, atası ilə görüşəndə o, anası haqqında təhqiramiz ifadələr işlətmişdir. Bundan başqa atası ilə 5 yaşından bu vaxta qədər görüşməmiş, ad günündə belə atası onu təbrik etməmiş və görmədiyi insana qarşı sevgi hissi yoxdur. Məhkəmə, icra məmurunun çıxışını, borclu və tələbkarın təqdimatla bağlı fikirlərini dinləyib, təqdimatı, təqdimata əlavə olunan sənədləri və ümumilikdə icra işini nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Göründüyü kimi, bu normanın tətbiqi üçün əsas yalnız borclunun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayındığı hallarda yaranır. Lakin hazırki iş üzrə Borclu Şirvan şəhər Məhkəməsinin 2(032)-1916/2017 saylı, 19 sentyabr 2017-ci il tarixli icra sənədini icra edə bilməmə səbəbi övladı xx.xx.2010-cu il təvəllüdlü X1 atası Tələbkar ilə görüşmək istəməməsidir. Belə ki, bu məhkəmə iclas zalında həm Borclu, həm də X1 izahatları ilə də müəyyən olunmuşdur. İş materiallarından görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-1916/2017 saylı,19 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh Borclu qarşı iddiası qismən təmin edilmiş və cavabdeh Borclu ilə yaşayan uşağı xx.xx.2010-cu il təvəllüdlü X1 atası Tələbkar ilə hər həftənin şənbə günü saat 12:00-dan 18:00-dək ünsiyyətdə olması müəyyən edilmişdir. Sözügedən qətnamə ilə uşağın ata ilə ünsiyyət hüququ təmin olunsa da, həmin dövrdə X1 7 yaşı tamam olmamış və bu səbəbdən işə baxılması zamanı uşağın fikrinin nəzərə alınmasına ehtiyac olmamışdır. Lakin məhkəmə hesab edir ki, hazırda X1 13 yaşı olduğundan işə baxılması zaman onun fikri nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli 6/2011 nömrəli Qərarının 1-ci bəndinə əsasən ailə qanunvericiliyinə və uşaq hüquqları ilə bağlı beynəlxalq hüquq normalarına uyğun olaraq, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyətdə olmaq, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqla birlikdə yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) nümayəndəsinin iştirakı ilə onların yazılı rəyi və 10 yaşına çatmış uşağın fikri nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 3-cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Məhkəmə iş materiallarını araşdırıb borclunun məhkəmə iclasında iştirak etməsini və icra sənədinə öz münasibətini bildirməsini nəzərə alaraq və uşağın mənafeyini üstün tutaraq hesab edir ki, Borclu Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə polis orqanı vasitəsi ilə məcburi qaydada gətirilməsinə zərurət yoxdur, bu səbəbdən verilmiş təqdimat təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şirvan şəhər Məhkəməsinin 2(032)-1916/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinin icrası məqsədi ilə Borclu Şirvan şəhəri üzrə İcra və probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi barədə Şirvan şəhəri üzrə İcra və probasiya Şöbəsinin icra məmuru Cavid Abbasovun təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar