Məhkəmə qərarları › İş №8(032)-104/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-104/2024

05.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-104/2024 05.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, Tələbkar X6 nümayəndəsi X9, X1 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(106)-1621/2023 saylı icra vərəqəsinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan Apellyasiya Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(106)-1621/2023 saylı icra sənədinin hissə-hissə icra olunaraq hər ay tələbkara cəmi 50-100 manat məbləğində ödəniş etməyi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X3 ərizəsini onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-1621/2023 saylı qətnaməsi ilə iş üzrə iddiaçı Rzayeva (Umudlu) Ceyran İlham qızının cavabdeh olaraq ona qarşı “ cehiz və qızıl zinət əmlakı tələbinə” dair olan iddiası qismən təmin edilmiş, ondan 21 qram çəkidə, 585 əyarlı, 3570 manat dəyərində sep,klon,qolbaq,sırğa və üzük dəsti , 6 qram çəkidə 1020 manat dəyərində brilyant nişan üzüyü, 5,5 qram çəkidə, 585 əyarlı, 385 manat dəyərində şəbəkə üzüyün 2 qram çəkidə, 585 əyarlı, 140 manat dəyərində alyans üzüyün, 2 qram çəkidə 585 əyarlı,140 manat dəyərində sırğa və 788 manat dəyərində üzük olan qızılzinət əşyaları və ya onların dəyəri cəmi 6043 (altı min qırx üç) manat alınaraq iddiaçı Rzayeva (Umudlu) Ceyran İlham qızına verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bundan əvvəl isə Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-84/2023 nömrəli qətnaməsinə əsasən də ondan hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 150 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Rzayeva (Umudlu) Ceyran İlham qızına verilməsi qət edilmişdir. Bununla bağlı olaraq qeyd etmək istəyir ki, onun bu günkü maddi vəziyyəti olduqca aşağı səviyyədədir, heç bir rəsmi iş yeri, gəliri yoxdur. Bir uşağın saxlanılması üçün müəyyən edilmiş 150 manat sabit pul məbləğində alimenti də valideynlərinin köməkliyi ilə güclə ödəyir, alimentdən də hələ borcu var. Hər iki qətnamə üzrə ödənişləri ödəyə bilməməyinin səbəbindən barəsində Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(032)-924/2024 saylı qərarı ilə də 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Hazırkı vəziyyətdə onun Şirvan Apellyasiya məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(106)-1621/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş kreditor Rzayeva (Umudlu) Ceyran İlham qızına ödəməli olduğu əmlakların dəyərini birdəfəlik ödəmək iqtidarında deyil, lakin həmin məbləği ödəməkdən imtina etmir. Həmin məbləği yalnız hissə-hissə ödəməyə imkanı çatır. Məhkəmə iclasında iştirak edən X3 ərizəsinə uyğun izahat vermiş, həmçinin bildirmişdir ki, o, borc məbləğini ödəməkdən qərəzli surətdə yayınmır. Lakin hazırda onun maddi vəziyyəti olduqca aşağı səviyyədədir, heç bir rəsmi iş yeri və gəliri yoxdur. Bir uşağın saxlanılması üçün müəyyən edilmiş 150 manat sabit pul məbləğində alimenti də valideynlərinin köməkliyi ilə çətinliklə ödəyir, alimentlə bağlı hələ ödənilməmiş borcu var. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş tələbkar məhkəməyə gəlməmiş, ərizə göndərərək işə onun iştirakı olamdan baxılmasını, ərizənin təmin edilməməsini xahiş etmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən ərizəyə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında tələbkar X6 nümayəndəsi X12 izahat verərək bildirmişdir ki, hazırda tələbkar pulun tam şəkildə qaytarılmasını tələb edir. Borcun hissə-hissə icrası borcun uzun müddət ödənilməməsinə səbəb olacaqdır. Ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş icra məmuru məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə tərəflərin izahatlarını, ərizəni və ona əlavə olunan sənədləri, araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Şirvan Apellyasiya Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(106)-1621/2023 saylı icra vərəqəsindən görünür ki, cavabdeh X7 vəkili və nümayəndəsi Mirzəy Soltanağa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan şəhər Məhkəməsinin 2(032)-598/2023 saylı, 24 iyul 2023-cü il tarixli ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul olunması, iddiaçı Rzayeva (Umudlu) Ceyran İlham qızının cavabdeh Rzayev Rüfət oğluna qarşı qızıl-zinət əmlakı tələbinə dair iddiası qismən təmin edilməsi, cavabdeh X4 21 qram çəkidə, 585 əyarlı, 3 dəyərində sep, klon, qolbağ, sırğa və üzük dəsti 6 qram çəkidə, 1020 manat brilyant nişan üzüyün 5,5 qram çəkidə, 585 əyarlı, 385 manat dəyərində şəbəkə qram çəkidə, 585 əyarlı, 140 manat dəyərində alyans üzüyün 2 qram çəkidə, 140 manat dəyərində sırğa və 788 manat dəyərində üzük olan qızıl-zinət əşyanın, onların dəyərinin cəmi 6043 (altı min qırx üç manat) manat cavabdeh X4 alınaraq iddiaçı Rzayeva (Umudlu) Ceyran İlham qızına verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Şirvan şəhər üzrə İcra şöbəsinin icra məmuru Cavid Məmmədli tərəfindən iş üzrə icraata başlanılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borcluya Şirvan Apellyasiya Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(106)- 1621/2023 saylı icra sənədinin könüllü icrası barədə məlumat verilmiş, əks halda icranın məcburi qaydada təmin olunacağı qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, X2 Apellyasiya Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(106)-1621/2023 saylı icra sənədi üzrə tələbin icra edilməsi ilə bağlı Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xəbərdar edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(032)-924/2024 saylı qərarın surətindən görünür ki, X10 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Tələbkar X6 ərizəsindən görünür ki, Şirvan şəhər Apelliyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(106)-1621/2023 saylı qətnaməsinə, əsasən, X5 6043 manat dəyərində qızıl zinyət əşyası və ya dəyəri alınaraq ona verilməlidir. Hal-hazırda X11 həmin qətnaməni icra etmir və qeyd edilən məbləğin hissə-hissə icrası ilə əlaqədar ərizə ilə məhkəməyə müraciət etmişdir. O, həmin ərizənin təmin olunmamasını xahiş edir və həmin məbləğin bütöv şəkildə ona verilməsini borclu X5 tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarların mənafeləri eyni cür qorunmalıdır. Şirvan Apellyasiya Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(106)-1621/2023 saylı icra vərəqəsi ilə X3 tərəfindən ödənilməli olan 6043 manat məbləğində pulun hər ay 50-100 manat olmaqla hissə-hissə icra etməsi tələbkarın maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb ola bilər. Məhkəmə borclunun işsiz olması barədə dəlillərini, borclu tərəfindən ödənilməli olan məbləğ kifayət qədər yüksək olduğundan və qətnamənin ərizədə göstərilən qaydada hissə-hissə icra edilməsi qətnamənin uzun müddətdə icra edilməsi ilə nəticələnərək tələbkarın hüquqlarını əhəmiyyətli dərəcədə pozulmasına səbəb olacağından, təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə alınmalı olmasını nəzərə alaraq qətnamənin hissə-hissə icrası barədə ərizənin təmin edilməsi üçün əsaslı saymır. MPM-in 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və MPM-in 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şirvan Apellyasiya Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(106)-1621/2023 saylı icra sənədinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsi təmin edilməsin. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar